MTN-ni intriqa məkanına kimlər çevirmişdi?

0
4

Ramiz Tağıyev

MTN-ni intriqa məkanına kimlər çevirmişdi?
Azadlığa çıxdıqdan sonra da təqib olunduğumu hiss edirdim.

(Əvvəli ötən saylarımızda)

Göründüyü kimi MTN-ə toplaşmış naşı “çekist”lər şantajı gündəlik fəaliyyət normasına çevirmişdilər. Əllərindən başqa nə gəlirdi ki? Hay-küylü həbslərin əksəriyyəti məhz şantajlarla baş tuturdu. Bu azmış kimi Eldar Mahmudovun “OBXSS” komandası intriqanı MTN-nin daxilinə sürükləyə bilmişdi. “OBXSS” dələduz “çekist”lər illərlə təhlükəsizlik orqanlarında ölkəyə ləyaqətlə xidmət etmiş peşəkarlara qısqanclıqla yanaşır, ələ keçirdikləri səlahiyyətlərdən gen-bol istifadə etməklə onları cəzalandırmağa nail olurdular. Təsəvvür edin, MTN-də necə çirkin oyunlar gedirmiş ki, nazirliyin istintaq təcridxanasında saxlanılan Eldar Əliyev bunu tez bir zamanda müəyyən edə bilib. Belə ki, gözlərini vəzifə, pul, sərvət hərisliyi qapamış naşı “çekist”lər utanıb-qızarmadan təqsirləndirilən şəxsdən öz məslək yoldaşlarının əleyhinə şantajedici ifadələr almağa çalışıblar: “Mən dövlətimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsində bir vətəndaş kimi məsuliyyət daşıyıram, bu mənim konstitutsiyada təsbit olunmuş borcumdur. (Diqqət yetirin, MTN-nin İstintaq təcridxanasında saxlanılan iş adamı öz məsuliyyətini, vəzifə borcunu naşı “çekist”lərdən daha düzgün qiymətləndirir-R.T).
Bir vətəndaş kimi MTN-də saxlanıldığım müddətdə bu nazirliyin daxilində gedən və dövlətimizin təhlükəsizliyinə xələl gətirən, qorxu törədən bir faktı da diqqətinizə çatdırıram. Belə ki, MTN-nin daxilində rəhbər vəzifəli şəxslər arasında bu nazirliyin fəaliyyətinə-normal fəaliyyətinə təhlükə yaradan intriqa vardır. Belə ki, mənə video kliplər nümayiş etdirərək məlumat verdilər ki, MTN-nin nazir müavini Əli Nağıyevin Rəşid Behbudov küçəsində OVİR-in yanında olan ofisdə guya Ramiz Tağıyevlə görüşdüyünü təsdiq edim. Və bu faktla Əli Nağıyevin Tağıyevlə əlaqəsini sübut edim. (Burada qeyd etməliyəm ki, Ə.Nağıyevlə heç bir zaman tanışlığım və ya görüşüm olmayıb. Əgər zərrə qədər yalanım varsa, onda dünyanın ən ləyaqətsiz, şərəfsiz insanı olduğumu etiraf edərəm. Təbii ki, bu versiyanı irəli sürüb, öz məslək yoldaşlarını bizim əlimizlə ləkələmək istəyənlərin bir adı var-Şərəfsizlər, ləyaqətsizlər, nakişilər-R.T.) Mənim bu ifadəmin MTN-ə hansı məqsədlə lazım olduğunu aydın dərk edirəm. Hesab edirəm ki, MTN-nin daxilində MTN rəhbərliyi arasında nüfuz dairəsi ilə əlaqədar gedən intriqanın qarşısı sizin tərəfinizdən alınmalıdır. Prezidentimiz kimi, təhlükəsiz yaşamaq hüququnun təminatçısı kimi Sizə bildirirəm ki, mən MTN-nin əməkdaşlarının arasında olan bu intriqada eksperiment kimi istifadə olunuram. İnsan haqlarım, hüquq və azadlıqlarım pozulur. Əgər mənə verilmiş ittihamda göstərildiyi kimi mülki dövriyyədə olmayan, cəmi dəyəri 500 ABŞ dolları olan şəxsi təhlükəsizlik üçün nəzərdə tutulmuş cihazları ölkənin rabitə vasitəsilə, gömrük və sərhəd xidmətlərinin rəsmi sənədləşdirilməsi ilə əldə etməkdə təqsirləndirilirəmsə mən, qanuni şəkildə cəzalanmağına razıyam. Lakin mənim MTN-nin rəhbərliyi arasındakı daxili intriqanın qurbanı olmağım, təhqir olunmağım, ailə üzvlərimlə şantaj olunmağım birmənalı özbaşınalıqdır, cinayətdir, insan haqlarının pozulmasıdır.
Mən, nə qədər ki, istintaqı prokurorluq apardığı halda MTN-nin İstintaq təcridxanasında qanunsuz saxlanılıram, istintaqa düzgün ifadə vermək imkanım yoxdur. Baş prokuroru bu barədə məlumtlandırıram ki, mənim başqa təcridxanaya keçirilməyimi və sərbəst ifadə verməyimi təmin etsin”.
Bu da E.Əliyevin məlum müraciətinin bir hissəsi… Göründüyü kimi MTN öz daxilində sözün əsil mənasında repressiya mexanizmini işə salıbmış. Həmin repressiya peşəkar əməkdaşların şantajla MTN-dən uzaqlaşdırılmasına yönəlibmiş ki, səlahiyyətindən yalnız yaramazlıqlar üçün istifadə etməyə alışıq olan E.Mahmudov vasitəsilə buna nail olunub.

