Xəbər verdiyimiz kimi prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.
Milletim.info AzərTac-a istinadən xəbər verir ki, məcburi köçkünlərlə görüşən dövlət başçısı çıxış edib və bildirib ki, bu gözəl hadisə bir daha onun göstərir ki, Azərbaycan vətəndaşı, ağır vəziyyətdə yaşayan soydaşlarımız, məcburi köçkünlər daim diqqət mərkəzindədirlər:
“Bu kompleksin yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir, köçkünlərə olan qayğının təzahürüdür. Cəmi bir il ərzində bu gözəl yaşayış kompleksi yaradılıbdır. Düz bir il bundan əvvəl bu kompleksin təməli qoyulmuşdur. O vaxt Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak etmişdir. Cəmi bir il ərzində gözəl yaşayış kompleksi yaradılıb.
Bu gün açılışına toplaşdığımız kompleksin bütün infrastrukturu yaradılıb. Elektrik, su, qaz xətləri, bütün infrastruktur məsələləri həll olunub, yollar çəkilib, həm qəsəbədaxili, həm də magistral yola çıxış yolu salınıbdır. Doqquzmərtəbəli on bir yaşayış binası tikilib, gözəl şərait yaradılıb. Mən indi mənzillərlə tanış olmuşam. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Gözəl məktəb – 624 şagird yerlik, uşaq bağçası – 220 nəfərlik, tibb məntəqəsi, poçt məntəqəsi, polis məntəqəsi, yəni, yaşamaq üçün bütün şərait yaradılıb və ən yüksək səviyyədə. Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib, parklar salınıb. Hesab edirəm ki, bu, köçkün şəhərciklərinin arasında öz gözəlliyi və şəraiti ilə seçilən mərkəzlərdən biridir.
Bu şəhərciyin özəlliyi ondan ibarətdir ki, onun tikintisində özəl sektor fəal iştirak edib, əslində, bunun təşəbbüskarı, icraçısı olub. Son vaxtlar sahibkarlar bir çox sosial layihələr icra edirlər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim, demişdim ki, sahibkarların sosial məsuliyyəti artmalıdır. Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür. Biznesin inkişafı bizim dövlət siyasətimizdir. Bizim ümumi daxili məhsulumuzun 80 faizi özəl sektorda formalaşır. Belə olan halda daim mən sahibkarlara müraciət edərək tövsiyə etmişdim ki, onlar sosial layihələrə daha böyük diqqət göstərsinlər. Bu, bu sahədə görülən işlər arasında ən genişmiqyaslı layihədir. Bu günə qədər sahibkarlar məktəb, uşaq bağçası tikintisi ilə fəal məşğul olmuşlar. Ancaq məcburi köçkünlər üçün bu ölçüdə, bu miqyasda yaşayış mərkəzinin yaradılması ilk dəfə baş verir.
Bu yaşayış kompleksinin maliyyələşməsində də sahibkarlar iştirak ediblər. Dövlət bu kompleksin yaradılmasına vəsait ayırmayıb. Buna görə bu işi görən “Paşa Holdinq” şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. “Paşa Holdinq” Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır.
Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır. Əminəm ki, növbəti illərdə məcburi köçkünlər üçün tikiləcək yeni yaşayış şəhərciklərində, mərkəzlərində özəl sektor da fəal iştirak edəcək. Ancaq təbii ki, əsas məsələni, əsas işləri dövlət öz üzərinə götürüb. Son illərdə dövlət xətti ilə köçkünlər üçün yüzə yaxın şəhərcik salınmışdır, istifadəyə verilmişdir. Mən onların bir çoxunun açılışında şəxsən iştirak etmişəm.
Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq.
Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcəkdir.
Dövlət bu istiqamətdə öz siyasətini davam etdirir. Qeyd etdiyim kimi, özəl sektor da bu işlərə qoşulub. Bu da təbiidir. İmkanı olan şirkətlər ehtiyac içində yaşayanlar üçün gərək şərait yaratsınlar. Bu gözəl təşəbbüs əminəm ki, Azərbaycanda geniş vüsət alacaq. Dövlət isə öz tərəfindən bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün çalışacaq. Həm bu il, həm gələn il sosial layihələr icra ediləcək. Biz, qeyd etdiyim kimi, bu işlərdə böyük uğurlara nail ola bilmişik. Salınan şəhərciklər arasında Cocuq Mərcanlı qəsəbəsinin bərpasını mən xüsusilə qeyd etmək istərdim. Keçən il o qəsəbənin yenidən qurulmasının açılışında iştirak etmişəm. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik.
Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə – öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb.
Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var.
Bu yaşayış kompleksi sizin üçün müvəqqəti yaşayış yeridir. Lakin biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Ancaq işğaldan sonra biz belə gözəl şəhərcikləri bu gün işğal altında olan torpaqlarda mütləq yaradacağıq.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram”.