Sabiq polis rəisi Prezident Administrasiyasına müraciət etdi

0
6

Sabiq polis rəisi Prezident Administrasiyasına müraciət etdi.

Azərbaycan Respublikası Prezident
Administrasiyasının rəhbəri, cənab
Ramiz Mehdiyevə istefada olan polis
polkovniki Əhmədov Faiq Bilal oğlu tərəfindən

Ərizə

Hörmətli Ramiz müəllim, mən, Əhmədov Faiq Bilal oğlu 1946-cı ildə Babək rayonunun Xəlilli kəndində anadan olmuşam. 1964-cü ildə Babək rayonunun Şıxmahmud kənd orta məktəbini bitirib, Azərbaycan Pedaqoji Dillər institutuna qəbul olmuşam. 1969-cu ildə institutu bitirdikdən sonra Babək rayonunun Şıxmahmud kənd orta məktəbində müəllim işləmişəm. 1975-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında, Naxçıvan MR Daxili İşlər Nazirliyində şöbə rəisi, Ordubad, Culfa rayonlarının, Naxçıvan Dəmiryol stansiyasında polis şöbələrinin rəisi və digər rəhbər vəzifələrdə işləmişəm. 1988-ci ildə SSRİ DİN-nin Volqoqrad ali istintaq məktəbini bitirmişəm. Daxili İşlər orqanlarında işlədiyim illərdə həmişə Vətənimə, xalqıma sədaqətlə xidmət etmişəm.
Muxtar Respublikanın sərhədlərində vətənimizin müdafiəsi uğrunda ermənilərə qarşı gedən döyüşlərdə, daxildə isə qanunsuz əməlləri ilə xalqda özünə nifrət hissi yaratmış cəbhəçilərin qanunsuz əməllərinin qarşısının alınmasında canımı belə əsirgəməmişəm.
1991-ci ildə Ordubad rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunduğum ilk gündən Heydər Əliyevin adamı deyərək, Respublikada xüsusi radikallığı ilə seçilən, Muxtar Respublikanın rəhbərliyinə tabe olmayan, bu gün Azərbaycan Respublikasının Milli Məclisində millət vəkili kreslosunda rahatlıq tapan Fərəc Quliyevin rəhbərliyi ilə Ordubad rayon Xalq cəbhəsinin mənə və polisə olan davamlı təzyiqləri ilə rastlaşmışam. Gündəlik olaraq, rayon radio qovşağı vasitəsi ilə mənə rayonu tərk etməyim barədə çağırışlar səsləndirilir, evimə partlayıcı maddə atılacağı ilə zənglər edilib, ailə üzvlərimi hədələyirdilər.
1992-ci ilin avqust ayında Ordubad rayon xalq cəbhəsinin təqdimatına əsasən İsgəndər Həmidov mənim polis rəisi vəzifəsindən azad olunmağım barədə əmr imzaladı. Polis rəisi vəzifəsinə isə xalq cəbhəsinin üzvü, heç bir hüquq təhsili olmayan orta məktəb müəllimi təyin edilmişdi. Hətta polis şöbəsinin qarşısında olan pionerlər evində saqallı cəbhəçilərdən ibarət polis idarəsi də yaratdılar.
İ.Həmidovun əsassız əmrinə etiraz olaraq, rayon mərkəzində üç gün tərəfimizdən etiraz mitinqi keçirildi. Rayon sovetinin sessiyasında mənim polis şöbəsini təhvil verməyim barədə qərar qəbul olundu, deputat komissiyası yaradıldı. O zaman Naxçıvan MR Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən polis şöbəsini tərk etmədim. Hətta şöbəni təhvil almağa gələn deputat komissiyası tərəfimizdən silahla qarşılanıb, qovulduğuna görə Naxçıvan MR Prokurorluğu tərəfindən fakta görə üzərimizə cinayət işi qaldırılıb, istintaq aparıldı. Ulu öndər Heydər Əliyevin müdaxiləsindən sonra cinayət işinin icraatına xitam verildi.
Belə bir vaxtda ermənilər tərəfindən rayon ərazisinə, sərhədlərdə polis postlarına tez-tez basqınlar edilir, kömək gələnə qədər qeyri-bərabər dyüşlərdə əməkdaşlarımız yaralanır, girov götürülür, dağlarda çobanlarımız öldürülür, sürü ilə mal-qara oğurlanır, sərhəd kəndlərindən adamlarımız qaçırılırdı. Lakin bunlara baxmayaraq, ermənilərin cavabını layiqincə verir, insanlarımızı, mal-qaramızı qaytarmağa erməniləri məcbur edirdik.
