Strateq.az-ın verdiyi xəbərə görə, bu fikirləri tanınmış iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert daha sonra OPEC-in son qərarının neftin qiymətinə necə təsir göstərəcəyi ilə bağlı rəyini bölüşüb: “Aydındır ki, hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq. Belə ki, hasilatdakı artım qərarına baxmayaraq, yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, hasilatın artırlması ilə bağlı qərara baxmayaraq, OPEC və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, OPEC+ hasilatın artırılması bağlı qərarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəksin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrini Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”-deyə V.Bayramov fikirlərini yekunlaşdırıb.
Turqut