Rusiya İŞİD-in cihad təhdidinə cavab verə biləcəkmi?

0
4

Zaur Muradxanlı

Rusiya İŞİD-in cihad təhdidinə cavab verə biləcəkmi?
Supergüclər ittifaqa hazırdırmı?

Sadiq oxucularımıza yad olmayan Yaxın Şərq və xüsusən də Suriya mərkəzli bölgədə hadisələr antiterror koalisiyalarının müdaxiləsindən sonra düzəlmək əvəzinə daha da relsdən çıxmağa doğru gedir. Keçən yazılarımızda da qeyd etdiyimiz kimi əvvəlcə Amerikanın liderliyində antiterror və anti-Əsəd koalisiyası bölgədə vəziyyəti sabitləşdirməkdə işə yaramayınca, Əsədin birbaşa təklifi və rəsmi dəvəti ilə bu dəfə Rusiyanın liderliyindəki koalisiya təxminən ay yarım öncə bölgəyə müdaxilə etmiş, Suriyanın xüsusən radikal müsüəlman terrorçularından (bu tərror təşkilatlarının adı istər İŞİD olsun, istər Əl-nusra, istərsə də digərləri-Z.M) təmizlənməsi üçün əməliyyatlara başlanmışdı.
Rusiyanın Bəşər Əsədin rəsmi müraciəti əsasında Suriyada antiterror əməliyyatlarına başlamasından təxminən bir ay sonra İŞİD terror təşkilatından ilk cavab gəldi. Belə ki, Misirin Sinay yarımadasındakı turizm mərkəzlərindən olan Sarm- əl- Şeyx şəhərindən Sankt-Peterburqa gedən və rus aviasiya şirkətinə məxsus olan təyyara havaya qalxdıqdan iyirmi üç dəqiqə sonra havada parçalandı. Təbii olaraq artıq yüksəklik aldıqdan sonra parçalanan təyyarənin göyərtəsindəki iki yüz iyirmi dörd nəfərin hamısı hadisə nəticəsində dünyasını dəyişdi.
Bu hadisədən dərhal sonra dünyanın müxtəlif bölgələrindən təpkilər gəlməyə başlandı. Bir sıra ölkələr hadisənin adi qəzza ola biləcəyini düşündükləri bir vaxtda, xüsusən Amerika Birləşmiş Ştartları və Britaniyadan fərqli yöndə bəyanatlar səsləndirildi. Ayrıca Britaniya baş naziri Devid Kameron Misirə birbaşa uçuşların dayandırıldığını elan etdi və səbəbini də hadisənin hər hansı qəzadan qaynaqlanmadığını, əksinə, Sinay yarımadasında fəaliyyət göstərən və aylar öncə İŞİD-ə biət etdiyi bilinən terror təşkilatı tərəfindən planlanaraq həyata keçirilməsi ilə bağlı ciddi şübhələrinin olması ilə izah etdi. Uçuşları dayandırmaqda məqsədin də Misirdə istirahət etməkdə olan ingilis vətəndaşlarının təhlükəsizliklərini təmin etmək olması ilə əlaqələndirdi.
