Məmmədağa Orucəliyevin “Döyüş səngəri” kitabından qeydlərim

0
6

Zahid Qasım, BDU Tarix fakültəsi ıv kurs

 

Mart qırğınlarından Qobu sakinləri də, kənar qalmamışdır. Mustafa Məstan oğlu və Xancan Əlixan oğlu adlı iki kənd sakinini ermənilər çöldə vəhşicəsinə öldürmüşlər. Qobu digər kəndlərə nisbətən daha təhlükəsiz yer olduğu üçün buraya erməni qırğınlarından qaçan digər kənd sakinləri pənah gətirərmişlər. Deyilənə görə qaçqınlar içərisində bir oğlan uşağı dünyaya gəlmiş, valideynləri xilaskar kəndin adı ilə uşağın adını “Qobu” qoymuşlar. Bu çətin dönəmdə kəndin içərisindən qeyrət sahibləri oğullar çıxmış, cəsarətləri ilə düşmənə layiqli cavab verməyi bacarmışlar.

Bunlardan Bakı qoçuları arasında sayılıb seçilən Məşədi Adil Əlihüseyn oğlunu göstərmək olar. O ata tərəfdən kürdəxanılı, ana tərəfdən qobulu idi. Məşədi Adillə yanaşı Məşədi Hilal (Xalq rəssamı Qəzənfər Xalıqovun atası), Əmirəhməd Səməd oğlu (erməni hücumlarından köməyə çağırış məktubunu, məhz, o Arazı keçərək türk qardaşlarımıza çatdırıbmış), Pircan Əli, Cənnət Qüdrətoğlu, Baba Salmanoğlu, Kərbəlayi Şahpələng, Kərbəlayi Rəcəb, Murad Hacı, Kərbəlayi Əlağa, Məmədcan Zamanoğlu, Məşədi Zülfəli, Məşədi Mahmud, Hüseyn Kərbəlayi, şamaxılı Babaxan kimi insanlar Qobunun müdafiəsində canfəşanlıq göstərmişlər. Türk qoşunlarının Qobuya gəlişindən sonra da, bu insanlar vətənin müdafiəsində əllərindən gələni etmişlər. Türklər kənd cavanlarını boş durmağa qoymamış, su daşıtdırmaq, bələdçilik kimi işlərdə onların əməyindən bəhrələnmişlər. Türklərə kömək edən cavanlardan biri 1994-cü ildə 108 yaşında dünyasını dəyişmiş Novruzəli Qurbanəli oğlu adlı kənd sakini idi. O sağlığında türklərə Hökməlinin, Bərk dərəsinin və digər yerlərin tanıdılmasında bələdçilik etdiyini həvəslə danışardı. Kənd sakini 96 yaşlı Xədicə Hacıəli qızı türklərin gəldiyi vaxtda 12 yaşında olduğunu, əsgərlərin sırada gedərkən şərqilər oxuduğunu deyərdi: Biz gedirik döyüşə mərdi-mərdanə Qanımız halaldır Azərbaycana! Qobulu gənclər həmin dönəmdə ilk milli ordumuzun tərkibində də, vuruşmuşlar.

Bunlardan bəzilərinin adları:

1. Babalı Kərbəlayi Qasımoğlu

2. Baba Salmanoğlu

3. Bayram Kərbəlayi Əbdülməmməd oğlu

4. Bayram Əmirbəy oğlu

5. Dostəli İsmayıloğlu

6. Əlihəsən Bədəloğlu

7. ƏmirəhmədSəmədoğlu

8. Həsənağa İslamoğlu

9.Hüseyn Kərbəlayi Şahpələng oğlu

10. XaspoladHacıəlioğlu

11. Kərbəlayi Meylaqulu Həmid oğlu

12. Məşədi Məmməd Əbdülkərim oğlu

13. Məşədi Zülfəli Məmmədrza oğlu

14. Mehdi Baba oğlu

15. Mirzəağa Xaliq oğlu

16. Nəzər Qüdrət oğlu

Hökməli qəsəbəsi 22 avqust 2017

Qobu kəndindən Məmmədağa bəy mənə bu kənddə Hacı Yavər adlı şəxsin yanına getməyi məsləhət görüb. Amma Yavər bəy işləri ilə əlaqədar müsahibə verə bilməyəcəyini deyir. Məni 66 yaşlı Mirələkbər Ağayev adlı kənd sakininə yönləndirirlər. Çay süfrəsi arxasında söhbətə başlayırıq:

-Mirələkbər dayı, gəlişimin məqsədini bilirsiniz. Yəqin ki, 1918-ci ilin martından başlayan türk-müsəlman qırğınından hazırda olduğumuz Hökməli kəndi də, zərər görüb. Eləmi? Bu barədə hansı bilgilərə sahibsiniz?