1999-cu ildə təqaüdə çıxdıqdan sonra Azərbaycan Dövlət Dəmir yollarında Xüsusi şöbənin rəisi vəzifəsində işləyirdim. 2010-cu ilin yanvar ayında, bu gün də üzünü belə görmədiyim, tanımadığım Milli Təhlükəsizlik nazirliyinin Antiterror Mərkəzinin hazırda həbsdə olan “məşhur” rəis müavini İlqar Əliyevin və onun rəisi Elçin Quliyevin vəzifələrindən sui-istifadə edərək, başına min bir oyun açdıqları Culfa rayonunun keçmiş başçısı Ramiz Tağıyevlə olan şəxsi münasibətimə görə, Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədova təsirləri ilə ərizəm alınaraq, işdən azad olunmuşam.
Ramiz Tağıyevlə tanışlığım 1987-89-cu illərdə Culfa rayonunda polis rəisinin müavini, 1992-ci ildən 94-cü ilədək isə polis rəisi vəzifələrində işləyərkən başlamışdır. Həmin illərdə cəbhəçilərin qanunsuz əməllərinə görə barələrində qanun çərçivəsində tədbirlər görmüş, cinayət əməllərini bağışlamamışam. Burda da Ordubad rayon Xalq cəbhəsi öz ssenarisini işə salmağa cəhd etdi. İlk günlərdə əleyhimə Ordubad rayon xalq cəbhəsinin təşkilatçılığı ilə rayonun kəndlərindən öyrədilərək gətirilmiş cəbhəçilər tərəfindən polis şöbəsinin qarşısında mitinqlər keçirilsə də qarşısı tərəfimizdən qətiyyətlə alındı. Hətta mitinqin təşkilatçıları haqqında inzibati qaydada tədbirlər də görüldü.
Lakin Culfa rayon xalq cəbhəsi rayon Xalq cəbhəsindən fərqli olaraq, Ordubad ssenarisini oynamadı. O vaxtlarda Ramiz Tağıyev Xalq Cəbhəsinin sədri, rayon rəhbəri olmasına baxmayaraq, heç vaxt polisin işinə müdaxilə etməmiş, əksinə lazım olanda köməyini də əsirgəməmişdi. Hətta Culfa cəbhəçilərinin əlində olan yüzlərlə silah-sursat məhz Ramiz Tağıyevin vasitəsilə polisə təhvil verilmişdi. Bir dəfəyə 100 ədəd AKM, 2 ədəd RPK pulemyotu, 7 ədəd qrantamyot, 1 ədəd PTURS silahları və 12000 ədəd 7.62 kaliberli patron təhvil götürmüşdük ki, bu da Ramizin bizə olan əvəzsiz köməyi idi.
Culfada qanun pozuntusuna yol vermiş həkimə görə cəbhəçi həkimlərin mənə qarşı təşkil etmiş olduqları mitinqdə Ramizin “qulaqlarınızı açın, eşidin, mən ali təhsilli hüquqşunasın, polkovnikin kolxoz sədrinə, məktəb müəlliminə, ticarətçiyə dəyişdirilməsinə heç vaxt imkan verməyəcəm”-sözləri yadımdan çıxmamışdır.
R.Tağıyevin Ulu öndər Heydər Əliyevlə olan isti münasibəti məndə ona qarşı rəğbət yaratmışdı. Buna görə də biz onunla bir-birimizə hörmətlə yanaşırdıq. Mən 1999-cu ildə təqaüdə çıxıb, ailəmlə birlikdə Bakı şəhərinə köçüb, gəldikdən sonra tez-tez də olmasa vaxt olanda, xeyirdə-şərdə görüşüb, bir-birimizlə hal-əhval tuturduq. Belə bir insanla olan şəxsi münasibətimə görə mən də, oğlum da haqsız yerə cəzalandırıldıq.
2009-cu ilin dekabr ayının 29-da MTN-nin ixtisas artırma kursunda müdavim olan oğlum Ruslan Əhmədovu qəfildən heç bir açıqlama olmadan işdən azad etdilər. Bu haqsızlıqlara qarşı Milli Təhlükəsizlik naziri Eldar Mahmudova dəfələrlə şikayət ərizəsi yazsam, qəbuluna düşmək istəsəm də heç bir nəticə əldə edə bilmədim. Hətta sonuncu ərizəmdə ATM-in rəisi Elçin Quliyevin ünvanına təhqiramiz ifadələr də işlətdim. Düşündüm ki, çağırarlar. Yenə də əhəmiyyət verən olmadı. Əksinə mənə baş aparma, çəkil otur yerində, hədəsi ilə sifariş də göndərdilər.
