Azərbaycan ekspertləri:“Ölkədə devalvasiya və inflyasiya artımı qaçılmazdır, iqtisadiyyatımız əks istiqamətdə inkişaf edir” – Müsahibə

0
6
EADaily.com, 29.05.2018

 

Azərbaycan iqtisadçıları Natiq Cəfərli və Əkrəm Həsənov EADaily nəşrinə (Rusiya) müsahibədə Azərbaycanda inflyasiyanı və manatın mümkün devalvasiyasını, bunun, habelə neft qiymətlərinin artımının respublika iqtisadiyyatına təsirini müzakirə ediblər. Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.

 

-KİV-lər 200 manatlıq əskinasın təqdimatını xeyli müzakirə edib. Bu nəylə bağlıdır? İnflyasiya?

 

Natiq Cəfərli – Başlanğıc üçün deyilməlidir ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan əks istiqamətdə gedir. Hazırda dünyanın bütün ölkələrində bütün sahələrdə nəqd pullardan uzaqlaşama prosesi gedir. Vətəndaşlar getdikcə alqını daha çox bank kartları ilə etməyə başlayırlar və kağız pul yox olur. Məsələn, keçən il Avstraliyada əməliyyatların 94%-i nəqdsiz hesablaşmaya düşüb. AB-də artıq 500 avroluq əskinası ləğv etmək qərarına gəliblər, çünki iri banknotlar korrupsiyaya şərait yaradır. Azərbaycan əks istiqamətdə inkişaf edir. Bu gün Azərbaycanda nəqdsiz hesablaşma praktik olaraq yoxdur və buna görə də ölkəmiz bu göstərici üzrə dünyada axırıncı yerlərdən birini tutur – 96%. 200 manatlıq əskinasın bu fonda buraxılması anlaşılan deyil. Hökumət nəqdsiz hesablaşmanı təbliğ etmir və həvəsləndirmir, bu, iqtisadiyyatın şəffaflığını gücləndirər, ölkə xəzinəsinə gəliri çoxaldardı. Hökumətin özü bunu onunla izah edir ki, ölkə iki yubileyi qeyd edir: Azərbaycan Demokratik Respublikasının 100 illiyi və Heydər Əliyevin 95 illiyi. Amma bu, iqtisadi izahat deyil.

İnflyasiya proseslərinə gəlincə, təbii, ölkədə valyuta kütləsi artdıqca bu bildirir ki, ölkədə inflyasiya sürətli templə inkişaf edir. Bundan başqa, bu amil manatın kursuna daha çox təsir edəcək. Hamımız bilirik ki, manatın kursu inzibati üsullarla saxlanır və hələlik neft qiymətləri yüksək səviyyədə olunca, manatın ucuzlaşacağını gözləməyinə dəyməz. Amma manatın kütləsi 2008-ci ildən başlayaraq 2014-ə qədərki kimi artsa – bu, 2015-də iki böyük devalvasiyaya səbəb olub – bu tendensiya saxlansa, xarici valyutalar tərəfindən manata basqı güclənəcək. Xüsusən də bu cür prosesləri artıq İran, Türkiyə, Rusiya və Qazaxıstanda gördüyümüzə görə. Bu gün bütün dünyada dollar güclənir və ola bilsin, buna paralel olaraq manatın müntəzəm devalvasiyasını tezliklə görəcəyik. İşçilər Azərbaycanın əksər müəssisələrində dolayı yollarla sənədləşdirilir və sadəcə, bank kartlarına sahib deyillər. Ölkədə büdcə layihələri gerçəkləşdirilərkən nəqd pullar vasitəsilə son dərəcə çox “qara işlər” aparılır. Buna görə də düşünürəm ki, bu prosedurları yünlgülləşdirmək üçün iri əskinaslar tətbiq edilir. İstisna deyil ki, növbəti addım 500 manatlıq banknotun buraxılışı olacaq, amma bunun hansı səbəbdən baş verəcəyini bilmirəm.

Əkrəm Həsənov – Bu, hər şeydən qabaq, son 2-3 ildə müşahidə olunan proseslərin, yüksək inflyasiya və sürən devalvasiyanın təsdiqidir. Ən böyük əskinas 100 mantlıq idi, amma indi öz dəyərini itirib. Buna görə də nəqd iri əməliyyatlarda qolaylıq üçün 200 manatlıq əskinas tətbiq edilir. Devalvasiya və inflyasiya artımı qaçılmazdır, çünki neft qiymətləri düşür.

-İndi neftin qiyməti yenidən qalxıb. Bu, Azərbaycan iqtisadiyyatına necə təsir edir?