Həm Amerikanın təyyarənin qəza səbəbinin terror hadisəsi ilə bağlı ola biləcəyi barədəki bəyanatı, həm də Devid Kameronun uçuşların qeyri-müəyyən vaxtadək təxirə salınması haqqındakı müvafiq qərarı rusları və müvafiq komissiyanın qərarını görmədən danışmaq istəməyən Misir hökumətini hiddətləndirməyə yetdi. Belə ki, onların hər ikisi də daha çox qəza ehtimalı üzərində durmaqla bərabər ola biləcək hər hansı terror aksiyası versiyasına da nisbətən ehtiyatlı yanaşmağa üstünlük verirdilər. Amma hadisənin üzərindən zaman keçdikcə və təyyarənin qara qutuları açılaraq duinləndikdən sonra artıq Rusiya və Misir araşdırma komissiyası da terror aksiyası üzərində dayanmağa başladı. Belə ki, qara qutulardan təyyarənin cihazlarının durumunu qeyd edən qutuda hər şey normal olduğu halda, pilot kabinəsindəki danışıqları qeyd edən qutuda isə maraqlı faktlar lentə alınmışdı. Kabin heyətinin bir-biriləri ilə normal danışıqları davam edərkən partlayış səsi eşidilir və sükut çökür. Hər nə qədər Misirdə təşkil olunmuş araşdırma komissiyasının üzvləri partlayış səsinə oxşar səsin bilgisayar analizinə ehtiyacı olduğunu və yalnız bundan sonra dəqiq bir söz deməyin mümkün olduğunu bəyan etsə də, artıq hər şey açıq və ortadadır. Hətta bəzi Qərb analitikləri bu hadisəni İŞİD-in Rusiyaya qarşı başlatdığı cihadın ilk işarəti ola biləcəyi barədə də bəyanat verirlər. Bilmirəm bu belədir yoxsa yox, ancaq onu bilirəm ki, İŞİD kimi dəhşətli bir terror təşkilatı üçün heç bir zaman mülki insanların dəyəri yoxdur və bu tip terror təşkilatları daha çox günahsız insanları hədəf almağa, onları gözləmədikləri yerlərdə öldürərək insanlarda vahimə salmağa, toplumda qorxu və nifaqın yayılmasına çalışırlar.Biz bunu İŞİD-in daha öncə digər ölkələrdə həyata keçirməyə müvəffəq olduğu qanlı aksiyalardan bilirik.
İndi istər-istəməz sual meydana çıxır; bəs gələcəkdə nə olacaq? Artıq təyyarənin terror aksiyasına qurban getdiyini rəsmi dairələr hər nə qədər çəkincəli olaraq dilləndirsələr də, həm İngiltərənin Misirdə istirahət etməkdə olan iyirmi min nəfərə yaxın vətəndaşını, həm də Rusiyanın bəhs etdiyimiz ölkədə dincəlməkdə olan yetmiş doqquz min vətəndaşını təxliyyə etmək üçün bölgəyə boş təyyarələr göndərməsi bu ölklələrin rəsmi dairələrində terror aksiyasına olan əminliyin təzahürü deyilmi? Ayrıca, rus tur agentliklərinin Misirə olan sifarişləri Türkiyə və Kiprə dəyişmək üçün müştərilərinə təkliflər etməsi də baş verə biləcək yeni terror aksiyalarından qorunmaq üçün atılmış bir addımdır. Lakin hər kəsin anlamalı olduğu bir şey vardır ki, terrorun yeri və Vətəni olmadığı kimi, terrorçunun da yaxşısı və pisi yoxdur. Bu gün dəstəklədiyiniz terror təşkilatının maraqlar kəsişincə öz dəstəkçilərini necə vurduğu barədə yaxın tarix onlarca faktlarla doludur.
İndi başqa bir məsələləni diqqət mərkəzimizə gətirək. İŞİD Rusiyaya qarşı cihad elan etməklə bu ölkəyə nə kimi zərərlər verə bilər? Bu əlbəttə müxtəlif yanaşma tərzlərinə görə dəyişəcəkdir. Kimiləri rus agentura şəbəkəsinin önləyici tədbirləri sayəsində terrorçuları hər hansı aksiya həyata keçirmədən fiziki məhv edilə biləcəyini iddia etsələr də, mən bunun sözün əsl mənasında tam belə olacağına inanmıram. Ən azından ona görə ki, bu gün dünyanın ən ciddi mühavizə olunan obyektləri belə zaman-zaman terrorçuların hədəfi halına gələ bilirsə, bu o deməkdir ki, terrorçular həmişə dövlət strukturunda zəif nöqtələr tapmağa qadirdirlər. Məsələn, elə Paristəki “Charlie Hebdo” dərgisinə basqını, London metrosundakı terror aksiyasını və ya 11 sentyabr hadisələrini nümunə olaraq göstərə bilərik.
Rusiyanın Suriyaya hərbi müdaxiləsi böyük dövlət refleksi olduğu kimi, elə terror olaylarından qorunması da böyük dövlət olmanın gərəkdirdiyi hadisələrdən ən başlıcasıdır. Çünki böyük dövlətlər öncəliklə daxili sabitliyi və vətəndaşlarının təhlükəsizliyini digərlərindən daha mükəmməl şəkildə təmin etmələri ilə öyünərlər.
