Ramiz Mehdiyevə qarşı… nimdaş və çürük metod

0
9

Ramiz Mehdiyevə qarşı… nimdaş və çürük metod

Görün, hansı illərdən hansı illərə gəlib çıxmışıq, akademik Ramiz Mehdiyev haqqında səslənən mənfi fikirlər 20 ildir, eyni üslubda, eyni məzmunda, eyni tonda davam edir.
Vəzifəsini itirdikdən sonra susqun dili açılan insanların radikal danışmasına nə var ki. Ya da hakimiyyətlə bağlılığı olub, orada özünə mövqe tutan insanların çamur atmaq cəsarətinə.
Amma hər ikisində ittiham deyən dillər, sözsüz, himayə olunur, tapşırıq alır, müxtəlif mənalar üçün ictimai rəyin nəbzi yoxlanılır və başlıcası, ənənəvi ləkə kampaniyası Prezident Administrasiyasına rəhbərlik postunu istila etmək uğrunda aparılır.
Hakimiyyətin daxilində mövqelərini möhkəmlədənlər Ramiz Mehdiyevlə savaşı yeni başlayırlar və onu təqaüdə göndərməyənə qədər bu gizli savaşı sürdürəcəklər.
Prezident köməkçisi işlədiyi vaxtlarda Eldar Namazov Ramiz Mehdiyev haqqında informasiyaların yeganə mənbəyi kimi tanınırdı və hədəfini böyük bir mətbuat şəbəkəsinin səhifələrinə gətirmişdi.
Sonra bu sıraya leqal formada millət vəkili Fəzail Ağamalı qoşuldu, sonra yenə də gizli adlar xəbərötürücü statusunda çıxış etməyə başladı.
Ən sonuncu səs-küylü olay-Gülər Əhmədova-Elşad Abdullayev savaşı Ramiz Mehdiyevin əleyhinə qurulmuş kompromat oyunu olsa da, onu daxildəki siyasi şöhrətinin zirvəsindən bir metr belə, aşağı gətirə bilmədi.
İndi hakimiyyətdə güclənə bilmiş cinah da onun guya əməllərini, xəyanətini ifşa edən məqalənin anonsunu verən ayrı-ayrı insanları hərəkətə keçirməyə çalışır.
Mətbuat bu dəfə o qədər soyuqqanlıdır ki, “şiddətli” anonsu gedən məqaləni çap üçün azad mətbuat bəhanələri gətirən ittihamçının əlindən alıb, çapa vermək istəmir. Niyə?
Ona görə yox ki, bu üslub köhnədir. İlham Əliyevə xəyanət ittihamı kimi sərsəm kəlmələr ictimai rəyə hələ Heydər Əliyevin sağlığından bəllidir, yox.
Ürək bulandırmağa xidmət edən nəzəri məqalənin təfsilatlarını bilməyə ictimai rəy acgöz deyil. Prezident Adminstrasiyasının rəhbəri haqqında eşidə biləcəyinə qaşları daha əvvəlki zamanlarda olduğu kimi, heyrət təsvirini vermir, çünki boş yerə çalınan avaz olduğunu Ramiz Mehdiyevin illərdir, dimdik dayanması sübut edir.
Həmin ittihamların məntiqi ilə gərək, indiyə qədər adminstrasiyanın başına yeni-yeni güclü füqurlar gəlib çıxaydı.
İllərdir, özünü doğrultmayan ittiham tiraj, satış böhranı keçirən mətbuata hansı oxucu bazasını qazandıra bilər?
15 il bundan qabaq analoji ittihamlar millət vəkili Fəzail Ağamalıdan aldığım müsahibədə açılıb elə ortaya töküldü ki, maraqlılıq nöqteyi-nəzərdən imzam üçün məqbul hesab edə bildiyim nüanslar elə ictimai rəy üçün də ilginc idi. Çünki Heydər Əliyevin sağlığında ortaya xəyanət ittihamı qoyulmuşdu: nə müəllif təxəyyülünün məhsulu kimi, nə də məchul, etibarlı qaynağa istinadən. Haqlı və haqsız olduğu araşdırma tələb edirdi.
