Paris terrorunun görünməyən tərəfləri…

0
6

Zaur Muradxanlı

Paris terrorunun görünməyən tərəfləri…

İbrahim Əl-Cəfəri: Fransa öncədən xəbərdar edilmişdi.

Noyabr ayının 12-də Fransanın paytaxtı, Avropanın ən böyük turizm mərkəzlərindən biri və romantikanın mərkəzi olaraq dünyaya tanıdılan Paris terrorçuların hücumuna məruz qaldı. Belə ki, “Stad de Frans”da Fransa prezidenti Fransua Ollandın da izlədiyi Fransa və Almaniya futbol milli komandaları arasında keçirilən oyun zamanı İŞİD terror təşkilatçılarının üzvləri öncəliklə stadiona girməyə çalışıblar. Lakin bunu bacarmayacaqlarını görüncə stadionun ətrafında yerləşən kafe, restoran və barlar daxil yeddi müxtəlif nöqtədə mülki insanlara hücum ediblər. Hadisə şahidlərinin sözlərinə görə üzüaçıq və gənc olan terrorçular öncə silahlandıqları kalaşnikov avtomatları vasitəsi ilə insanların üzərinə atəş açıblar, daha sonra da əraziyə gələn polislərlə qısa müddətli atışmadan sonra bir qismi özlərini partladıblar.
Son məlumatlara görə terror aksiyası zamanı 132 nəfər dünyasını dəyişib, 42 ağır olmaqla iki yüzə yaxın insan isə yaralanaraq müxtəlif xəstəxanalara yerləşdirilib.
Biz bu yazıda terror aksiyasının nəticələri barədə danışmaqdan daha çox səbəblərini, niyə məhz Parisin, ümumiyyətlə Fransanın seçilməsni və eyni zamanda Fransa xüsusi xidmət orqanlarının bu terror hadisəsinin qarşısını almaqda aciz qalmasının səbəblərini araşdırmağa çalışacağıq. Öncəliklə onu bildirmək istərdim ki, İŞİD terror aksiyası baş tutduqdan sonra rəsmi internet portalından açıqlama yayaraq Fransanın hədəf olaraq seçilmə səbəbini bu ölkədə müsəlmanlara qarşı pis münasibət göstərilməsi, Məhəmməd peyğəmbərin təhqir olunması, həmçinin də Fransanın Suriyadakı hadisələrə müdaxil olması ilə əlaqələndirib.
Hələ bu ilin yanvar ayında İŞİD-in məsuliyyətini üzərinə götürdüyü və on iki nəfərin ölümü ilə nəticələnən “Şarl Hebdo” dərgisinə qarşı təşkil olunan terror aksiyasından sonra da bəhanə olaraq təxminən eyni səbəblər irəli sürülmüşdü.
İŞİD terror təşkilatının yaratdığı mənfi müsəlman obrazı sayəsində artıq bütün Avropada, xüsusən də Fransada müsəlman icması yaşadıqları ölkələrin xəfiyyə orqanlarının təqibinə məruz qalmağa başlamışdı. Fransada yaşayan bəzi müsəlmanların dediklərinə görə, bu ölkədə yaşayan müsəlmanların gündə beş dəfə namaz qılan və vaxtlı- vaxtında məscidləri ziyarət edən kəsimi istisnasız olaraq potensial terrorçu damğası ilə Fransa eks-kəşfiyyat orqanlarının qara siyahısına düşür, bu orqanlar tərəfindən izlənirmiş. Doğrudur, son hadisəni təşkil edən və həyata keçirən terrorçular ölkəyə Belçika ərazisindən gəliblərmiş. Amma yenə də olsun, onlar həm gənc, həm də əksəriyyəti müsəlman ölkələri doğumlu olan insanlar idilər. Demək ki, Parisə birinci dəfə gəlmələri istisnadır. Daha öncələri də aksiyanı həyata keçirəcəkləri ərazini görmək, hərəkətlərini kordinə edə bilmək üçün əraziyə dəfələrlə gəlib getdikləri şübhəsizdir. Bəs, bütün bunlar Fransa xüsusi xidmət orqanlarının gözündən niyə yayınıb? Ayrıca xatırladaq ki, terrorçular hər halda üzərlərində gətirdikləri kalaşnikov avtomatlarını, daraqları və partlayıcı vasitələri də yoxdan yaradaraq köynəklərinin döş cibində gizlədib gətirməyiblər. Mənim ağlıma bir ehtimal gəlir, Fransız xəfiyyəsi və yaxud bu xəfiyyə orqanlarının içində yerləşən hər hansı maraqlı bir qol Suriyanı sadəcə Rusiyanın nəzarəti altına keçməsini istəməyərək, aktiv şəkildə bu ölkəyə müdaxilə imkanları qazanmaq, beləliklə də Fransanın Suriyadakı nüfuz mübarizəsindən kənarda qalmamasını təmin edə bilmək üçün bu terror aksiyasına qəsdən göz yummuş ola bilərmi?