-Atam Ağakişi Ağayev 1908-ci il təvəllüdlüdür. 1918-ci il hadisələrində 10 yaşı olan atam danışardı ki, ermənilər Hökməlidən bir neçə kənd sakinini toplayıblar ki, məşvərət edək. Toplaşanlardan biri də, əmim Mircabbar olub. Əmim hiss edib ki, burada nəsə başqa bir iş var. Qaçmağa çalışarkən əmimi ermənilər arxadan yaba ilə vurublar.7-8 nəfəri də, elə oradaca gülləyə veriblər. Kənddə Dəllək Abbas adı ilə tanınan, türkə-çarə ilə məşğul olan bir nəfər olub. Abbas da, həmin toplaşanların içərisində imiş. Ermənilər kəndliləri öldürərkən özünü yerə ataraq ölməzliyə vurub. Ermənilər də, bundan xəbər tutmayıblar. Onlar getdikdən sonra kəndə dönüb bu hadisə haqqında məlumat verib. Mənim Mirələkbər adlı digər əmim də, erməni qırğınlarının qurbanı olub. Qubadan gələrkən ermənilər qabağını kəsib gülləyə veriblər. Nənəm və babam nə qədər axtarsalar da, meyitini tapa bilmədilər. Hadisəni görənlər deyiblər ki, kim həlak olanların meyitini tapa bilmədisə, bilsin ki, hadisə zamanı bir neçə atlı özünü yaxınlıqdakı dənizə atdı. Beləliklə, iki əmim ermənilərin güdazına getmiş oldu.

-Həmin hadisələr zamanı türklərin gəlişinədək bildiyimiz kimi qoçular əhalinin imdadına yetişiblər. Hökməlidə necə bu cür fədakar insanlar olubmu?

-Əlbəttə olub. Ümumiyyətlə, mart ayından başlayan qırğınlar zamanı Hökməli əhalisi qonşu Qobu kəndinə sığınıbmış. Kənddən Seyidbaba, Qubad kimi cəsur qoçular çıxıb. Köhnə kişilər deyərdilər ki, Qoçu Qubadın atdığı güllə boşa çıxmazmış. O da, 1918-ci il qırğınlarında öldürülüb. Qara Seyid kimi tanınan Seyidbabanı isə Sovet hökuməti qurulandan sonra boynuna daş bağlayaraq atdılar Xəzərə. Qoçularla bağlı bir olmuş əhvalatı danışım sizə. Bir dəfə Sovetskidə bir toy məclisində Qoçu Seyidbaba da, iştirak edərmiş. Müğənni oxuyarkən deyir “Bakının cayılları qaçdı getdi bağlara”. Bu söz Seyidbabaya təsir edir. Bir nəfərə tapşırır ki, get o müğənniyə bir şillə çək. Müğənninin sözünə toyda olan digər qoçularda əsəbiləşibmiş. Seyid baba müğənniyə deyir ki, “deginən Bakının oğrəşləri qaçdı getdi bağlara. Mən həmişə burada erməni ilə üzbəüz olmuşam”.

-Mirələkbər dayı, türk qoşunlarının Hökməlidəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? -Hökməli də, Qobu kimi qoşunun qərargahlarından biri olub. Amma əsas qərargah ora idi. Türklərin başçısı Nuri paşa da, orada oturar, qoşuna lazımi əmrləri verərmiş. Təxminən, 35-40 il öncə kənddə bir quyu açıldı. Kəndin yaşlıları dedi ki, bu quyuda türklər bir top gizlədib. Adına da, kənd arasında “qoca top” deyilərmiş. Yəqin ki, top kimsənin əlinə keçməsin deyə türklər belə edib.

-Sonda sizdən həmin dönəmlə bağlı yaddaşınızda olan maraqlı bir hadisə danışmağınızı rica edərdim

-Atam danışardı ki, kəndə gələn türklər eşidiblər ki, kənddə Dəllək Abbas adlı biri var. Tez onu tutub salıblar atın yerinə. Türk dilində dəllək cinayətkar anlamına gəlir deyə elə biliblər bu da pis insandır (deyərək gülür). Sonradan başa düşüblər ki, hə demək o bər-bərdir. Türklər kənd əhalisindən soruşublar ki, “muxtar nerede”, yəni kəndin böyüyü, rəhbəri. Camaat da, kəndin o başında Muxtar adlı bir nəfərin yaşadığını bilirmiş. Gedib onu çağırıblar ki, bəs türklər səni gəzir. Bir müddət bu Muxtar kənddə rəhbər kimi çalışıb.

-Verdiyiniz məlumatlara görə təşəkkür edirəm, Mirələkbər dayı.

-Siz sağ olun. Bizlərə təəssüf ki, ruslar çox şeyi unutdurdular. Yadımdadır məktəb vaxtı həvəslə bizə bu şeiri öyrədərdilər: Kür, Araz, Ararat Gözəldir bu həyat Qardaş olub Hayestan Azərbaycan