Avropa Parlamenti Macarıstana qarşı:”Sanksiyalar tətbiq edilsin!”

0
7
Avropa Parlamenti deputatlarının üçdəiki hissəsi Macarıstana qarşı sanksiyalar tətbiq edilməsinin lehinə səs veriblər. Onlar bu ölkənin hökumətini “Avropa İttifaqının demokratiya və insan hüquqları barədə qaydalarını pozmaqda və korrupsiyada” ittiham edirlər.

AZƏRTAC xəbər verir ki, 448 deputat Avropa İttifaqı haqqında müqavilənin yeddinci maddəsinə uyğun olaraq cəza tədbirləri tətbiq edilməsinin lehinə, 197 deputat bu təklifin əleyhinə səs verib. Sazişin bu bəndində nəzərdə tutulur ki, əvvəlcə, ölkəni sadəcə cavab verməyə çağırırlar, yekunda isə həmin ölkə Aİ daxilində səsvermə hüququndan məhrum edilə bilər. Qeyd olunur ki, Macarıstanın cəzalandırılmasının tərəfdarları arasında Prezident Viktor Orbanın sağ-mərkəzçi “Avropa Xalq Partiyası” (AXP) bloku üzrə məsləkdaşları da var.

Səsvermədən bir gün əvvəl Orban Brüsselə gəlib və müzakirələrdə şəxsən iştirak edib. O, qəzəbli nitq söyləyərək “şantaja uymayacağını” elan edib və səsverməni macar xalqına qarşı təhqir adlandırıb. AXP nümayəndələri bəyan ediblər ki, məhz prezidentin kompromislərə hazır olmaması onu sağ-mərkəzçilərin dəstəyindən məhrum edib.

Səsvermədən sonra Avropa Parlamentinin Niderlanddan olan deputatı və Hollandiya Yaşıllar Partiyasının üzvü Cudit Sargentini Macarıstan elitasını korrupsiyaya qurşanmaqda ittiham edib. O deyib: “Hökumətə yaxın fərdlər macar və Avropa vergiödəyicilərinin hesabına varlanıb və öz qohumlarını, dostlarını irəli çəkiblər”. C.Sargentini daha sonra deyib ki, Viktor Orbanın hökuməti müstəqil medianı boğmaqla, tənqidi əhval-ruhiyyəli hakimləri dəyişdirməklə və akademiyanı “xaltada saxlamaqla” Avropa dəyərlərinə qarşı mübarizə aparıb. Bu siyasətçinin fikrincə, macar xalqı daha yaxşı münasibətə layiqdir.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto Avropa Parlamentinin qərarını immiqrasiya tərəfdarlarının “cılız qisasçılığı” adlandırıb. “Bu qərar fırıldaqçılıq yolu ilə qəbul edilib və Avropa müqavilələrinin qaydalarına ziddir”, – deyən Siyyartonun sözlərinə görə, səsvermədə bitərəf qalanların səsləri nəzərə alınmayıb və bu səbəbdən, səsvermənin nəticələri dəyişib.

Nəticə etibarilə Macarıstan Aİ-də səsvermə hüququnu yəqin ki itirməyəcək. Ən pis halda Vışeqrad qrupu üzrə onun müttəfiqi olan Polşa bu qərara veto qoyacaq.

Səsvermənin nəticəsi Avropa ölkələri arasında immiqrasiya və tradisionalizm məsələlərinə dair ciddi fikir ayrılığı yaranmasına dəlalət edir. Belə ki, Avropa Parlamentinin deputatlarının təqribən üçdəbir hissəsi Orbanı avtoritar hökmdar və korrupsioner deyil, ənənəvi dəyərlərin və milli dövlətlərin müdafiəçisi hesab edir.