Təyyarə qəzasının izləri: Misir çöküşə sürüklənir

0
4

Təyyarə qəzasının izləri: Misir çöküşə sürüklənir

Rus sərnişin təyyarəsinin Sinay yarımadasının üzərində qəzaya uğraması artıq öz mənfi təsirini göstərməyə başlayıb.

Belə ki, İngiltərə hökuməti öz vətəndaşlarına Misirin Şarm əl- Şeyx kurort zonasına getməməyə çağırıb. Bundan dərhal sonra isə İngiltərədən bu bölgəyə uçan bütün təyyarə səfərləri dayandırılıb. Səbəb rus təyyarəsinə bomba yerləşdirilməsi ehtimalı ilə bağlıdır. Bu şübhəsini açıq bəyan edən İngiltərə məsələyə tam aydınlıq gətirilməyənə qədər geri addım atmayacağını bildirib. Maraqlıdır ki, bütün bu qərarlar Misir prezidentinin İngiltərə səfərinin birinci günündə baş verib.

Londonun mövqeyi Misir yetkililərini də xeyli kədərləndirib və onlar narazılıqlarını rəsmən dilə gətiriblər. Ölkə prezidentinin sözçüsü Əla Yusif rus təyyarəsinin hansı səbəbdən qəzaya uğramasının araşdırılmasını beynəlxalq tədqiqata açdıqlarını və hər cür şəffaflığın təmin edildiyini deyib: “İngiltərə bu qərarını qəbul etməmişdən əvvəl tədqiqatların nəticəsini gözləməliydi. Misir hakimiyyəti bu istiqamətdə əlindən gələni etməyə çalışır”.

Misir Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı verdiyi açıqlama da nigaranlıq notlarıyla dolu olub. Nazir Səmih Şükrü bildirib: “İngiltərədən bir təhlükəsizlik mütəxəssisinin gəlib lazımi yoxlamaları aparana qədər Şarm əl-Şeyxə uçuşların ləğv edilməsi və səbəbin qəzaya uğramış Rus təyyarəsinə bomba qoyulması ehtimalı ilə əlaqələndirilməsi təəccüb doğurucudur”.

Rəsmi Qahirənin xəbəri bu qədər həyəcanla qarşılaması, prinsipcə, başadüşüləndir: İngiltərənin bu qərarı Misir iqtisadiyyatını yerlə bir edə bilər. Nədən ki, bu ölkənin əsas gəlir qaynaqlarından biri turizm sahəsidir. Misirin zəngin tarixi abidələri, qeyri-adi təbiəti hər zaman Qərb insanlarını özünə cəlb edib və bu gün də etməkdədir. Ölkə turizminin ən qaynar nöqtəsi isə Şarm əl-Şeyxdir. Qırmızı dənizin sahillərində yerləşən bu şəhər həm qızılı rəngli qumu, həm il boyu göz üzündən boylanan günəşi, həm bərraq dəniz suyu ilə görənləri valeh edir, hər kəsi özünə çəkir.

Xüsusilə Müsrinin devrilməsindən sonra Şarm əl-Şeyxin önəmi birə-beş artıb. Çünki ölkənin içində baş verən qarışıqlıqlar Misirin tarixi yerlərini ziyarətə gələnlərin ayağını bu ölkədən kəsib, turistləri Şarm əl-Şeyxə yönəldib. Sinay yarımadasının bu cənnət guşəsinə səfərlərin dayandırılması isə Misir turizminin tamamilə batması deməkdir. Çünki söhbət ölkənin milli gəlirinin 20%-dən artığını təşkil edən turizm sektorunun batmasından gedir.

Zənnimizcə, rus təyyarəsinin Sinay yarımadasında qəzaya uğradılmasının əsas səbəbi də elə bununla bağlıdır. Son zamanlar Rusiya ilə Misir arasındakı əlaqələrin güclənməsi, Suriya məsələsində rəsmi Qahirənin Moskvanın yanında dayanması onun regional və qlobal müttəfiqlərini narahat edirdi. Bu zamana qədər Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin maliyyə yardımlarıyla öz ordusunu ayaqda tutmağa çalışan Qəhirənin indi birdən-birə əks cəbhədə görünməsinin mütləq bir bədəli olmalıydı. Görünür, körfəz ölkələrinə bağlılığı şübhə doğurmayan İŞİD-in bu qəzanı törətməsi və ya məsuliyyətini öz boynuna götürməsi bu mənada təsadüfi deyil. Məqsəd Rusiya ilə Misir arasındakı münasibətlərə kölgə salmaq, Qahirəni iqtisadi cəhətdən sınağa çəkməkdir.

