“Bəzi nazirliklərin və komitələrin bir sıra rəhbərləri də, əməkdaşları da MTN əməkdaşları ilə çox yaxın, sıx münasibətdə olublar”

0
5

“Nə bu söhbət mənlikdir, nə də bu məsələlər mənim istəyim üzərinə reallaşa bilər”

Əli Ömərov:“Bəzi nazirliklərin və komitələrin bir sıra rəhbərləri də, əməkdaşları da MTN əməkdaşları ilə çox yaxın, sıx münasibətdə olublar”

Son günlərin cəmiyyətə soyuq duş təsiri bağışlayan olayları barəsində sabiq baş prokuror Əli Ömərovun baxışlarını, olanlara münasibətini, olacaqlar barəsində düşüncələrini öyrənmək üçün onunla söhbətləşdik. Sabiq prokurorun düşüncələri ilə siz də tanış olun.

– Əli müəllim, siz bir hüquq adamısınız, bir müddət ölkənin baş prokuroru olubsunuz və istər hüquqşunas olaraq, istərsə də prokuror gözü ilə baxanda nə görürsünüz, son günlərdə olanlar nədir və Azərbaycanda nələr olur?

– Baş verənləri mən belə qiymətləndirirəm ki, bu, dövlətdə bir dəniz təlatümüdür, sunami kimi bir şeydir. Mənbuatın yazdığına və oxuduğum xəbərlərdən belə məlum olur ki, MTN əməkdaşlarının vəzifədən azad olunması, vəzifədən sui-istifadə edərək qulluq həddini aşmaları və yaxud da, bəzi mətbu orqanların yazdığına görə dövlət çevrilişi cəhdi ilə bağlıdı. Göstərilən bu səbəblərin hər ikisi, dövlət üçün, ələlxüsus da yeni yaranan müstəqil respublika üçün, doğrudan da sunamiyə bərabər bir haldır. Ona görə ki, əgər dövlət çevrilişi cəhdi olubca, bu çox təhlükəli və dövlətin üzərində ciddi-ciddi düşünməli olduğu bir məsələdir. Yəni, bu halda hakimiyyəti zorla ələ almaq cəhdi olub demək. Əgər barəsində yazılan ikinci versiya doğrudursa, vəzifə həddini aşmaqla, ayrı-ayrı qeyri-qanuni hərəkətlər etmək, vətəndaşların hüquq və azadlıqlarını qanunsuz şəkildə pozmaq da sunamiyə bərabər haldır. Çünki, bunu özü də elə dövlət çevrilişi kimi bir şeydir Yəni, bu qanunsuzluqları edən şəxslər yaxşı bilirlər ki, ayrı-ayrı vətəndaşları, işadamlarını və nəticə etibarilə, milləti nə qədər çox incitsən, bunun sonu cəmiyyətin dövlətdən incik düşməsinə, kütləvi narazılıqların yaranmasına gətirib çıxarır. Belə olan təqdirdə də, zaman-zaman cana doyan millət, ac-yalavac səfilliklə üz-üzə qalmış xalq məcbur olur ki, etirazlar eləsin, dövlətə qarşı çıxsın, üsyana qalxsın, qiyam eləsin. Bunun özü də əslində elə dövlət çevrilişi kimi agır nəticələrə vara bilən bir məsələdir. Yəni, əgər MTN-in əməkdaşları mətbuatda göstərilən o əməllərdən hər hansını eləmək cəhdi göstəriblərsə, bunun hər ikisi dövlət üçün böyük təhlükədir. MTN-in əməkdaşları ilk növbədə yeni yaranmış Azərbaycan dövlətinin qüdrətlənməsi, çiçəklənməsi üçün can-başla çaba göstərməli, gecə-gündüz çalışmalı, hər addımda dövlətin mənafelərini öz mənafe və şəxsi maraqlarından üstün tutmalıydılar. Ölkənin MT orqanı, ilk növbədə, bilavasitə dövlətin möhkəmlənməsinə xidmət eləməlidir və məhz bu məqsəd üçün yaradılan bir orqandır. Bəs nəyə görə bu Milli Təhlükəsizlik orqanı adlanır. Bu ad ona görədir ki, həmim orqanların əməkdaşları, dövlətin həm daxili, həm xarici siyasətinin uğur qazanmasında, həm vətəndaşların dövlətə bağlılıq hisslərinin möhkəmlənməsində, həm də Azərbaycan insanının döləti şüurunun yüksəlməsində fəallıq göstərsinlər, bu yöndə dövlətə yardımçı olsunlar. Ancaq mətbuatdan göründüyü kimi, bu adamlar öz birbaşa vəzifələrini icra etmək əvəzinə, ancaq vətəndaşları