Həmin vaxtlarda bunun jurnalistlərə də təhlükə yaradacağını düşünənlər yanıldılar, çünki Ramiz Mehdiyev onun əleyhinə kampaniya aparan və bu kampaniyaya qeyri-iradi şəkildə alət olan mətbuata qarşı heç bir təzyiq siyasəti aparmadı. Olmalıydısa belə, bunun məsuliyyətini jurnalistlər deyil, necə etibarlı mənbə statusunda virtual çıxış edən Eldar Namazov, eləcə də Milli Məclisin deputatı Fəzail Ağamalı daşımalıydı, çünki onlar dövləti təmsil edən bir mövqenin sahibi idilər. Birincinin siyasi taleyi bu məsələyə qarışmır, ikinci isə ümumiyyətlə, heç bir zərər görmədi, əksinə, diqqət edin ki, yaman sözlər söylədiyi vaxtlardan bəri üç seçkidir, deputat mandatı alır. Özü də Ramiz Mehdiyevin əlaqədar olduğu seçki siyasətində.
Bu, ikinci dərəcəli adamların əfvi idi və əsl drijorların məqsədinin nə olduğunu adminstrasiya rəhbəri gözəl anlayırdı.
Məsələ bura daxil olan haşiyədə deyil. Məsələ budur ki, 20 ildir, hamı eyni yalanı danışır. Heydər Əliyevə, onun bioloji varisi İlham Əliyevə xəyanəti isbat edən dəlillər niyə tapılıb ortaya qoyulmur?
Gözü ayağının altını görməyənlərin cinayət, xəyanət şəbəkəsi ortaya çıxır, amma Mehdiyevin yox.
20 ildir, Ramiz Mehdiyev bunca ağır ittihamların qarşılığında hakimiyyətin düşünən beyinlərindən biri, ideya generatoru kimi öz yerini necə möhkəmlədə bilib?
Heydər Əliyev və İlham Əliyev onun etibarına , dövlətə xəyanət edən kimi yerində saxladı ki, “xəyanət etmiş” Ramiz Mehdiyevi də saxlasın?!
Deməli, qarşımızda gözə girəcək böyük bir fakt var:
Ramiz Mehdiyev erasının başa çatdığını düşünənlər bu eranı ənənəvi nimdaş və çürük xəyanət ittihamları ilə daha tez bitirməyə cəhd göstərirlər.
Vəzifə heç kəs üçün əbədi olmadığı kimi Ramiz Mehdiyev üçün də əbədi deyilsə, Heydər Əliyevlə, sonra İlham Əliyevlə bu dövləti uğurlu tandem şəklində idarə edən, sabitliyin saxlanması, beynəlxalq təhlükənin zərərinin minimuma endirilməsində prezidentlə birlikdə rol oynayan ağsaqqal siyasi xadimə rahatca ”çıx get”, “qoy yerinə başqaları gəlsin” demək onun fəaliyyətinin yaxşı cəhətlərinə vicdansız qiymət demək olardı.
20 illik oxşar yalanlar fonunda hakimiyyətlə onun ayrılacaq yolu üzərində körpülərin əsla yanmaması və halallıq mütləq görünür.
Kimin necə düşünməsindən, kimin kimin maraqlarını ifadə etməsindən asılı olmayaraq, İlham Əliyevin atasından qalan etibarlı, sadiq əmanətlərə layiqli münasibəti komandanın dünyasını dəyişən siyasi fiqurları və vəzifəsinin başında dayanan yaşlı məmurlara yanaşması timsalında çox gözəl ifadə olunur. Ona görə qazan boş yerə danqıldayır…

Vəfa Allahverdiyeva

LEAVE A REPLY