Əhaliyə qışda yollara səpilən duz satılır

0
4

Əhaliyə qışda yollara səpilən duz satılır

“Ölkə bazarında, xüsusilə də bölgələrdəki topdansatış mərkəzlərində satılan duzlarla bağlı araşdırma aparılıb. Məlum olub ki, qışda yollara tökmək üçün istifadə olunan duz qablaşdırılaraq yodlu duz adı ilə əhaliyə satılır”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, araşdırma zamanı bəlli olub ki, Abşeron rayonundakı gizli sexlərin birində Ukraynanın “Artyom sol” əmtəə nişanı saxtalaşdırılır: “Qışda qarda sürüşməmək üçün yollara tökülən, eləcə də gön və dəri təmizlənməsində istifadə edilən duzlar təmizlənmədən qablaşdırılır. Sonra isə topdansatış mərkəzlərindən mağazalara paylanır. Bu duzlar sağlamlıq üçün təhlükəli hesab edilir”.

Təşkilat rəhbəri dedi ki, təhlükəli duzlar əsasən Xırdalan, Sumqayıt, Qazax, Bərdə, Ağcəbədi, Zərdab, Göyçay, Şəmkir, Ucar, Gədəbəy, İmişli və Şəkinin topdansatış mərkəzlərində aşkarlanıb.

E.Hüseynovun sözlərinə görə, mağazaların ünvanları və duzlardan götürülmüş nümunələr İqtisadiyyat və Sənaye Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Səhiyyə Nazirliyinə təqdim edilib: “Dövlət qurumlarından cavab gözləyirik. Bu cür duzları əhaliyə satan şəxslər, eləcə də istehsal müəssisələri aşkarlanaraq məsuliyyətə cəlb edilməlidirlər. Yodlaşdırılmış duzlarla bağlı qanun və qərarlar qüvvədədir. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Buna görə də dövlət müəssisələrindən əhalinin sağlamlığı üzərində pul qazananların aşkarlanaraq məsuliyyətə cəlb olunmasını tələb etmişik”.

LEAVE A REPLY