Məsələ burasındadır ki, Misir iqtisadiyyatının əsas sahələrindən sayılan turizmdə rusların payı digər ölkələrdən xeyli çoxdur. Xüsusilə qış mövsümündə Rusiyadan ən çox turistin Şarm əl-Şeyxə getdiyi bildirilir. Hadisənin də məhz qış mövsümünə az qalmış baş verməsi bəlkə də bundan qaynaqlanır. Faktiki olaraq, təyyarə qəzasında İŞİD barmağı təsdiqlənərsə, rus təyyarələrinin bir daha Sinay üzərindən uçması mümkün olmayacaq. Əks təqdirdə, rus turistlər Sinay yarımadası üzərində hər an müxtəlif təxribatların qurbanına çevrilə bilərlər.

Məlum qəzanın səbəbləri kimi əsasən iki ehtimal üzərində durulur. Ehtimallardan biri İŞİD tərəfindən irəli sürülüb. Həmin versiyaya görə, təyyarə yerdən atılan S-125 raketiylə vurulub. Digər versiya isə təyyarənin yük anbarına bomba yerləşdirilməsidir. Göründüyü kimi, hansı ehtimalın təsdiqlənməsindən asıl olmayaraq, bütün şübhələr İŞİD-ə yönəlib.

Rusiyaya meyllənən Misirin bu qədər çətin imtahana çəkilməsinin ən başlıca səbəbi isə onun ərəb dünyası üçün olduqca mühüm əhəmiyyət daşımasıdır. Bu ölkə Afrika və Asiya qitəsinə yayılmış ərəb millətinin tam ortasında yerləşməklə birlikdə, həm də ciddi dövlətçilik ənənələrinə sahib xarakteriylə də seçilir. Üstəlik, ərəblərin ən böyük hərbi potensialı da Qahirənin əlindədir. Neft zəngini ərəb dövlətlərinin onun hərbi qüdrətini artırmağa çalışması və hər il bu məqsədlə Qahirəyə 10 milyardlarla dollar yardım etməsi də burdan qaynaqlanır. Kiçik, amma olduqca zəngin ərəb dövlətləri hərbi cəhətdən güclü Misiri öz təhlükəsizliklərinin də qarantı olaraq görürlər. Sözsüz ki, bu ölkənin birdən-birə əks cəbhəyə meyllənməsi başda Səudiyyə Ərəbistanı olmaqla, bütün ərəb dünyasının Yaxın Şərqdə İran və Rusiya qarşısında çökməsi deməkdir.

Rəsmi Qahirənin öz “alicənab” və əliaçıq müttəfiqlərindən uzaqlaşmaq cəhdləri də əslində səbəbsiz deyil. Nə qədər ərəb dünyasının bir parçası olmasına baxmayaraq, Misir öz tarixi gələnəkləri və dövlətçilik şüuru baxımından mənsub olduğu millətdən qəti surətdə fərqlənir. Daha ciddi tarixi ənənələrə və mədəniyyətə sahib olan bu ölkə indi aldığı yardımlarla bərabər Səudiyyə Ərəbistanı tərəfindən təlqin olunan dini-siyasi cərəyanların təsiri altına düşür. Bir müddət əvvəl ölkədə hakimiyyətə gəlmiş Müsri də əslində Səudiyyə krallığının təlqin etdiyi dini-siyasi cərəyana yaxın adam idi. Onun hakimiyyətini öz varlığı üçün təhlükəli hesab edən Misir ordusu tarixin ən qanlı çevrilişlərindən birini həyata keçirərək öz tarixi gələnəklərini qorumağa çalışdı. Fəqət daha mülayim cərəyanı ortadan qaldırmaqla, daha radikal bir dini ideoloji xəttin daha rahat formalaşmasına yol açdı. Bu isə təyyarə qəzasında məsuliyyəti boynuna götürən İŞİD-dir.

Sisi hakimiyyətinin İran və Rusiyanın Suriyada güclənməsini və bu təhlükəni yox etməyə çalışmasını arzulamasının başlıca səbəbi də budur. Maraqlıdır ki, Sisi bu niyyətini gizlətməyə belə lüzum görmür, xüsusilə son zamanlar Rusiyanı açıq dəstəkləyən mövqe ortaya qoyur. Təyyarə qəzasının II Vyana görüşündən dərhal sonra baş verməsi bu mənada düşündürücüdür. Xatırlayırsınızsa, həmin görüşdə Misir açıq-aşkar Rusiyanın tərəfində yer almışdı.

Görünür, indi Sisi hakimiyyətinin qarşısında iflasa uğradılmağa çalışılan iqtisadiyyatı ilə bədəl ödəmək taleyinə sinə gərmək vəzifəsi dayanır. Rəsmi Qahirə bu sınaqdan nə qədər çıxa biləcək? Bu sualın cavabı yaxın zamanlarda müəyyənləşəcək.

Heydər Oğuz

LEAVE A REPLY