incitmək, sahibkarlardan qanunsuz vasitələrlə külli miqdarda pul qopartmaq, ayrı-ayrı insanları qanunsuz həbs edərək MTN-də saxlamaq, dövlət çevrilişi etmək kimi ağır cinayət xarakterli əməllərlə məşğul olublar ki, bu da dövlətə və millətə qarşı ən böyük xənayətdir. Milli təhlükəsizlik orqanları dövlətin təhlükəsizliyini hər şeydən üstün tutmalı olduğu halda, belə görsənir ki, bunlar öz vəzifələrindən savayı, ağla gələn və gəlməyən hər şeylə məşğul olublar. MTN kimi orqanlarda adətən dövlətçilik uğrunda canından keçməyə hazır olan, dövlətə sədaqət nümunəsi olan insanlar çalışmalıdır. Amma indi belə görsənir ki, onalr əksinə dövlətini və millətini sevən, dövlətə və millətə xidmət uğrunda hər şeyini fəda etməyə hazır olan insanlar barəsində ölkə rəhbərliyinə yalançı, böhtançı məlumatlar verməklə, öz çirkin niyyətlərini illər uzunu həyata keçirməklə məşğul olublar. Çünki bu adamların məqsədi əsas etibarilə özlərinin mənafeyini güdmək olub və bunlar üçün əsas meyar, Mirzə Ələkbər Sabir demişkən “Qoy mən salim olum, cümlə cahan batsa da batsın” anlayışı olub. Təbiidir ki, belə adamlar dövlət haqqında düşünənləri hakimiyyət orqanları qarşısında pis qələmə verməklə öz maraqlarını həyata keçirməyə, çirkin niyyətlərinə çatmağa çalışırlar. Mən Əli Nağıyevin mətbuatda gedən bir fikirini oxudum və bu fikir mənim çox xoşuma gəldi. O qeyd edir ki, Milli Təhlükəsizlik orqanları dövlətin həm qulağı, həm də gözüdür. Mən də onun bu fikrinə qoşularaq əlavə edirəm ki, MTN həm də dövlətin inamıdır, vətəndaşın ən çox inandığı, inanmalı olduğu bir orqandır. Qanun da belə tələb edir ki, MTN əməkdaşları dövlətin möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət etməlidilər, həmçinin də onların verdiyi hər bir məlumat dövlətin əleyhinə yox, bütün variant və vesiyalarda lehinə işlənməlidir. Belə olan təqdirdə bunların dövlət maraqlarını arxa plana atıb özlərinin varlanmasını və digər çirkin niyyətlərə hesablanmış maraqlarını təmin etməyə çalışmaları başa düşülən deyil. Əgər ölkənin rəhbərliyi yaranmış bu vəziyyətdə MTN-nin sözü gedən əməkdaşlarını belə operativ və sərt şəkildə cəzalandırmasaydı, çox güman ki, onlar yaxın gələcəkdə gerçəkdəndə dövlət çevrilişinə cəhd edəcəkdilər. Yəni, bunlar bir tərəfdən öz çirkin əməllərini ört-basdır eləmək üçün bu addımı atmaq zorunda qalacaqdılar, digər tərəfdəndə xalqı incitməklə dövlətə qarşı müəyyən kütləvi etiraz aksiyalarına təhrik edirdilər. Xəyanət, pul hərisliyi, səlahiyət həddini aşmaq, sonda ancaq bir məqsədə xidmət edir ki, yalnız bunlar varlansınlar, pul toplasınlar. Başqa əməllər, o cümələdən də dövlətin qüdrətlənməsi, dövlətçiliyin möhkəmlənməsi bu cür adamları qətiyyən maraqlandırmır. Yaranmış vəziyyətə baxaraq düşünurəm ki, MTN-nin sözü gedən və artıq həbs edilən, işdən çıxarılan əməkdaşlarının, öz peşələrinə münasibət baxımından bilik səviyyəsini yoxlasan, o zaman bəlli olacaq ki, onların dövlət nədir, dövlətçilik nədir, dövlətin daxili və xarici siyasəti nədir, Azərbaycan xalqının mentaliteti nədir, bizim torpaqlarımızın ərazi hüdudları hardan başlayıb harada bitir və sair kimi anlayışlardan qətiyyən xəbərləri yoxdur. Bu səbədən də baş vermiş son olayları ciddi qiymətləndirir və prezidentimizi alqışlayıram ki, belə bir addım atmaqla, demək olar ki, dövlətimizi məhv olmaqdan xilas etdi.