Təhlükəsizlik strukturlarında çalışanlar davranışları, mədəniyyətləri ilə cəmiyyətə daima nümunə olmağı bacarırdılar…

Etiraf etmək lazımdır ki, ötən əsrin 60-80-cı illərində SSRİ imperiyasının “KQB” kimi xatırladığımız təhlükəsizlik orqanında çalışanlar yüksək mədəniyyətləri, davranışlarıyla hər kəsdən seçilməyi bacarırdılar, fəaliyyətlərində məxfiliyi qoruyub saxlamaq bacarıqları onları gizli ailənin nümayəndələri kimi xarakterizə edirdi. Sirr deyil, “KQB”-də çalışan bir çox dostum, tanışım olub. Onların sırasında azadlıq, müstəqillik eşqi ilə yaşayanların olduğunu da müəyyən edə bilmişdim. Sadə yaşayış tərzinə üstünlük verirdilər. Yaşadığım Culfa rayonunda “K QB”-nin o zaman üçün güclü sayılan idarəsi fəaliyyət göstərirdi. Açıq söyləyim, “KQB” əməkdaşlarının rüşvətə bulaşdığı barədə söz-söhbətin şahidi olmamışam. Buna rəğmən rayon rəhbərliyi “KQB” əməkdaşlarından ehtiyat edirdilər. Bir zamanlar Culfada çalışmış, şərəflə millıətimizə xidmət göstərmiş “KQB” əməkdaşları Ramiz Səmədov, Telman Məmmədov, Pərviz Quliyev, Ramiz Quliyev, Ələzbəy Əhmədovu daima hörmətlə xatırlayıram. Təmiz, vicdanlı, Azərbaycana şərəflə xidmət edən çekistlər idilər. Çətinə düşmüş insanlar onlara pənah aparıb, kömək umurdular.
Ancaq, təəssüf ki, Milli adlandırılan Təhlükəsizlik Nazirliyimiz ölkə əhalisinin qorxulu kabusuna çevrildi. Orada Akif Çovdarov, Hilal Əsədov, Elçin Quliyev, İlqar Əliyev ölkə vətəndaşları üçün təhlükə “ocağı” yaratmağa nail oldular. Nazir sayılan E.Mahmudov yeni əməkdaşları işə qəbul edərkən onların peşəkarlığına deyil, atalarının cibinə üstünlük verməyi qanuniləşdirə bildi.
Həbsxana həyatı yaşadığım müddətdə, MTN əməkdaşları adından istifadə edib, dələduzluq yolu ilə ölkə vətəndaşlarından külli miqdarda pul mənimsəyən cinayətkarlarla qarşılaşdım. Əlbəttə, deyə bilərsiniz ki, burada MTN-nin suçu nədir? Cinayət edib, layiq olduqları cəzalarını alıblar. Sual doğur; axı, nə üçün cinayətkarlar dələduzluq vasitəsi kimi MTN adını seçiblər? Məsələ də elə bu məqamdadır… Çünki E.Mahmudovun dələduz “OBXSS” şəbəkəsi MTN –nin imicini elə korlamağa nail olmuşdular ki, ölkə vətəndaşları həmin orqanın açıq-aşkar rüşvətxorluqla məşğul olduğunu bilərəkdən, MTN-nin adından istifadə edən dələduzlara həmən aldanır, övladlarının işə düzəlməsi naminə hər yetənə rüşvət verərək, tora düşürdülər.
Mən, dəfələrlə yazmışdım, əgər ən yeni model, ən bahalı avtomobilləri görmək istəyirsinizsə, şəhərin küçələrini gəzmək lazım deyil, MTN-nin ətrafındakı dayanacağa baş vurmaq kifayət edər. E.Mahmudovun dələduz komandası cəmiyyətə yalnız bununla və həddi-hüdudu bilinməyən villalar, restoranlar, ticarət obyektləri, hektarlarla istixanalarını nümunə göstərə bilirdi. Bütün bunlar isə E.Əliyevin müraciətində qeyd edildiyi kimi şantajla, hədə-qorxuyla, reketliklə əldə edilən vəsaitlə ərsəyə gətirildi.