Belə düşünməzdim, ən azından İraq Xarici İşlər naziri İbrahim Əl- Cəfərinin verdiyi və Anadolu xəbər agentliyində yayınlanan bəyanatı olmasaydı. Belə ki, İbrahim Əl–Cəfəri həmin bəyanatında Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransa başda olmaqla bir sıra qərb dövlətlərini İŞİD-in bu ölkələrdə terror aksiyaları planladığı barədə xəbərdar etdiklərindən danışıb. Demək ki, əvvəla terror aksiyası baş vermədən öncə onun ola biləcəyi barədə bu dövlətlərə xəbərdarlıq edilib. İkincisi isə maraqlıdır, İraq xəfiyyə orqanlarının öyrəndiyi sirləri Fransız həmkarları öyrənmək və ya onlara daha öncədən hazırlanmaqda olduğu bilgisi verilən terror aksiyalarının qarşısını almağa qadir deyillərmi? Bunu bilmirəm, sadəcə olaraq çox daha köklü və qüdrətli dövlət olan Fransanın daha modern texnologiyalar baxımından, ayrıca dünya üzərindəki istənilən dövlət və təşkilatlarla lazım olduğu anda kəşfiyyat məlumatlarının paylaşımı və digər sahələrdə İraqı çox-çox geridə qoyduğuna əminəm.
Hadisədən dərhal sonra bəyanat verən Fransa prezidenti Fransua Olland bu terror aksiyasının savaş səbəbi ola biləcəyini və İŞİD hədəflərini vuracaqlarını bildirdi. Elə həftə sonu da Amerika ilə kordinəli şəkildə İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki Nato bazalarından qalxan on ədəd təyyarə İŞİD-in qalası olaraq bilinən Rakka və ətrafındakı iyirmi hədəfi məhv etdiyi barədə məlumat yayıldı. Burda başqa bir maraqlı nüans var. Belə ki, İŞİD qaynaqlarına görə isə iyirmi deyil, otuz hədəf vurulub, lakin bu hədəflər boş ərazilərdə yerləşdiyindən, yəni hədəfdən daha çox istifadəyə yararsız və hal-hazırda kimsənin istifadə etmədiyi tikililər olduğundan ölən və yaralananlar olmayıb. Bəs, onda Fransız təyyarələri hansı səbəbdən boş əraziləri bombalayıb? Bu sualın cavabını onlardan başqa heç kim verə bilməz, biz sadəcə öz təxminlərimizi söyləyə bilərik.
İŞİD-in İraq və Suriya ərazisində nəzarəti altında olan bölgələrlə bağlı yeni faktlar da ortaya çıxmaqdadır. Belə ki, bu ərazilərdə müxtəlif nəhəng beynəlxalq banklara məxsus olan on şöbənin hələ də aktiv şəkildə fəaliyyət göstərdiyi söylənməkdədir. Ayrıca bu terror təşkilatına istifadə etdiyi mərmidən partlayıcıılara, silahlardan avtomobillərə, zirehli texnikalaradək müxtəlif növ və təyinatlı döyüş vasitələrini kim verir? Hamının bildiyi, ancaq heç kimin üzərində baş sındırmaq istəmədiyi bu fakt hansısa səbəbdən heç kim tərəfindən dilə gətirilmir. Axı, ən azından İŞİD-in əlində nəinki silah, hətta mərmi belə istehhsal edəcək texnoloji vasitələr yoxdur. Söylənənlərə görə İŞİD Mosulu işğal edərkən Amerikanın İraqdan çəkilərkən hansısa səbəbdən özü ilə aparmadığı və bölgədə qoyub getdiyi 3500 ədəd yüngül zirehli heyət daşıyıcı texnikanı ələ keçirib. Əgər bu gerçəkdən belədirsə, məncə əsas sorğulanmalı olan faktlardan biri də məhz budur. Amerikan ordusu hansı səbəbdən bu qədər böyük saydakı hərbi texnikanı bölgədə qoyub getmə gərəyi duysun ki?
Məsələnin başqa tərəfləri də var. Yəni, İŞİD-in maliyyə qaynaqları məsələsi. Özünün dövlət olaraq elan edən və onunla bu statusda davranılmasını istəyən İŞİD-in başlıca gəlir mənbələrindən biri məhz neftlə zəngin ərazilərə nəzarət etməsi və bu ərazilərdən çıxarılan nefti həm xam, həm də əllərindəki neftayırma zavodlarında emal edərək hazır məhsul şəklində satmaqla böyük həcmdə pul qazanmalarıdır. Doğrudur, bu təşkilat narkotik maddələrin qaçaqmalçılığı, insan və silah alverindən də külli miqdarda gəlir götürməkdədir. Lakin burada önəmli olan və araşdırılmasının lazım olduğu şey məhz neft məhsullarının hansı dövlətlərə satılması ilə bağlıdır…