– Siz bu ölkənin baş prokuroru olubsunuz, uzun müddət hüquq-mühafizə orqanlarında işləmiş təcrübəli bir adamsınız. Bəllidir ki, istənilən dövlətin hüquq-mühafizə orqanları qarşılıqlı əməkdaşlıq şəraitində işləməklə yanaşı, həm də bu orqanların qarşılıqlı nəzarət mexanizmləri olur. Bəs, necə ola bilib ki, bu qədər illər ərzində ölkənin digər hüquq mühafizə orqanlarının gözü qarşısında bu cür bədnam olaylar yaşana bilib, axı MTN-nin sözü gedən əməkdaşları ayda və ya marsda oturmamışdılar?

– Bu sualınız çox gözəl sualdır. Doğrudan da maraqlıdır ki, bu məsələlər niyə belə baş verə bilib ? Bu yöndə mətbuat çox düzgün analizlər aparıb və görünür ki, bəzi nazirliklərin və komitələrin bir sıra rəhbərləri də, əməkdaşları da MTN əməkdaşları ilə çox yaxın, sıx münasibətdə olublar. İndi bunu ayırd etmək üçün, mən fikirləşirəm ki, MTN rəhbərləri dövlət rəhbərlərinə, müvafiq orqanlara yalan məlumat verirlərsə o zaman istənilən ciddi yoxlamalar nəticəsində hər şey ortaya çıxacaq. Amma çox təəssüf ki, bütün zamanlarda dövlət orqanlarında çalışanların əksəriyyəti də, cəmiyyət də təhlükəsizlik orqanlarının əməkdaşlarına da, onların verdiyi məlumatlara da daha çox etibar ediblər, inanıblar. Yenə də deyirəm ki, dövlətin qüdrətlənməsi, dövlətçiliyin möhkəmlənməsi üçün göstərilən bütün fəaliyyətlərin önündə təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyəti dayanır, daha doğrusu, dayanmalıdır. Əvvəllər baş prokurorluğun səlahiyyəti var idi ki, istənilən cinayət işini bir orqandan alıb o biri orqana həvalə edə bilsin. Amma indi yeni şəraitdə, müstəqillik dövrünün tələblərinə uyğun aparılmış struktur və digər dəyişiklərlə bağlı, artıq prokurorluğun belə səlahiyyətləri yoxdur və çox güman ki, bu vəziyyətdə təhlükəsizlik orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanlarının özlərinə də böhtan atmaq yolunu tutmaqla öz çirkin əməllərini həyata keçirmək üçün zəmin yaradıblar. Çünki onlar son illərdə aprılmış dəyişikliklərin və islahat xarakterli işlərin nəticəsində özlərini tamamilə sərbəst hiss edirdilər və belə hesab edirdilər ki, prezidentə onlardan yaxın kimsə yoxdur, prezident də başqa heç kəsə inanmır. Amma son günlərdə baş verənlər bir daha sübut elədi ki, prezident kimliyindən asılı olmayaraq, hər kəsin dövlətçiliyə qarşı çıxmasına çox ciddi qiymət verir, onları vəzifədən kənarlaşdırır və barələrində cinayət işinin başlanması üçün öz tövsiyələrini verir. Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, MTN əməkdaşlarının özbaşınalığına qanunlar çərçivəsində sədd çəkilib və törədilən cinayət xarakterli bütün əməllərə görə hər kəs öz layiqli cəzasını alacaq. Bütün bunlarla yanaşı, mən bir şeyi də xüsusi olaraq vurğulamaq istəyirəm ki, MTN-in sözü gedən əməkdaşlarının heç biri nə qanunçuluğu, nə dövlətin təlükəsizlik konsepsiyasının, nə də, heç olmasa MTN-in, xüsusi statusa malik bir orqanı olaraq, fəaliyyət konsepsiyasını biliblər. Bu da yalnız onunla bağlıdır ki, həmin əməkdaşların başları yalnız bir tərəfə – mümkün qədər çox varlanmaq, ayrı-ayrı vətəndaşları ləkələmək, pul hərisliyinə qurşanaraq dövəti vəzifələrini tamamilə yaddan çıxarmaq istiqamətində işləyib. Belə olan halda hansı dövlətçilikdən və ya dövlətin möhkəmlənməsindən söhbət gedə bilər və bunlar dövlətə necə xidmət edə bilərlər. İndi mənə ən maraqlı gələn və ən vacib məsələ onların illər ərzində dövlət orqanllarına verdikləri məlumatlarının tamamının doğru olub-olmadığının yoxlanmasıdır. Məhz bu yoxlamalar bitdikdən sonra, indiyə qədər baş verən cinayət xarakterli əməllərin miqyaslarını öyrənmək olar. Eləcə də, yalnız bundan sonra MTN-in bir qurum kimi fəaliyyətinin yenidən və hansı istiqamətlərdə qurulacağı barəsində fikir söyləmək mümkündür.