İstintaq orqanının MTN işini obyektiv aparacağına şübhəm var…

Mən, istintaq orqanının fəaliyyətinə kölgə salmaq fikrindən çox uzağam. Ancaq “göz gördüyündən qorxar” deyiblər. Tam günahsız olaraq həbs edildiyimdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşlarının MTN-nin dələduz “çekist”ləri tərəfindən verilən qeyri-qanuni göstərişləri necə həvəslə yerinə yetirdiklərini gördüyümdən belə qənaətə gəlmişəm. Bütün bu qanunsuzluqlara etiraz edib, istintaq idarəasinin rəisi Eldar Əhmədova müraciət etməyə məcbur qalmış E.Əliyevin vəkili İkram Abdullayevin göstərdiyi fakt və arqumentlərin diqqətə alınmaması xüsusi olaraq diqqət çəkir: “Hörmətli Eldar müəllim! İdarənizin, xüsusilə mühüm işlər üzrə müstəntiqi hörmətli İbrahim Ləmbəranskinin icraatında olan 98675 saylı cinayət işi üzrə AR CM-nin 233-1.1 maddəsi ilə təqsirli bilinməklə 06.11.2009-cu il tarixindən həbsə alınaraq Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan, hüquqları mənim tərəfimdən müdafiə olunan Əliyev Eldar İbrahim oğlunun ölkə başçısı, sevimli prezidentimiz İlham Əliyev cənablarına və digər mötəbər orqanlara, o cümlədən Baş Prokurorumuz Zakir Qaralov mənim vasitəmlə göndərdiyi müraciətin surətini Sizə göndərirəm.
E.Əliyevin müdafiəçisi kimi Sizə bildirirəm ki, Eldar Əliyev MTN əməkdaşlarının təzyiqi altındadır, onu MTN əməkdaşları istintaq orqanının razılığı və xəbəri olmadan müxtəlif otaqlara dartır, ona hədə-qorxu gəlir, uşaqlarına və ailəsinə qarşı təhlükə yaradacaqları ilə hədələyərək ondan “Millətim” qəzetinin yazarı Ramiz Tağıyevə qarşı, onun bacısı oğlu Akif Səfərova qarşı həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur etmişlər. Səbəbi də budur ki, Ramiz Tağıyev “Millətim” qəzetində Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin və ümumilikdə MTN-nin fəaliyyətinə kölgə salan, mənfi ictimai rəy yaradan yazılar verdiyindən, MTN Eldar Əliyevin qondarma ifadələri ilə onu həbs etmək, onu cəzalandırmaq planı hazırlamışdır. Nəticədə hələlik Akif Səfərov həbs edilmişdir.”
Baş verənləri sözlə ifadə etmək çətindir. Qanunsuzluğun da bir həddi olar axı… İstintaq orqanının razılığı olmadan təqsirləndirilən şəxsi MTN-nin otaqlarında sürükləmək… Və birdən-birə təqsirləndirilən şəxsi MTN-nin çirkin məqsədlərinə uyğunlaşdıraraq “zərərçəkmiş”ə çevirmək. Kimlər qoruyurmuş bizim təhlükəsizliyimizi?
