Prezident Administirasiyası yetkilisinin adı nə üçün dələduzluqda hallandırılır?!

0
8

Ramiz Tağıyev

Tanınmış jurnalist , “PS.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin eyni adlı saytda imza atdıgı “Prezidentin poçtuna” başlıqlı yazısı diqqətimi çəkdi və aylar öncə eşitdiyim bir hadisəni xatırlatdı. Həbsxana həyatımdan tanıdığım Nemət adlı məhkumun atası İsmayıl Cəfərov dərdini söyləmək üçün mənimlə görüşmək istəmişdi. Görüşdük, onu dinlədikdən sonra aldadıldığının fərqində olmuşdum. Bircə oğlunu həbsxanadan azad etdirmək üçün yollar arayan ata, uzun müddət ailəvi dostluq münasibətində olduğu Rüstəmov Bəxtiyar Elburus oğlu tərəfindən namərdcəsinə aldadılmışdı.

İ.Cəfərovun oğlu illər öncə ölüm işində təqsirləndirilərək uzunmüddətli həbs cəzasına məhkum edilib. Əslində isə, həmin qətli başqası törədib. İsmayıl kişinin övladının günahı həmin hadisənin şahidi olmasıymış. Beləki, qətli törətmiş digər şəxs cinayətini etiraf edib. Zərərçəkmiş tərəf isə notarial qaydada məhkəməyə sənəd təqdim edib ki, İ.Cəfərovun oğlundan şikayətçi deyillər. Təəssüf ki, qatilin etirafı, zərərçəkmişlərin təqdim etdiyi sənəd nəzərə alınmayıb, onun oğlu cinayəti törətmiş qatillə eyni cəzaya layiq görülüb.

Məhz bundan sonra ata övladının günahsızlığını sübuta yetirmək üçün çalışmış, onun azadlığına nail olmaq naminə mal-mülkündən, pulundan keçməyə razı olmuşdu. O da sirr deyil ki, bir çox hallarda insanların çətin durumundan məhz dələduzlar yararlana bilirlər. Burada İsmayıl kişinin söylədikləriylə tanış olmaq yerinə düşər. O, Şəmkirdə yaşayan Elburus Rüstəmovla dostluq münasibətlərinə inandığından onun oğlu Bəxtiyara etibar etməsindən və necə ustalıqla aldadığıldan ürək ağrısıyla söhbət açır:”Şəmkirdə yaşayan Elburus Rüstəmovla yaxın dostluq münasibətlərində olmuşuq. Gediş-gəlişimiz dəfələrlə olub. Elburus uzun müddət Dövlət Yol Polisində xidmət göstərib. Oğlu Bəxtiyarın da hüquq təhsili aldığını eşitmişdim. Bəxtiyar özünü Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı kimi təqdim edirdi. Əvvəl söz vermişdi ki, oğlumun işini Ali Məhkəmədə həll edəcək. Bəxtiyarın məni Prezident Administirasiyasında işləyən Feyruz Mustafayevlə tanış etməsindən sonra daha da ümidləndim. Həmin görüş zamanı məni inandırdılar ki, məndən aldıqları 55 min manat pulu Prezident Administirasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsində çalışan Vüsal İsayevə verəcəklər və o da Ali Məhkəmə vasitəsiylə oğlumun azadlığa buraxılması məsələsini həll edəcək.

Bəxtiyar V.İsayevlə tələbə yoldaşı olduğunu , Vüsalın Şəmkir qarnizonunda çalışdığı zaman onların evində qaldığını söyləyərək məni daha çox inandırmağı bacarmışdı. İş orasındadı ki, atası Elburus da oğlunun söylədiklərini birəbir təsdiq edirdi. Uzun müddət keçdikdən sonra verdikləri vədi yerinə yetirmədiklərini görüb, narahat oldum.Verdiyim pulun bir hissəsini bankdan kredit götürdüyümdən, hər ötən ay yeni problemlərlə üzləşməli olurdum. Pulumun qaytarılmasını tələb etdim. Bəxtiyar isə yeni “oyun” hazırlayıbmış. O, Ali Məhkəmə adından hazırlanmış qərarın surətini mobil telefonu vasitəsiylə göndərərək məni növbəti dəfə inandıra bildi ki, oğlumun azadlığa qovuşması tezliklə mümkün olacaq. Guya, Ali Məhkəmənin 30 sentyabr 2016- cı il tarixdə verilmiş qərarına əsasən cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq yeni açılmış hallara görə cinayət işlərinin xüsusi icraatda baxılması nəzərdə tutulubmuş.Həmin qərara əsasən oğlumun işi yenidən Apellyasiya Məhkəməsində baxılacaqmış. Qərar elə ustalıqla saxtalaşdırılıb ki, hətta Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzasının qoyulduğu da gostərilib. Necə bir sevinc yaşadığımı kimsə təsəvvür edə bilməz…