– Əgər son on iki ildə belə biyabırçılıqlar və əslində milli təhlükəsizlikdən daha çox milli təhlükəlilik anlamına gələn əməllər ortaya çıxıbsa, o zaman yəqin ki, bu sistemin tamamilə yenidən yaradılması lazım gələcək. Təcrübəli bir hüquq adamı, həm də hüquq-mühafizə sisteminin bir qoluna ən üstün səviyyədə rəhbərlik etmiş sabiq baş prokuror kimi nələri məsləhət görər, hansı tövsiyyələrinizi verərdiniz?

– Əslində mən hesab eləmirəm ki, hər şeyi lap kökündən dəyişmək və ya yenidən qurmaq lazımdır. Barəsində söhbət gedən cinayət xarakterli əməlləri tötətmiş əməkdaşların hamısı işdən kənarlaşdırılır və onların hər biri barəsində lazımi tədbirlər də yəqinki görüləcək. Hətta çox güman ki, onların əksəriyyəti cinayət məsuliyyətinə cəlb olunaraq layiqli cəzalarına çatdırılacaqlar. Bu prosesi yaxşılaşdırmaq üçün isə mən öz düşüncələrimi demək istəyirəm. Bu mənada, məndən kim inciyəcəksə incisin, kim küsəcəksə küssün, payını götürən götüsün, götürməyən də özü bilsin, ancaq mən deməli olduqlarımı, doğru bildiklərimi deyirəm. Mənim bu yöndəki fikrim belədir ki, MTN-də rəhbər vəzifələrə, o cümlədən də nazir vəzifəsinə elə şəxslər götürülməlidir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətini, milli təhlükəsizlik konsepsiyasını, Azərbaycan xalqının psixologiyasını, arzu və istəklərini dəqiq bilsin, ölkənin prezidentinə xəyanət eləməsin, etibarlı və sədaqətli olmaqla yanaşı, həmdə əsl peşəkar olsun. Gəlin belə danışaq, mən bu ölkənin baş prokuroru işləmişəm və tutaq ki, sabah məni çağırıb desələr ki, səni səhiyyə naziri göndəririk, birincisi, mən özüm buna getmərəm. İkincisi də, o vəzifəyə getsəm mənim bu ölkəyə, Azərbaycan səhiyyəsinə xeyrim dəyərmi, təbii ki yox. Çünki mənim tibb elmindən xəbərim yoxdursa, hansı həkimlə hansı dildə danışmalı, peşəsi həkimlik olan adamlara həkimliyin hansı sirlərindən, hansı məziyyətlərindən danışa bilərəm. Axı, mənim bu şeylərdən xəbərim belə yoxdur və bu məsələləri bilmirəm. Bu gün biz MTN-in başına, məsələn pedoqoji insitutun coğrafiya fakültəsini bitirmiş bir adam qoysaq, təbii ki, buda dövlətə heç bir fayda verməyəcək. Yəni, buraya elə bir adam qoymaq lazımdır ki, onun dövlətdən, dövlətçilikdən, dövlətin strukturlarından, dövlətin siyasətindən, xarici dövlətlərin Azərbaycana qarşı hansı siyasi xətt tutmalarından, qonşu dövlətlərin bizə münasibətindən, qanunlarımıza hörmətdən, prezidentin yürütdüyü siyasətə sədaqətdən xəbəri olsun və qanunlarımızın aliliyini göz bəbəyi kimi qorumağı özünün ən ali məqsədi bilsin. Mənə elə gəlir ki, məhz bu sadaladığım keyfiyyətlərə sahib bir şəxs, indiki durumda MTN-ə rəhbər təyin olumalıdır. Yoxsa, biz yenə də bütün bu məsələlərdən xəbərsiz naşı bir adamı MTN-in başına gətirəcəyiksə və təbiidi ki, o da ətrafına özü kimi naşı adamları yığacaq və nəticə etibarilə, gec, ya da tez indikindən daha ağır problemlərlə üzləşməli olacağıq.

– Əli müəllim, belə çox əmin danışırsınız, bu gün MTN-ə rəhbər olaraq tövsiyyə edəcəyiniz namizəd varmi?

– Yox, yoxdur, hətta olsa belə, mənim namizədimi eşidən kimdir? Mən bütün bu sözləri o mənada demədim ki, öz namizədim var. Hər halda, ölkənin prezidenti daha yaxşı bilər ki, ona ən yaxın, sədaqətli və bu vəzifəyə layiq olan şəxs kimdir. Sınanmış, təcrübədən keçmiş insanları, bu sahənin peşəkarlarını bir-bir araşdırıb ələkdən keçirəndən sonra, ora prezidentə, dövlətimizə və dövlətçiliyimizə layiq olan bir adam yəqin ki tapılar. Əlbəttə bu mənim subyektiv fikrim və şəxsi mülahizəmdir.

– Birdən prezidentin fərmanı oxunsa ki, Əli Ömərov Azərbaycanın Milli Təhlükəsizlik naziri təyin olunub, öhdəsinnən gələrsinizmi?

– Yox, siz məni ora çəkməyin.

– Biz sizi heç yerə çəkmirik, sadəcə sizin bu məsələ gerçəkləşsə məsuliyyəti üzərinizə götürə bilib-bilməyəcəyiniz maraqlıdır.

– Bu məsələ prezidentin səlahiyyətinə aiddir və o özü yaxşı bilər ki, həmin fərmanda kimin adı yazılsın. O ki, qaldı sizin verdiyiniz bacarıb-bacarmamaq haqda sualınıza, mən Heydər Əliyevin yanında bir il yarım işləmişəm və onun bütün nəsihətləri indidə qulağımdadır, ötən iyirmi beş il ərzində də ona olan sədaqətimi itirməmişəm. Mənə nəinki MTN rəhbəri, istənilən digər bir vəzifə tapşırılarsa, mən onu xəyanətsiz, canla-başla, prezidentə sədaqətlə həyata keçirməyə qadir adamam. Amma yenədə deyirəm ki, nə bu söhbət mənlikdir, nə də bu məsələlər mənim istəyim üzərinə reallaşa bilər. Ölkənin rəhbəri var və dediyim kimi, hansı şəxsin hansı vəzifədə çalışacağını da o hamıdan yaxşı bilir. Amma, nə olursa olsun, MTN-in rəhbəri kim təyin olunursa olsun, istər o vəzifədə, istərsə də, icra hakimiyyətindən tutmuş, hüquq nühafizə sistemindən seçkili orqanlara qədər, bütün səviyyəli rəhbər kadrlardan kim xalqın mənafelərini tapdayaraq rüşvətə və korrupsiyaya qurşanırsa, kim vəzifə səlahiyyətlərini aşaraq xalqa, millətə zülm edirsə o ilk növbədə prezidentə və dövlətə xəyanət etməklə yanaşı, geniş xalq kütlələrinin etirazına səbəb olmaqla, onları dövət əleyhinə etiraz etməyə səsləyir. Bu yol verilməz haldı və ələlxüsus da, həm dünyada, həm regionda gedən mürəkkəb proseslərin fonunda, həm də ölkəmizin indiki böhran şəraitində vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq məsələlərdir.

– Bəs bütün bu proseslərlə bağlı yurisprudensiya nə deyir, bu cür məsələlərə pratiki hüquq yanaşması necə olmalıdı?

Davamı var…

Söhbətləşdi: Sərdar Əlibəyli

LEAVE A REPLY