Ramiz Tağıyev 2010-cu ilin iyun ayında MTN-də şəxsən ATM-in rəisi Elçin Quliyev və onun millətə qan udduran müavini İlqar Əliyev tərəfindən döydürülərək, məcbur edilmiş insanların yalançı şahidliyi ilə etmədiyi cinayətlərə görə həbs edildi. Məhkəmədə qanunun aliliyini qoruyan prokuror belə MTN-nin təsiri ilə, qorxusundan R.Tağıyevə 14 il həbs cəzası istədi. Hakim isə məhkəmədə “humanistlik” edərək, Ramizə etmədiyi- cinayət məcələssini 5 maddəsi ilə, heç bir fəaliyyət sahibi olmaya-olmaya vergidən yayındığına, MTN-də döyülüb, “könüllü” olaraq 5 il öncə Ramizdən güya rüşvət aldığını “səmimi” etiraf edərək, prokurorluğa gələn Binəqədi bələdiyyəsinin sədr müavininin (guya Ramiz bacısı oğluna deyib ki, çıxart müəllimə şirinlik ver. Hakim isə rüşvət verənə, rüşvət alana sağ ol deyib, təşəkkür etməyi belə yadından çıxarmamışdı) şikayətinə və s. qurama cinayətlərə görə 8 il həbs cəzası verdi. Sanki, Ramiz ağır dövləti cinayət törətmişdi. Bu azğınların gözləri o qədər qızmışdı ki, bacı oğlunu dayının üzünə durdurdular, ətlə dırnağı bir-birindən ayırdılar. Onlar Ramizlə aralarında olan şəxsi ədavətlərini vəzifə qulluğundan istifadə edərək, MTN müstəvisinə qaldırıb, haqq-hesab çəkdilər. Bu gün də mən nə İlqarı, nə də Elçini tanımıram. Birdə ki, Ramizlə yaxınlığın hansı məsuliyyət yaratdığını hələ də başa düşə bilmirəm. Ramizlə onlar arasında olan şəxsi ədavətdən mənim və oğlumun nə günahı var idi? Mən hər dəfə ərizəmdə Elçinlə İlqara bu günləri onlara xatırladır və yadlarına salırdım. Lakin onlar kor olmuşdular, törətdikləri əməllərin nəticələrini görmürdülər, bir gün cavab verəcəklərini yadlarına salmırdılar.
Ramizə olunan haqsızlıq yaxşı insanların sayəsində ölkə rəhbərliyinə çatdırıldı və o, 3 il məhkum həyatı yaşadıqdan sonra azadlığa buraxıldı.
Çox hörmətli Prezidentimiz İlham Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində duran, ölkəmizin təhlükəsizliyinin ən mühüm sütunu olan, həmişə saflıq, təmizlik simvolu olan bir qurumda toplaşmış, millətə qan udduran, minbir haqsızlıqlara imza atan, insanları çapıb-talayan quldur dəstəni ifşa edib, kökünə daş atması bu gün cəmiyyətdə insanların hörmətli Prezidentimiz İlham Əliyevə olan inamını və rəğbətini qat-qat artırmışdır. Sanki məzlumların zalimlərdən qisası alınırdı. Sanki, insanlar dərindən nəfəs alır və üzərlərindən ağır bir yük götürülürdü.
Bu şərəfsizlər müstəqil dövlətimizin milli təhlükəsizlik orqanına inam, etibar,hörmət qazandırmaq əvəzinə, onda mənfur ermənilərin və xalqımıza düşmən kəsilmişlərin əli ilə millətimizə divan tutmuş, 37-ci illərin KQB-si xofunu yaratmışdılar.
Bu gün Naxçıvan MR-da tək bir ailə olar ki, onların qohum-əqrəbalarından KQB koridorlarıından keçib, sürgünlərdə əzablara düçar olmasın, itib-batmasın. Onlar bu qafa ilə işlədilər və cavablarını da aldılar.
Hörmətli Ramiz müəllim, ömrümün çox hissəsini yaşamışam, mənə olan haqsızlıqlar, bu illərdə çəkdiyim ağrılar onsuz da geri qayıtmayacaq. Sizdən ölkənin ali rəhbərlərindən biri kimi oğlum Ruslan Əhmədova edilən haqsızlıqlara düzgün qiymət verilməsinə və haqqın, ədalətin bərpa olunmasına göstəriş verməyinizi xahiş edirəm.
Sağ olun ki, Sizlər varsınız. Xalqın sevdiyi Prezidentimiz və onun ətrafında ona və dövlətçiliyimizə sadiq olan insanlar var.
Sizə və ədalətinizə inanıram. Sağ olun!

Bakı şəhəri. 22 oktyabr 2015-ci il.

LEAVE A REPLY