Bəs, Rusiya bunu edə biləcəkmi? Çünki terror təşkilatları ilə mübarizə aparmaq bəzən assimmetrik müharibədən də o tərəfə keçir və sanki tüstünü yaxalamaq kimi bir hadisəyə dönüşür. Siz onu qamarlamağa çalışdıqca o daha da artır. Bu gün İraqın şimalı, Suriyanın böyük bir qismi və Afrikaka qitəsinin on üç faizinə nəzarət edə bilən bir terror təşkilatından danışırıqsa, demək ki, bu böyüklükdə əraziyə sahiblənən, ən azından faktiki cəhətdən nəzarət edən bir təşkilatın kökünü qurutmaq Rusiyanın təkbaşına bacara biləcəyi bir iş deyil. İstənilən qədər modern silahlarınız, dünyanın hər yerini vura bilən raketləriniz olsa da, bütün bunlar assimmetrik müharibədə lazımi effekti verə bilməyəcəkdir. Dəyəri milyonlarla dollarla ölçülən bir raketi beş-on terrorçu öləcək deyə israf etmək, hər halda ağılkarı deyil və bunu elə o raketləri atəşləyənlər özləri də bilirlər. Məncə minlərlə kilometr uzaqdan terrorçuların başına raket yağışı yağdırmaq bu terrorçuları fiziki cəhətdən məhv etmək məqsədindən daha çox bölgə dövlətlərinə qarşı hesablanmış əzələ nümayişindən başqa bir şey deyildir ki, hər halda mesajı almalı olan dövlətlər də bu mesajı alıblar.
Hərbi hava qüvvələrinin keçirdiyi əməliyyatlar nisbətən uğurlu nəticələr verə bilər, amma bir şərtlə ki bu əməliyyatlar yaxşı təlim görmüş, peşəkar quru qoşunları tərəfindən dəstəklənsin. Doğrudur, Suriyada belə əməliyyatlar keçirilməkdədir ancaq, gəlin, unutmayaq ki, rus təyyarəsinin partladılmasını Suriyadakı İŞİD-in birbaşa özü yox, onlara biət etmiş və Sinay yarımadasında yerləşən başqa bir terror təşkilatı həyata keçirmişdi. Demək ki, bu bataqlığın sadəcə bir qismini qurutmağa çalışmaq lazımi faydanı verməyəcək. Siz bir tərəfdə yanğını söndürməyə çalışarkən, digər tərəflərdən qalxan tüstü də nəfəs yolarınızı iflic edə bilmək üçün çırpınacaqdır. Belə olduğu təqdirdə yuxarıda da qeyd etdiyimiz kimi, terrorçu ayrımını bir kənara qoyaraq birlikdə bütün terror təşkilatlarının məhvinə çalışmaq lazımdır. Bəs, dünya ictimaiyyəti və yaxud supergüclərin liderləri necə, bu ittifaqa hazırdırlarmı? Məncə yox… Çünki sözdə deyil, işdə antiterror koalisiyasının yaradıla bilməsi üçün elə bir şərait yaranmalıdır ki, həm liderlərin şəxsi ambissiyaları, həm də təmsil etdikləri dövlətlərin maraqları ikinci plana keçsin. Bu isə ən azı indiki şəraitdə mümkünsüz görünməkdədir. Elə terror təşkilatlarının özləri maraqların kəsişməsindən törəyən parazitlər deyillərmi? Və dünya durduqca da dövlətlərin maraqları duracaqdır. Bu isə sözün əsil mənasında antiterror koalisiyasının heç vaxt yaranmayacağı deməkdir.

