Əslən yəhudi olan Abramoviç İsrailin “Qayıdış” adlı qanunundan bəhrələnməklə bu ölkənin vətəndaşlığını ala bilib. Beləliklə, mayın 28-dənAbramoviç özünün təxminən 11, 5 milyard dollarlıq sərvəti ilə İsrailin ən zəngin vətəndaşı olub.
O, Təl-Əvivdəki Ben Quriyon hava limanına özünün şəxsi təyyarəsi ilə gəlib. İsrailin Daxili İşlər Nazirliyi bildirir ki, Abramoviç İsrail vətəndaşlığı üçün Moskvadakı səfirliyə müraciət edib və yəhudi irsiyyətini isbat etdikdən sonra vətəndaşlığa layiq görülüb.
Britaniya ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yulia Skripal kimyəvi maddə iləzəhərləndikdən sonra Rusiya oliqarxlarına viza verilməsi qaydalarını daha da sərtləşdirib. London bu zəhər hücumuna görə Moskvanı ittiham edir. “Telegraph” qəzeti yazır ki, Abramoviçin İsrail vətəndaşlığı almasının Britaniyada Rusiya oliqarxlarına viza verilməsinin çətinləşdirilməsi ilə bağlı olub-olmadığı məlum deyil. Abramoviçin Təl-Əvivdə 23 milyon dollar dəyərində malikanəsi var.