Natiq Cəfərli – Neft qiymətlərinin artımıyla bağlı Azərbaycanda əlavə gəlirlər meydana çıxıb. Azərbaycan parlamenti iyunda ölkə büdcəsinə düzəlişləri qəbul edəcək və məxaric hissəsini 4 milyard manat artıracaq. Bun pullar büdcə layihələrinin infrastruktur xərclərinə gedəcək. Azərbaycan gerçəkliyində hətta büdcə xərcləri də nəqd xərclər hesabına həyata keçirilir.

Əkrəm Həsənov – Neftin qiyməti necə olur-olsun, Azərbaycanda hasilat azalır və bu, dönməz prosesdir. Neftin yüksək qiymətləri birinci növbədə böyük oyunçulara – Rusiya, İran, Səudiyyə Ərəbistanı, ABŞ-a sərf edir. Bu, Azərbaycanda da mühüm rol oynayır, amma bizdə hasilat düşür. Başqa yandan, düşünmürəm ki, neft qiymətləri yüksələcək, ya da, heç olmasa, yetərincə uzun müddət indiki səviyyədə qalacaq. Bu gün neft qiymətləri geopolitik səbəblər üzündən yüksəkdir.

-Azərbaycan hökuməti “ucuz neft” şəraitində milli iqtisadiyyatın yanacaq qiymətlərindən asılılığını azaltmaq məqsədilə iqitsadi islahatlar elan etmişdi. Neft qiymətlərinin qalxdığı şəraitdə ölkədə iqtisadi islahatlar davam etdiriləcəkmi?

Natiq Cəfərli – Neft qiymətləri yüksələndə hökumət islahatları unudur və son hadisələr göstərir ki, Azərbaycan 2013-2014-cü illərdəki dövlət modelinə qayıdır. Yəni bizdə büdcə layihələri sayəsində iqtisadi artım olacaq. Təəssüf ki, biz yenə də bizi iki devalvasiyaya və ölkə ÜDM-nin düşməsinə gətirən yolla gedirik. Neftin qiyməti bir barrelə 80 dollar səviyyəsində qalarsa, onda “islahat” sözü hökumətin leksikonundan çıxacaq.

Əkrəm Həsənov – Ciddi iqtisadi islahatlar bu günə kimi hələlik olmayıb da. İş görüməkdənsə daha çox danışıblar. Böyük ümid var ki, hökumətin yeni tərkibi indi islahatlara başlayacaq. Bir iqtisadçı və hüquqşünas kimi şəxsən mənim üçün məhkəmə institusional dəyişikliklərin həyata keçirilməsi iqtisadi islahatların ciddi göstəricisi olacaq. Siz istədiyinizi edə bilərsiniz, amma sizdə müstəqil məhkəmə yoxdursa, hətta rüşvət almağı da (icra strukturları təmsilçilərilə) razılaşdıran hakimlər savadsızdırsa, onda heç bir islahatdan danışmaq lazım gəlmir. Haradasa məhkəmə yoxdursa, deməli, mülkiyyət hüququnun müdafiəsi də yoxdur, müavilələrin icrası yoxdur, rəqabət yoxdur. Belə bir ölkədə iqtisadiyyatın inkişafı ola bilməz.

-Amerika sanksiyaları İranla ticarətə və Azərbaycan-İran birgə layihələrinə necə təsir edəcək?

Natiq Cəfərli – Azərbaycan İrandan sanksiyalar götürülənədək artıq belə duruma düşüb. Düzdür, demək olmaz ki, bizdə böyük mal dövriyyəsi var idi – 500 milyon dollarlıq. Bununla belə, Azərbaycan sanksiya rejiminə qoşulmayıb. Azərbaycan və İran indi birinci növbədə AB ölkələrilə ticarətlə bağlı böyük layihələr həyata keçirir. Bildiyimiz kimi, Avropa ölkələri isə ABŞ sanksiyalarına qoşulmur. Buna görə də düşünürəm ki, Azərbaycan İranla iqtisadi əməkdaşlığı davam etdirəcək, amma, təbii, sanksiyalar mal dövriyyəsi həcminə müəyyən qədər təsir edəcək.

Əkrəm Həsənov – Sanksiyalar bir neçə il qabaq da var idi və bu, (Azərbaycanın İranla) ticarət münasibətlərinə heç cür təsir etmirdi. İndi heç təsir etməyəcək, çünki indiki sanksiyalar kollektiv Qərbin deyil, yalnız bircə ölkənin – ABŞ-ın sanksiyalarıdır. Buna görə də düşünmürəm ki, bu, gerçəkləşdirdiyimiz (ikitərəfli) layihələrə ciddi təsir edəcək.

Tərcümə Strateq.az-ındır.