Yenə qayıdaq Rusiyanın öncüllüyündə yaradılmış antiterror koalisiyasına. Bu gün İran, İraq, Suriya və Rusiyanın Aralıq dənizinin şərq sahillərində ortaq maraqları var. Məncə Rusiyanı da elə gətirib Suriyadakı xaosun içərisinə soxan məhz bu dövlətin bölgədəki maraqlarından başqa bir şey deyil. Bu gün Rusiya Yaxın Şərqi Amerika liderliyindəki NATO-ya tərk etmək istəmədiyindən bölgədədirsə, İran Suriyadakı müxalif güclərin qalib gəlməsi və Bəşər Əsəd hökumətinin devrilməsi sonucunda növbənin ona çatacağını və daha sonra da özünün birbaşa hədəf taxtasına oturdulacağını bildiyindən olacaq ki, birbaşa hərbi müdaxilə olmasa da, yenə də bölgədəki antiterror əməliyyatlarında fəal iştirak etməkdədir. İraq İŞİD terrorundan əziyyət çəkdiyi üçün koalisiya ortağıdırsa, Suriyanı bu koalisiyanın yaradılmasında aktiv iştirak etməyə və eyni zamanda üçüncü dövlətlərin fəal hərbi müdaxiləsinə imkan verməsinə səbəb olan faktorlar da İraqla təxminən eyni, amma çox daha artığıdır. Həm qanuni hakimiyyətə qarşı birbaşa xaricdən maliyyə və silah dəstəyi alaraq döyüşən müxalifət adlı silahlı qruplar, həm ölkə ərazisinin böyük qisminə nəzarət edən İŞİD terror təşkilatı, həm də bəzi xarici dövlətlərin Bəşər Əsədi devirmək üçün şeytanın özü ilə belə ortaqlıq etməyə hazır olmaları Əsədi özünü qoruma instinkti ilə hərəkət etməyə və digər dövlətlərdən, məslən elə tarixi müttəfiqləri olan Rusiyadan birbaşa hərbi yardım istəməyə sövq etmişdir.
Doğrudur, Bəşər Əsəd yaxşı başa düşür ki, ölkə ərazisinə məcburiyyət qarşısında dəvət etdiyi hərbi hissələr bölgədə onun yox, təmsil etdikləri dövlətin maraqlarını qoruyacaqlardır. Faktiki olaraq Rusiyadan asılı vəziyyətə düşməsinə baxmayaraq, Əsəd bu vəziyyəti ölkəsini terror qruplaşmaları və başıpozuq silahlı dəstələrin əbədi nəzarətinə düşməyindən üstün tutdu.
Biz yenə də qayıdaq Rusiya və İŞİD münasibətlərinə. Bu ölkə əməliyyatların ilk günlərindəcə artıq üç yüzdən artıq terrorçunu məhv edildiyi barədə bəyanat verdi. Bu əlbəttə yaxşı hadisədir. Amma, gəlin unutmayaq ki, İŞİD-ın silahlılarının sayı minlərlə deyil, on minlərlə ölçülür və ayrıca bu terror qruplaşması hədəfinə aldığı dövlətin əhalisini canlı bombaları və digər vasitələrdən istifadə etməklə, heç fərq qoymadan, vəhşicəsinə qətl etməyə qadirdir.
Dünyada vəhşi müsəlman obrazı yaratmağa davam edən İŞİD və bənzəri terror təşkilatları sayəsində Rusiyada yaşayan, və ya hər hansı məqsədlə bu ölkəyə gedən müsəlmanlar potensial terrorçu müamiləsi görə bilərlər. Bu bizə, normal həyatını yaşamaq istəyən müsəlmanlara lazımdırmı? Əlbəttə yox… Digər tərəfdən sual oluna bilər, Rusiya Suriyaya girərkən əlbəttə ki, bu ölkənin strateqləri risk analizi edərək baş verə biləcək bütün təhlükələri götür-qoy ediblər, o zaman İŞİD-ın cihad elan edə biləcəyini də düşünsələrdi. Burada yenə yuxarıda toxunduğum bir faktı xatırlatmaq istəyirəm. Böyük dövlət olma refleksi… Bəli, bu refleks elə bir şeydir ki, bəzən supergüclər ciddi təhlükələri belə gözə alaraq, lazım gəldiyi anda bu refleksi verərlər, əks təqdirdə onların böyüklüyü müzakirə obyektinə çevrilə bilər ki, o səviyyələrə gəlmiş heç bir dövlət də buna qətiyyən icazə verməz. O ki qaldı Rusiyanın İŞİD cihadından qorunmasına, ümid edirəm ki, rus xüsusi xidmət orqanları vaxtında lazımi qabaqlayıcı tədbirləri görməyə müvəffəq olar və bir daha günahsız insanların qanı axmaz.

LEAVE A REPLY