Milli Azadlıq mücahidlərinə qarşı soyqırım siyasəti aparıldığı barədə dəfələrlə söhbət açmışam. Kar qulaqlar, biveclər eşidibmi? Belə görünür ki, YAP iqtidarındakılar qızıl cınqıltısı, dollar xışıltısından savayı nə isə eşitmək istəmirlər. Ədalət, humanizm onlara vız gəlir. Əlbəttə, bizlərin biganəliyi də onlara əlavə qəddarlıq stimulu verir. Bu yaxınlarda Məryəm Həsənova dünyasını dəyişdi. Azərbaycan qadınlarının qəhrəmanlıq, şərəf, ləyaqət simvolu, etalonu sayıla biləcək Məryəm Xanım!!! Mərhumiyyətlər içində köçdü , ayrıldı, canından artıq sevdiyi, uğrunda uzun illər mübarizə apardığı Vətənindən…
Müstəqilliyimizə səs vermiş yeganə millət vəkilimiz olmuşdu, bu Qadın!!! Mükafatı, nə oldu, sonunda? Yüz səksən manat təqaüd alırmış Millət Fədaisi. İlham Əliyevin və onun rəhbərlik etdiyi YAP iqtidarının yapdıqlarının sayəsinda Məryəm xanım dərdinə dərman ala bilmədi, ehtiyaclar burulğanında dünyasını dəyişdi. Hannsımız fərqli durumdayıq ki?
Elə bu günlərdə Naxçıvandan mübarizə dostum, dəyərli qardaşım Eyvaz Hüseynov telefon açmışdı. Təqaüdə çıxdığını söylədi. Gülürdü… Əslində, bu, acı gülüş imiş. Səsindən də hiss etmişdim. 45 il sədaqətlə xidmət etdiyi dövləti onu cəmi 265 manat təqaüdə layiq görmüşdü. Ömrünün böyük hissəsini müəllimliyə həsr etmiş Eyvaz bəyin dövlətimiz qarşısında əvəzsiz xidmətləri də olub axı… Uzun illər Culfa rayonu Yaycı kəndinin İcraiyyə Komitəsinə rəhbərlik etmiş, 1990-95-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ən aktiv deputatlarından biri olmuşdur. Vəzifəli şəxs olmasına baxmayaraq , Milli Azadlıq hərəkatının ilk günlərindən öndərlərdən biri olan Eyvaz Bəy üç rəngli bayrağımızı Yaycı Kənd İcraiyyə Komitəsinin üzərində dalğalandırmağı bacarmışdı.
Demişdim axı, bizlərdən bu gün hakimiyyətdə olan kommunist tör-töküntüləri qisas almaqdadırlar. Təsəvvür etmək çətin deyil, SSRİ imperiyası zamanı təyinatlı deputat olmuş kommunistlər, raykomlarda vəzifə tutmuş biriləri dövlət qulluğu üçün nəzərdə tutulmuş təqaüdlərə layiq görülsələr də, tariximizin ən şərəfli, mübarizəylə zəngin 1990-95-ci illərdə millət vəkili olmuş və yaxud müxtəlif məsul vəzifələri tutmuş ləyaqətli, vətənpərvər şəxslər həmin hüquqlardan məhrum ediliblər. Sözün əsil mənasında YAP iqtidarının ədaləti qıcqırmış kimi görünür.
Əslində, baş verənlər ölkəmizdəki hüquqi nihilizmdən xəbər verir. YAP iqtidarının qəddarlığını, rəqiblərinə qarşı amansızlığını, qisasçılığını bir daha təsdiq edir. Üstəlik də, Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Ali Məclisinə sədr, 1993-cü ildə isə Azərbaycan Milli Məclisinə sədr seçilməsini qeyri legitim edir. Əgər, 1990-1995 -ci illərdə fəaliyyət göstərmiş Naxçıvan Ali Məclisi və Azərbaycan Milli Məclisinin deputatlarının statusları tanınmırsa, onda, həmin Məclislərin qəbul etdiyi bütün qərarlar, qanunlar, referendumlar qeyri legitim hesab edilməlidir. Bunun nə demək olduğunu YAP yetkililəri anlamamış deyillər. Özünüzə gəlin, cənab YAP-çılar!!! Sizlər, Milli Azadlıq Mücahidlərindən yetərincə qisas aldınız! İnanıram ki, Lenin və Stalin babalarınızın ruhunu kifayət qədər şad edə bilmisiniz! Ancaq, unutmayın , sonunda gülmək məsəlini…
Ramiz Tağıyev
Mövzuya qayıdacağıq…