Əlil vətəndaşın səsinə səs verən tapılacaqmı?
Gəncədə baş vermiş sui-qəsd hadisəsinə münasibətimi elə ilk gündən bəyan etmişəm. Atəş açan da, yaralananlar da bizim millətimizin nümayəndələridir. Buna sevinəkmi? Bizlər indi, yalnız düşmənlərin ölüm xəbərinə sevinməliyik axı…
Ancaq nə etməli, Elmar Vəliyevin gülləyə tuş gəlməsinə sevinənlər çoxluq təşkil edir. Düşündürücüdür, elə deyilmi?! Bu barədə mövqeyim bəlli olduğundan nə Elmardan , nədə ki, Yunisdən uzun-uzadı söhbət açmaq fikrindən çox uzağam. Bu artıq istintaqın və məhkəmənin işidir. Onların da nə qədər “ədalətli” olduqlarının isə, dəfələrlə şahidi olmaq qismətimə pay düşüb.
Təbii ki, Elmar və Yunis kimilər ölkəmizdə az deyillər. Bəli, Elmar ölkəmizin tipik İcra Hakimiyyəti başçılarından biridi. Ona bənzəməyən digər kiçik “padşah”ı göstərin, mən də görüm…
Hamısı özündən razı, təkəbbürlü, qaraqabaq, kobud, sərvət sevən, zalım və qəddar…Varmı başqa cürü ? Varsa deyin, biz də bilək, təbliğ edək, nümunə göstərək. Əlbəttə, heç bir halda onlara qarşı Yunisin etdiyini təkrar etmək olmaz. Bu cinayətdir və Yunisin etdiyini qəhrəmanlıq hesab etmək tamamilə yanlışdı. Ölkəmizdə qlobal dəyişikliklərə nail olmağın sivil yolları var və düşünürəm ki , məhz milli birlik, vətəndaş həmrəyliyinə nail olmaqla demokratik idarəçiliyin təməlini qoya biləcəyik.
Bu gün mövzum tam başqadır. Növbəti dəfə bir əlilin fəryadını, ahu-naləsini sizlərə çatdırmaq istəyirəm. O da söylədiyi kimi Balakən “padşah”ının əlindən birtəhər qurtulub, dərdini söyləmək üçün paytaxtda səlahiyyətlilərin qapısına üz tutub. İlk olaraq Kənd Təsərrüfatı Naziri, cənab İmdad Kərimova müraciət edib. Nələrin baş verdiyini öyrənmək üçün Balakən rayon sakini, birinci qrup gözdən əlil Əhməd Bodurovun İmdad Kərimova ünvanladığı ərizəylə tanış olmaq yetərlidi. Əlil olmasına baxmayaraq Ə.Bodurov qurub-yaratmaq , öz zəhmətiylə yaşamaq istəyən insandır.
Təəssüf ki, məmləkətimizdə kimsə kimin ərizəsini oxumaq istəmir. Əhməd bu dəfə ərizəsinin oxunacağına böyük ümid bəsləyir. “ASAN” xidmətdəki fəaliyyətinə rəğbət bəslədiyi İ.Kərimova inamı hədsizdi.
Əhməd nazirə ünvanladığı ərizəsində yazır:”Cənab nazir, birinci qrup gözdən əlil olsam da, fermer kimi fəaliyyət göstərirəm. Qeyd etmək istəyirəm ki, tütünçülük və ipəkçilik sahələrində müəyyən uğurlarım da olub. Özümlə yanaşı bir çox ailənin də qazanc əldə etməsinə şərait yaratmışam. Təəssüf ki, Balakən Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətimə ciddi maneələr yaradılır. 2016-cı ildə rayonun Kortala bələdiyyəsindən icarə müqaviləsi əsasında 10 hektar torpaq götürüb tütün əkmişdim. Həmin sahədən 96 ton tütün əldə edə bildim.
Ölkə Prezidenti , cənab İlham Əliyevin tütünçülük və ipəkçiliyə diqqətin artırılması çağırışından sonra xeyli həvəslənib, daha ciddi uğurlara imza atmaq istəyirəm. 2017-ci ildə 40 istixana yaradıb tütün şitili becərsəm də Kortala kənd bələdiyyəsinin sədri İcra hakimiyyəti başçısının xüsusi göstərişinə əsasən həmin ərazidə tütün əkməyimə icazə vermədi. Xeyli şitilim zay oldu. Uzun əzab-əziyyətdən sonra Qullar kənd bələdiyyəsi ərazisində 10 ha torpaq ayırdılar. Maneələrə baxmayaraq 2017- ci ildə 14 ha sahədə tütün becərib, 14 ton 965 kq quru tütün təhvil verə bildim. Tütün yığımına az qalmış isə, kimlərinsə göstərişiylə 2 ha tütün sahəm şumlanmışdı. Şikayətimə yenə kimsə baxmadı. Böyük ehtimalla bu Qullar kənd bələdiyyəsi tərəfindən edilmişdi.