Vəkil İkram Abdullayev İstintaq İdarəsinin rəisi E.Əhmədova ünvanladığı məktubda yazırdı: “Hörmətli, Eldar müəllim, belə şərait mövcud olduğundan mən, Eldar Əliyevin müdafiəsini təmin edə bilmirəm. Onun müdafiə hüququ pozulur. Eyni zamanda mövcud şərait göstərir ki, istintaq orqanı da MTN əməkdaşlarının qərəzli hərəkətləri ilə bağlı düzgün mövqedə deyil, yanlış nəticəyə gələ bilər. Nəticədə günahsız adamlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər və ləkələnərlər. Çünki, cinayət işi bu istiqamətdə məhkəməyə verilərsə istintaqın buraxdığı səhvləri məhkəmə baxışında düzəltmək çətinləşə bilər. Məhkəmə Eldar Əliyevin istintaqa verdiyi ifadələri daha mötəbər hesab edər və günahsız adamlarımız cəzalana bilər…
Beləliklə məlum olur ki, MTN-nin Eldar Əliyevi öz təsiri altında saxlamaqda məqsədi dövlətimizin və millətimizin təhlükəsizliyi ilə bağlı hər hansı faktı aşkar edib zərərsizləşdirməkdən ibarət deyildir. Məqsəd yalnız MTN-nin daxilindəki intriqaya xidmət edəcək qondarma ifadələr almaqdan ibarətdir. Fikrimcə buna yol vermək olmaz. Bu, Eldar Əliyevdən alət kimi istifadə etmək, onun vətəndaş hüquq və azadlıqlarını, insani qürur və ləyaqətini ələ salmaqdır.”
Müraciətdən açıq-aşkar görünür ki, istintaq orqanı MTN-də baş verən ciddi qanunsuzluqlara göz yumaraq, əksinə, mənim həbs edilməyim üçün əlavə nə qədər kobud qanun pozuntusu lazım gəlirdisə, onu da etdi. Nəticədə 8 il həbs cəzasına layiq görüldüm. Həbsxanada, cəzaçəkmə müəssisələrində təqiblərini, təhdidlərini hər an hiss etdim. Hətta bir dəfə saxlandığım “kamera”ya öz adamlarını yerləşdirib, xüsusi prepratlar vasitəsilə zəhərləmək istədilər. Yalnız Tanrının möcüzəsi ilə sağ qaldığıma qətiyyən şübhə etmirəm.
MTN-nin xüsusi sifarişi ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edildiyimə baxmayaraq, orada da məni rahat buraxmır, “zon”dan “zon”a “ezam” etdirirdilər.
Əlbəttə, həyatda ədalətli insanlar olmasaydı, yaşamağın heç bir mənası qalmazdı. Məhz ədalətli insanların yardımı ilə azadlığa qovuşa bildim. Təbii ki, işi ölkə prezidenti İlham Əliyev nəzarətə götürməsə idi, azadlığa qovuşmağımdan söhbət belə gedə bilməzdi.
MTN ömrümün növbəti 3 il 2 ayını belə puça çıxarmağa nail oldu. Azadlığa çıxdıqdan sonra da təqib olunduğumun fərqində idim. Məni bir sual daima düşündürürdü; axı, nə istəyirdilər onlar məndən?

Davamı olacaq…

LEAVE A REPLY