Digər bir məsələ də var. Bu barədə Antalyada təşkil olunan son G-20 zirvəsində çıxış edən Rusiya prezienti Vladimir Putin bildirib.
Onun sözlərinə görə İŞİD terror təşkilatının ayrı-ayrı iş adamları tərəfindən dəstəklənməsi faktı çoxdandır ki, hər kəsə məlum imiş, lakin onu qəzəbinə səbəb olan fakt isə tamam başqadır. Belə ki, Rusiya xüsusi xidmət orqanlarının araşdırmalarına görə bu təşkilat ümumilikdə qırxa yaxın dövlət tərəfindən maliyyələşdirilir, ən pisi isə bu dövlətlərin içində G-20 ölkələrinin də olması faktı olub.
Sadəcə bu fakt İŞİD-lə mübarizə edərkən nəzərə alınmalı olan ən vacib məsələlərdən biri, bəlkə də birincisidir. Çünki, beynəlmiləl səviyyədə dəstəkçiləri, həm də nə az-nə çox, tam qırx dövlət və onlarca iş adamı tərəfindən dəstəklənən bir terror təşkilatını zərərsizləşdirmək o qədər də asan məsələ deyildir.
Parisdəki terror olaylarından sonra dünyanın hər tərəfindən Fransaya dəstək mesajları yağmağa başladı. Digər tərəfdən isə sosial media orqanlarından olan “Facebook” öz istifadəçilərinə profil şəklini fransa bayrağı ilə əvəz etmə çağırışı etdi. Bütün bunlar təqdirəlayiq haldır. Lakin biz də hər gün minlərcəsi məhz Qərbin birbaşa və ya dolayı yolla yaradılmasında iştirak etdiyi və yaxud müxtəlif kanalları dəstəklədiyi terror təşkilatları tərəfindən öldürülən müsəlmanlardan olaraq, həmin dövlətlərə bu sualı vermə haqqını özümüzdə görməliyik?
Sadəcə bir ay öncə Ankara qətliamında yüz iki nəfər dünyasını dəyişdi, Suriyada, Fələstində, İraqda, Yəməndə, Afrikada və sair bölgələrdə hər gün yüzlərcə günahsız müsəlman öldürülür, və ya aclıqdan, susuzluqdan ölür. Dünya Fransa hadisələrinə göstərdiyi reaksiyanın yüzdə birini islam coğrafiyasında öldürülən və yaxud ölümə tərk edilən insanlar üçün göstərirmi? Əlbəttə ki, xeyr…
Elə İbrahim Əl-Cəfərinin yuxarıda qeyd etdiyimiz bəyanatında bu məsələyə toxunması da olduqca diqqət çəkicidir.
Avropalılar özlərinə ziyan gəlməyənədək terror təşkilatlarını himayə etməyə öyrəncəlidirlər. Bunu biz Asala və PKK-nın illər boyu Qərb tərərfindən necə qorunduğunu, bu təşkilatlara məxsus terrorçuların Avropa Birliyi və Amerika ərazisində necə sərbəst gəzib-dolaşdıqlarını, hətta özlərinə media orqanları, ofislər və sairələr açacaq qədər irəli getdiklərini yaşayaraq görmüşük. Amma vay o gündən ki, bu avropalıların birinin barmağı qanasın, o zaman terror savaş səbəbi olmaq üçün yetərli səbəb olar və dünya dövlətləri tərəfindən də bu qərblilər dəstəklənər.
Əlbəttə, bu siyasəti güdən və dəstəkləyən dövlətlər, zərərini çəkənlər isə sadə xalq kütlələridir. İstər Parisdə öldürülən fransızlar olsun, istərsə də Xocalıda şəhid edilən azərbaycanlılar və ya suriyalı, yəmənli ya da misirli, dünyanın hər hansı nöqtəsində olursa olsun dinc insanların qətlə yetirilməsinə qarşı olmaqla bərabər öldürülən insanlar arasında da ayrı seçkilik qoyulmasını pisləyirəm. Bəli, mənim əsl dərdim budur, öldürülən insanlar arasında ayrı seçkilik qoyulmasın…
İndi Fransa və bütövlükdə Avropa müsəlmanlar üçün həm viza almaq, həm də yaşamaq baxımından daha artıq çətin olacaq, yeni imperializm və nüfuz mübarizələrində dövlətlər çəkişəcək, əzabını isə sadə xalq kütlələri çəkəcəkdir.

LEAVE A REPLY