Bu il də 8 ha sahədə tütün əkib, becərməyi bacarmışam. Daha çox ərazi ayrılsaydı belə işin öhdəsindən layiqincə gələ bilərdim. Təəssüf ki, Qullar kənd icra nümayəndəliyi tərəfindən sahələrin suvarılmasına daima süni maneələr yaradılır. Onu da qeyd etmək istəyirəm ki, 2017-ci ildə mənim becərdiyim məhsuldar sahəni Qullar kənd icra nümayəndəsi Papaxov Fəxrəddinin tütünçülüyə heç bir aidiyyatı olmayan yaxınlarından sayılan Saramanova Aynurun adına rəsmiləşdirərək, ona 15 min 300 manat mükafat ayrılıb. Təbii ki, belə bir saxtakarlıq mənim və kollektivimin işgüzar əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib.
Bu il həm də ipəkçilik sahəsində uğur qazanmaq üçün Balakən rayon Kənd Təsərrüfatı idarəsindən 62 qram barama qurdu götürdüm. Əlavə istəsəm də, rədd cavabı aldım. Ardınca Qax rayon Toxumçuluq İdarəsindən də 100 qram barama qurdu götürə bildim. Yenidən qarşıma sədlər çəkildi. Həmin sədlərin kimlər tərəfindən çəkildiyinə və nələrdən ibarət olduğuna aid bütün səbəbləri ən kiçik detallarına qədər sübut etməyə hazıram. Məhz maneələrə rəğmən planlaşdırdığım baramanı əldə edə bilmədim. Məlumatınız olsun ki, rayon kənd təsərrüfatı idarəsi İcra Hakimiyyətinin göstərişiylə yuxarı instansiyalara tütün əkilməsi barədə şişirdilmiş, yalan hesabatlar verir və nəticədə xeyli miqdarda subsidiyalar alırlar. Ötən il Gərəkli kəndində cəmi 7-8 ha tütün əkilsə də, yuxarılara 70 hektar tütün əkilməsi barədə məlumat ötürülmüşdü. Rayon İcra Hakimiyyəti başçısının himayəsiylə Püştətala kənd bələdiyyəsinin sədri Şamsu xanımın adına 24 ton quru tütün sənədləşdirilib ki, bu rəqəmin nə qədər şişirdildiyini sübut etmək bir o qədər çətin deyil.
Bu cür saxtakarlıqları sıralamaqla bitirmək olmaz. Məhz bu cür hallara etiraz etdiyim üçün rayon rəhbəri tərəfindən daima təqiblərə məruz qalıram. Başçı məni həbs etdirməklə hədələyərək, barəmdə “vsemirni demoqoq” ifadəsini işlədir.
Sizdən böyük ümidlə xahiş edirəm ki, mənim fəaliyyətimi nəzarətdə saxlayasınız. Sizi tam əmin edirəm ki, ölkəmizin aqrar sektorunun inkişafı üçün böyük töhfələr vermək əzmindəyəm. Bildirirəm ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan partiyasının 1996-cı ildən üzvüyəm. Bu gün onun layiqli davamçısı İlham Əliyevin bütün çagırışlarına qoşulanlardanam. Sizə inanıram və böyük ümid bəsləyirəm.”
Bax belədir rayonlarımızda vəziyyət. Öz halal zəhmətiylə yaşayanlara da hər gün zülm çəkdirilir, qadağalar qoyulur. Ərizələrini oxuyan, şikayətlərinə baxan isə hələlik yoxdur. Əlillər də zəlil gününə salınıb. Bu, Ə.Bodurovun yeganə problemi deyil. Sosial müavinəti illərlə mənimsənilib, ata evində yaşamaq haqqı ola-ola didərgin salınıb. Bütün bunlar ayrı mövzu oldugundan , söhbəti növbəti mövzuya saxlayırıq.
Balakən barəsində isə , əvvəllər də söhbət açmışıq. Ordan aldığımız məlumatların birində həyəcan təbili çalınmışdı ki, İcra Hakimiyyətinin başçısı rayonun asfaltlaşdırılması üçün lazım olan asfaltı 200 km-dən artıq məsafədən-Göyçay rayonundan daşıtdırırmış. Deyilənə görə Göyçaydakı asfalt zavod onun yaxınlarına məxsusuymuş. Dövlətin vəsaitinin nə qədər artıq xərclənməsi isə vacib məsələ deyilmiş.
Görünən odur ki, nəinki ərizələr, KİV-lərdə yazılanlar da oxunmur. Nəticə bəllidi, cana doymuş insanlar başqa çıxış yolları arama baş vurmağa girişirlər. Həqiqəti yazanlar isə ağlasığmaz ittihamlarla həbsxanalara “ezam” edilirlər. Bütün bunların sonu olacaqmı, Cənablar?!
Ramiz Tağıyev
Mövzuya qayıdacağıq.
Adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq