Yada düşər xatirələr

0
7

Zümrüt Həmzət qızı Dibarova
AJB-nin üzvü, əmək veteranı

Yada düşər xatirələr

Bəxtiyar Vahabzadə-xalq şairi, həm də müəllim!Taleyindən narazı olmayan bir ziyalı, gözəl insan… O, həm də mənim müəllimim olub. Yubileyinə həsr olunmuş verilişlərə baxarkən özümdən asılı olmayaraq qələmi əlimə alıb, sətirlərə xatirələrimi döşədim.
Xəyalən 1970-ci ilə qayıtdım. ADU-nun filologiya fakültəsinə qəbul imtahanı verərkən ilk dəfə onu imtahanda gördüm. Ədəbiyyatdan “dörd” qitmət aldım. Sevinirdim ki, onun qarşısında əyləşib imtahan verirəm. I kursda ilk dərsində dediyi sözlər indi də qulağımda səslənir: “Siz, sevinin ki, darülfunda oxuyacaqsınız. Univetsitet bütün institutların şahıdır. Bütün qəbul olunan tələbələri təbrik edirəm”.
Sonra M.C.Paşayev, Rayifə Həsənova, Zinyət Əlizadə, Musa Adilov və onlarca başqaları böyük bir iz, elm, ədəbiyyat qoydular. Gənc nəslə öz tövsiyyələrini, bax beləcə verdilər. Yana-yana danışdılar Nizamidən, Nəsimidən, Füzulidən mənim sevimli müəllimlərim. Ədəbiyyatı sevməyib, diplom xatirinə oxuyanlara Bəxtiyar müəllim “Qiymət” poemasında yazdı:

İmtahan, imtahan götürürəm mən,
Gəlir tələbələr, gəlir birbə-bir.
Hər gələn gəncin tərpənişindən
Zehni, düşüncəsi mənə bəllidir…

Qrupumuzda S.Vurğun kimi şairi tanımayan, vəzifəli bir şəxsin qızı oxuyurdu. Atası qiyabi yolla da olsa, qızına təhsil vermək istəyirdi. Biz ona, bəs sən ədəbiyyatı bilməsən, dərs necə deeyəcəksən?-sualını verəndə, “mən işləməyəcəm, sadəcə ünvanıma ali təhsillidir desinlər” deyirdi. Şair isə belələrinə yazmışdı:

Saçları çiynində, mini yubkalı,
Gözləri sürməli birisi gəldi.
Bileti çəkincə dəyişdi halı,
Bilmirəm deyərək yola düzəldi.

Bir gün müəlliməm, bir gün şairəm,
Daim bir məcazda ola bilmirəm.
Mənim də qismətim beləymiş deyə,
Naşükür deyiləm öz qismətimə.

Bəzi şeirlərində isə istəkli müəllimim özündən narazı aldığını da söyləyirdi. İndi də yuxularımda bəzən Bəxtiyara imtahan verirəm. Ahıl çağımda da bunu istərdim. Səmimi deyirəm, inanın 1976-cı ildə qızım Rəna dünyaya gəldi. Sessiyaya bir ay qalmışdı. Qayınanam, anam körpə ilə məni Bakıya qoymaq istəmədilər. Bir il oxuma, ərizə yaz ver dekanlığa, dedilər. Mən isə nə işdən, nə də oxumaqdan dayana bilməzdim. Tələbə yoldaşlarımdan ayrılsam məni qınayacaqdılar. Pedaqoji texnikomu bitirib, işləyə-işləyə qiyabi yolla təhsil almağın çətinliyini, bu yükü daşıyanlar daha yaxşı bilərlər.
Xülasə, Bakıya III sinif şagirdi olan balaca bacım Sevda ilə (allah ona rəhmət eləsin, üç ildir ki, dünyasını dəyişib) gəldik.
Dərs keçidiyimiz məktəbə lap yaxın ərazidə kirayə ev tutdum. Südəmər körpəmi isə bacıma etibar etdim. O vaxt “Lalə qızlar” ansamblında çalışan Zöhrə Abdullayeva ilə bir həyətdə (o da kirayədə) yaşayırdıq. Mənə irad tuturdu ki, yazıqdır bu uşaq çox ağlayır. Bacın özü də uşaqdır axı?! Həyat qəribəliklərlə doludur.
Bir gün mühazirə zamanı, koridorda körpə uşağın ağlamaq səsini eşidəndə sanki məni cərəyan vurdu. Özümdən asılı olmayaraq, icazəsiz-filansız bayıra qaçdım. Bacım da ağlayırdı, uşaq da özündən gedirdi. Sancısı tutmuşdu körpənin.
Bəxtiyar müəllim işi başa düşüb, sinif nümayəndəsinə tapşırıb ki, “o tələbəyə deyin zaçotu mexaniki yazacağam, imtahana gələr, dərsə üzürlü hesab edərik, gəlməsin”.
Bəli, Bəxtiyar Vahabzadə sadəlikdə böyüklük qazanırdı. Oxuyan tələbəyə qiymət verməyi, tərifləməyi bacarırdı. Mən indi də bir qürur hissi keçirirəm onun məktəbindən dərs almışam, qarşısında nə az, nə çox, dörd dəfə imtahan, zaçot vermişəm.
Aşıq Sənəmdən (Balakəndən ilk aşıqlar qurultayında yeganə qadın aşıq kimi iştirak edən balakənlilərin təbirincə desək, “erkək Sənəm”) haqqında kurs işi müdafiə etmişəm. 200-dən çox bayatısını toplamışam. Əla qiymət alanda Sənəm bulağına gedib onun qəbrini Gülüzəndə ziyarət edəndə demişəm; Sənin ruhun qarşısında baş əyirəm. Bu bulağı təşkil etdirən, sənin barəndə gözəl monoqrafiyalar yazan, xanım-xatın yazıçımız Əzizə Cəfərzadəyə allah ömür versin. Onunla ictimaiyyət arasında çəkdirdiyimiz foto-şəkillərdən birini qəzetə göndərə bilərdim. Lakin hazırda bu yazımı Mərdəkanda “Müharibə və əmək veteranları” xəstəxanasında bir verilişin təsirindən yazdığımı nəzərə alın, əziz oxucular.
66 yaşım olacaq. İki ildir ki, sevdiyim peşəmdən səhhətim məni ayırdı. Həm müəllim idim, həm də jurnalist. 43 il radioda işləmişəm. Əyalət müxbiri olsam da, səsim ən çox respublika radiosundan gəlib, eşidilib. Dövrü mətbuatda indi də çıxış edirəm. Radio mənə çox şey verib. Adlı-sanlı insanlarla ünsiyyət qurmuşam. İki illik jurnalist sənətkarlığı institunda təhsil alanda (o da Moskva institunun filialı idi, qiyabiçisi oldum) mərhum jurnalist Valid Sənanı, AJİ-nın sədri Hacı Hacıyev mənə təklif etdilər ki, səsin çox yaxşıdır, təmiz ədəbi dilin var, gəl milli radiomuzda çalış. Mən isə o vaxt “Müxbir” jurnalında öz ürək sözlərimi yazdım. Bu jurnalla əməkdaşllğım 20 il davam etdi.
Əlbəttə, əvvəl nəzəriyyə, sonra praktika Bəxtiyar, Musa, Təhsın, Mir Cəlal kimi müəllimlərin qarşısında imtahan verə-verə bu günə gəlib çatdım. İndi ən çox sevdiyim şair Nəriman Həsənzadədir. Allahdan gizlin deyil, bəndədən nə gizlin olsun ki?
Mən də həyatda çox çətinliklər görmüşəm. Atam I dünya müharibəsindən əlil kimi qayıdıb 5 yaşımdan anam məni buraxıb, ögey atam, ögey bacı-qardaşlarım olub, Nüsrət Kəsəmənli demiş, həyatın hər üzünü görmüşəm. Atalı uşaqlara qibtə etmişəm. İndi 7 nəvəm, üç övladım var. Üç nəvəm də evimdə böyüdüb-baxdığım bir kimsəsiz yetim qızın üç oğludur. Tez-tez mənə baş çəkirlər. İki uşağım da belə demək mümkündürsə, SOS uşaq kəndindədirlər. Sırf atasız-anasız bu uşaqları mən ora yerləşdirmişəm.
Bilirəm ki, vaxt gələcək onlar da məni xoş xatirələrdə yad edəcəklər.
Hə, əziz oxucularım, Vətən və xalq qarşısında əvəzsiz xidmətləri olan şair B.Vahabzadədən çox yazmaq, çox danışmaq olar. Ömür vəfa etsə yenə sətirlərdə görüşərik. İnşallar. Sağ olun.

Bakı-Balakən

LEAVE A REPLY