Böhranın səbəblərilə bağlı rəsmi açıqlama istər-istəməz ağla bu sualı gətirir: Doğrudanmı, Azərbaycan xalqı elektrikdən istifadə qaydasını bilmir və bu məsələdə çox israfçı davranır?
Müstəqil Dövlətlər Birliyinə (MDB) Dövlətlərarası Statistika Komitəsinin yaydığı bir məlumat bu versiyanı tamamilə alt-üst edir. Bu ilin ilk iki ayında elektrik sərfiyyatı ilə bağlı məlumata görə, biz nəinki israfçı deyilik, hətta digər respublikalardan xeyli geridə qalırıq.
Bildirilir ki, yanvar-fevral ayları ərzində Azərbaycanda cəmi 4,1 milyard kVt-saat elektrik enerjisi istehsal olunub. Bu isə o deməkdir ki, həmin 2 ay ərzində ölkəmizdə adambaşına düşən elektrik enerjisi 414 kVt-saat olub. Bu göstərici digər post-sovet ölkələri ilə müqayisədə ən axırıncı iki yerdən biri deməkdir. Statistik məlumata görə, yalnız Tacikistan bizdən geri qalıb. Tacikistanda bu göstərici 377 kVt-saat təşkil edib.
Digər ölkələrdə isə adambaşına düşən elektrik enerjisi istehsalı Azərbaycandan yüksəkdir. Bəyənmədiyimiz Ermənistanda belə, adambaşına düşən elektrik enerjisi istehsalı son 2 ayda 517 kVt-saat, Qırğızıstanda 623 kVt-saat, Ukraynada 697 kVt-saat, Belarusda 715 kVt-saat, Qazaxıstanda 1088 kVt-saat, Rusiyada isə 1358 kVt-saat olub.
Onu da bildirək ki, Azərbaycan əhalisi elektrik enerjisindən istifadəyə görə də MDB və region ölkələri arasında son sıralarda yer alıb. Belə ki, Azərbaycanda bir nəfər il ərzində orta hesabla 1700 kVt-saat elektrik enerjisindən istifadə edir. Halbuki bu göstərici MDB və region ölkələrindən Ermənistanda 1800, Türkmənistanda 2400, Belarusda 3600, Gürcüstanda 1900, İranda 2600, Türkiyədə 2670, Qazaxıstanda 4890, Rusiyada 6500, Tacikistanda 1900 kVt-saat təşkil edib. Azərbaycan bu sahədə yalnız Özbəkistan (1600 kVt-saat) və Qırğızıstandan (1640 kVt-saat) öndədir.
Maraqlıdır ki, biz bütün ölkələrdən az elektrik enerjisi istehsal etməyimizə baxmayaraq, bu sahədə ixracatı isə xeyli artırmışıq. Özü də nə az, nə çox, düz 3 dəfə. Hər halda bunu da rəsmi qurumlarımız etiraf edirlər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Komitədən AZƏRTAC-a bildiriliblər ki, 5 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 53 milyon 328 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 393 milyon 413 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 805 min dollar olub.
Beləliklə də, bu ilin yanvar-may aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfəyədək artıb.
Deyəsən, dünən qaranlığa qərq olmağımızın əsl səbəbi ortaya çıxır. Görünən budur ki, az elektrik enerjisi istehsal etməyimizə baxmayaraq, bəzi çoxbilmişlər bir də bunu xaricə satmağın yollarını düşünüblər. Nəticədə bu qazancın fakturası şair təbiətli Azərbaycan xalqına kəsilib – Zülmət gecələrdə ay işığı tamaşası.