Strateq.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.
Bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini xatırladan dövlətimizin başçısı bunun tarixi hadisə olduğunu vurğulayıb.
“İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”, – deyə Prezident İlham Əliyev qeyd edib .
“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”, – deyən Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi bütün sahələrdə özünü büruzə verir.
Dövlət başçısı təkcə bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla altı dəfə görüşdüyünü xatırladaraq deyib: “Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə iş birliyi, əməkdaşlıq dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir.
“Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”.