3

Düşünürdüm ki, bu dələduzluq ola bilməz. Bəxtiyarın belə bir sənədi mobil telefonla göndərməsi məni bir daha inandırmışdı. Üstündən növbəti aylar keçdi. Məhkəmənin keçirilmə müddətinin də ötdüyünü görüb Bəxtiyarla bir daha görüşdüm. Görüşdə Feyruz Mustafayev də iştirak edirdi. Hər ikisi and-aman etdilər ki, pulu V.İsayevə veriblər və ondan geri ala bilmirlər. Mənə bildirdilər ki, guya, Ali Məhkəmədə iş alınmadığından Vüsal müəllim oğlumun adını əfv siyahısına saldıracaq. Aylar sıralanıb, vədlər ard-arda düzülsə də, bir nəticə olmadığını görüb Bəxtiyardan yenidən pulumu tələb etdim. Məbləgi qeyd edib, altından imzasını ataraq tez bir zamanda pulumu qaytaracağına söz verdiyindən bir xeyli müddət də gözləməli oldum.

1

2

Dəfələrlə atasıyla əlaqə saxladım. Bir neçə dəfə Şəmkirə getdim. Demə, ata oğlundan fərqli biri deyilmiş. Elburus hər dəfə oğlunun qarasınca danışıb, narahat olma, 3-4 hektar torpağım var, satıb sənin pulunu qaytaracagım, desə də, oğlu kimi aylardır məni aldatmaqla məşğuldu. Kredit borcumu ödəmək imkanım tükəndiyindən ciddi narahatlıq keçirirəm. Elburus son günlərə qədər zənglərə cavab versə də, artıq o da oğlu kimi gizlənməyə üstünlük verib.Ya anlamaq istəmir ki, müasir texnologiya bizim bütün telefon danışıqlarımızı aşkarlamaq gücündədi, ya da ki, kimlərəsə güvənir.

Bir neçə dəfə Prezident Administirasiyasına gedib Vüsal İsayevlə görüşmək istəmişəm. Məni qəbul etməkdən imtina edib. Ona tanışı vasitəsilə xəbər də göndərmişəm. Həmin şəxsin bildirdiyinə görə, Vüsal müəllim əvvəl Bəxtiyarı tanımadığını söyləsə də, sonradan etiraf edib ki, Bəxtiyarı yaxından tanısa da, bu işlə heç bir ilişkisi olmayıb”.

1

Görünən odur ki, İsmayıl Cəfərov Bəxtiyar və Feyruz adlı şəxslər tərəfindən aldadılaraq, külli miqdarda pulu onlar tərəfindən mənimsənilib. Hələ də dəqiqləşdirmək mümkün olmayıb ki, adı hallanan F.Mustafayev Prezident Administirasiyasının əməkdaşıdır, yada ki, o da Bəxtiyarın “peşə” dostlarından biridi? Təəssüf ki, bu çirkin “iş”də ölkənin məsul şəxslərindən birinin-Vüsal İsayevin də adı hallanır. “PS.Nota” saytı artıq bir müddətdir ki, İ.Cəfərovun ərizəsi əsasında mövzunu ictimailəşdirsə də, nə “əsərin qəhrəmanı” Bəxtiyar Rüstəmovdan, nədə ki, adları dönə-dönə hallandırılan F.Mustafayev və V.İsayevdən səs-səmir yoxdur. Vüsal müəllimin Prezident Administirasiyasında tutduğu vəzifə imkan verir ki, təcilli araşdırma aparıb, B.Rüstəmovun hansı səbəbdən onun adını bu çirkin işdə hallandırdığına aydınlıq gətirsin və ya müvafiq səlahiyyətli orqanları bilgiləndirsin.

Və yaxud, təkidlə onun qəbuluna düşmək istəyən İ.Cəfərovu qəbul edib, onu dinləmək mümkün deyildimi? Təbii ki, bizim vəzifəmiz vətəndaşı dinləmək, onun istəyi ilə məsələni ictimailəşdirib səlahiyyətli orqanlara çatdırmaqdı. Kimin suçlu və ya suçsuz olmasını müəyyənləşdirmək səlahiyyətli orqanların işidir. Düşünürəm ki, cənab V.İsayev adının hallandığı bu “iş”ə aydınlıq gətirilməsində daha çox maraqlı olmalıdır.

 

Yazıda adları çəkilmiş digər şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq…