Nigar:“Qaranlıq otaqda əyləşmiş xanımdan heç nə ilə fərqlənmirik”

0
5

Zülmətdə söhbət

Nigar:“Qaranlıq otaqda əyləşmiş xanımdan heç nə ilə fərqlənmirik”

Bir neçə ay öncə görmə əngəlli insanlarımızın həyat şərtlərini, gündəlik qayğı və çətinliklərini siz əziz oxucularımızla paylaşmaq , insanlarımızın onların dərdlərinən xabərdar olmalarına kömək edə bilmək üçün görmə əngəlli insanlardan biri, Muradov Çingizlə söhbət etmiş və bu söhbətimizi sizlərlə paylaşmışdıq. İndi isə müsahibim görmə əngəlli xanımlarımızdan Nigar İsgəndərlidir. Ümid edirəm ki, hər şeyə rəğmən həyatdan küsməyən, yaşam sevinci ilə dolu bu xanımla söhbətimiz, siz oxucularımız üçün də maraqlı olacaq.

-Salam, Nigar xanım, sizi tanıdığıma məmnun oldum.
-Salam, mən də tanış olduğumuz üçün məmnunam.
-Gəlin, söhbətimizə yaşadığınız ünvandan başlayaq. Hal- hazırda harada yaşayırsınız?
-Fətəli Xan Xoyski 123, gözdən əlillər yataqxanasında.
-Yataqxanada ailənizlə birlikdə yaşayırsınız?
-Xeyir, subaylar yataqxanasıdır, dörd qızla birlikdə yaşayıram.
-Yəqin ki, bölgələrimizdən birində doğulmusunuz?
-Bəli, Zaqatala rayonunun Suvagil kəndində doğulmuşam.
-Tək övladsınız?
-Xeyir, bir bacı bir qardaşıq.
-Orta təhsilinizi harada almısınız?
-5 nömrəli gözdən əlillər üçün internat məktəbində. Ayrıca həmin məktəbin nəzdində 38 saylı gözdən əlillər musiqi məktəbinin kamança və xanəndəlik siniflərində təhsil almışam.2006-cı ildə internat məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin estrtada müğənniliyi fakültəsinə daxil oldum. 2010-cu ildə universiteti uğurla bitirdim.
-Afərin sizə, gerçəkdən afərin. İndi hər kəsə ali təhsil almaq nəsib olmur, amma maşallah siz bütün çətiniklərə baxmayaraq oxumusunuz. Yəqin ki, ali təhsilinizi əyani şöbədə almısınız.
-Bəli, əyani oxumuşam.
-Universitetə gedib-gəlmək necə, sizin üçün çətin deyildi ki?
-Əlbəttə ki, müəyyən çətinliklər var idi. İki il rəfiqələrimlə birgə gedib gəlmişəm, daha sonrakı iki il isə taksi ilə.
-Sizə böyük bir afərin düşür.
-Əksinə, mən elə düşünmürəm. Oxumaq istəyən hər çətinliyə qatlaşar.
-O qədər də təvazökar olmayın.Nigar xanım hal hazırda çalışırsınız?
-Xeyir, çalışmıram.
-Haradansa iş təklifləri alırsınız, ən azı səsiniz olduğuna görə?
-Xeyir təklif almamışam, amma təklif olsa belə oxumaq istəmərəm.
-Sirr deyilsə, səbəbini bilmək olar?
-Həm ailəm icazə vermir, digər tərəfdən özüm də istəmərəm.
-Gəlin, bir az da gündəlik qayğılardan danışaq….
-Buyurun…
-Təqaüdünüz nə qədərdir?
-İki yüz iyirmi bir manat.
-Sizin xərclərinizi ödəyir?
-Əslində ödəmir, amma məcburuq, çalışırıqki, qənaətlə dolanaq.
-Sizi anlayıram, çətindir.
-Evdən kömək olmasa elədir.
-Təəssüf ki, bu belədir, Nigar xanım. Təssəvvür edin ki, sizdə yaxşıdır, gözdən əlil insanlardan tanışlarım var və onların aldıqları təqaüd cəmi yüz iyirmi yeddi manatdır. Düşünün, bu günkü şəraitdə başqa yerdən gəlir gəlməsi ehtimal xaricinə olan bu insanlar nəcə dolanmalıdırlar? Sosial yardım verirlər əlillərdən evli olanlara, amma yenə də bu problemləri həll etmək iqtidarında deyil.
-Bəli, sizinlə razıyam.
-Mən görmə əngəlli kişilərdən biri ilə daha öncə müsahibə hazırlamışdım, ancaq xanımların həyatı, onların çətinlikləri, qayğıları oxucularımız kimi elə mənim özüm üçün də maraqlıdır. Siz hər zaman evə qapanıb qalırsınız, yoxsa gəzməyə, əylənməyə vaxt tapırsınız?
-Əlbəttə, biz də rəfiqələrimizlə birlikdə şəhərə gəzməyə gedirik, vaxtaşırı müxtəlif əyləncə mərkəzlərini ziyarət edirik və ümumiyyətlə mədəni istirahət etməyə çalışırıq.
-Əlbəttə, bu çox gözəldir. Bəs, alış-verişə necə, tez-tezmi gedirsiniz?
-Vaxtımızın və maddi durumumuzun imkan verdiyi müddətcə bəli. Ümumiyyətlə, biz görmə əngəlli olmadan öncə qadınıq və bütün qadınların sevdiyi şeyləri sevirik, etdiklərini də etməyə çalışırıq. İstər zövqlə geyinmək olsun, istər makiyaj. Qısa desəm, qaranlıq otaqda əyləşmiş xanımdan heç nə ilə fərqlənmirik. Sadəcə olaraq elə bir qaranlıq otaq düşünün ki, o otağa kənardan baxanlar, orda əyləşən xanımları aydınlıqda görürlər.
-Bəs, rayona necə, gedirsinizmi? Ailənizlə əlaqəniz varmı?
-Bəs necə? Mən də gedirəm, onlar da bura, məni görməyə gəlirlər.
-Bəzən sağlam insanlarla həmsöhbət oloduqda onlar həyatın nə qədər sıxıcı və anlamsız olduğundan danışırlar. Xüsusən işsiz və ya maddi çətinlikləri olan, amma bütün bunlara baxmayaraq fiziki qüsuru olmayan insanlardan söhbət gedir. Mənə maraqlıdır, Nigar xanım üçün necə, həyat sıxıcıdırmı?
-Xeyir, əksinə, hər şeyə rəğmən həyat gözəldir və yaşamağa dəyər.
-Gercəkdən də optimist xanımsınız. Buna sevindiyimi açıq ürəkliliklə etiraf edə bilərəm.
-Məsələ optimist və ya pessimist olmaqda deyil ki, biz də və ya məsələni konkretləşdirsək elə mən özüm də həyatı görərək yaşamaq istərdik. Rəngləri, çiçəkləri, canlıları, ümumiyyətlə hər şeyi görmək istərdim. Ancaq görə bilmirəmsə bu həyatın sonu demək deyil ki. Bir düşünün, geriyə nələr qalır. Diqqət etsəniz, dünyanın sadəcə rənglərdən ibarət olmadığını görərsiniz. Məsələn, elə səslər və ya qoxu, bunlar az deyil ki.
-Bəli, Nigar xanım, mən sizinlə tamamən razıyam. Ancaq, təəssüf ki, bunu görənlər anlamaqda çətinlik çəkirlər, necə ki, məsəl var: “dərdli dərdini deyəndə, dərdsizin başı ağrıyar”. Hər hansı hobbiniz varmı?
-Əlbəttə, musiqi dinləmək, oxumaq və kitab oxumağı sevirəm. Ayrıca ingilis dili kursuna da gedirəm.
-Baxın, Nigar xanım, bütün bunlar çox gözəldir. Siz gerçəkdən də tərifəlayiq bir insansınız və gözlərinizin görməməsinə baxmayaraq iç dünyanızın bu qədər aydınlıq olması, könül gözünüzün, bəsirət gözünüzün bu qədər nurlu olması, eyni zamanda incə qəlbinizin, zərif ruhunuzun xəbərçisidir.
-Təşəkkürlər…
-Səmimi söhbətə görə təşəkkürlər, Nigar xanım, ümid edirəm ki, sizi tanıyan hər kəs dünyamızın əslində nə qədər gözəl və yaşanılası bir yer olduğunu təkrar kəşf edəcəkdir.
-Dəyməz.

Nigar xanımın simasında görmə əngəlli xanımlarımızın sosial qayğılarına, həm də iç dünyalarına işıq tutmağa çalışdım. Nəticə çıxarmaq isə hər kəsin öz vicdanına qalmış hadisədir.

Leyla

LEAVE A REPLY