Jalə Rəcəbova: “Artıq 4 yaşımdan oxuyub-yazmağı bilirdim”
II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan Jalə Rəcəbova ilə müsahibəni təqdim edirik:
O, Xaçmaz rayonu Zərifə Əliyeva adına məktəb-liseyin yetirməsidir.
-Müsahibəyə gözlədiyiniz sualla başlayaq, şablon da olsa: Necə oldu, 700 bal toplamağı bacardınız?
-Düzü, 700 toplayacağıma özümü əvvəldən, hətta birinci sinifdə oxuyarkən alışdırmışdım. Düzdür, o vaxtlar heç 700 balın nə olduğunu bilmirdim. Amma valideynlərim, müəllimlərim tez-tez bu balı toplayacağımı deyirdilər. 700 bal toplaya biləcəyimə inansam da, qəbulda belə olacağına söz verə bilmirdim. Çünki qəbulda hər şey ola bilər. Bir sualı unuda, diqqətsizlik edə, cavab kartına səhv köçürə bilərəm. Ona görə də minimum 680-690 bal toplayacağıma söz vermişdim.
-Sizcə, 700 bal toplamaq daha çox şans, yoxsa, savad göstəricisidir?
-Məncə, savadın rolu təxminən, 680-690 bala qədərdir. Geri qalanı demək olar ki, şansdır.
-700 toplaya bilməsəydiniz, sırf bu nəticəni qazanmaq üçün ikinci imtahanda iştirak etməyi düşünərdiniz?
-Xeyr! Çünki məqsədim 700 bal toplamaq deyil, prezident təqaüdünə düşmək idi. 690 bal toplasaydım, bu nəticəyə qane olacaqdım.
-Aydındır ki, liseylərdə tədris adi məktəbdəkindən bir qədər fərqlənir. Adi rayon məktəbində oxusaydınız, eyni nəticəni əldə edə bilərdiniz?
-Mən məktəb-liseydə oxuyurdum. Hər 4 sinifdən biri lisey sinif seçilərək, seçmə sinif olurdu. Oxuduğum yer təbiət elmləri təmayülü idi. Orada öz ixtisasıma uyğun fənlər keçməmişəm. Çünki üstünlük təbiət fənlərinə verilirdi. Bu da IV qruplar üçün əlverişli idi. Amma seçmə sinif olduğumuza görə burada güclü uşaqlar var idi. Rəqabət üçün daha uyğun şərait olduğuna görə mən həmin sinifdə qaldım. Əlbəttə ki, bura digər məktəblərdən fərqlənir. Rayondakı başqa məktəblərlə müqayisədə bizim məktəb ən yaxşısıdır. Amma təbii ki, tam olaraq lisey deyil, məktəb-lisey idi. Orta məktəbə də, liseyə də oxşarlğı vardı, yəni, orta mövqe tuturdu. Düşünmürəm ki, başqa məktəbdə oxusaydım, bu balı toplaya bilərdim. Ən azından buradakı rəqabət mühiti insanı daha uğurlu edir.
-Oxuduğunuz yerdə güclü rəqabət mühitinin olduğunu qeyd etdiniz. Eyni məktəbdə sizdən başqa da belə yüksək nəticə göstərənlər oldu?
-Bizim sinifdə hələ ki, şagirdlərin çoxu imtahan verməyib. Çünki onlar I və IV qrupdurlar. Amma indiyədək imtahan verənlər orta bal toplayıblar. Əksəriyyətinin balı 400-dən yuxarıdır. Amma digər siniflərdə 638 bal toplayan şagird var.
-Repetitor yanına hazırlığa getmisiniz?
-“Xaçmaz” hazırlıq kursunun tələbəsi olmuşam. Orada sırf abituriyenrt kimi iki il yarım hazırlaşmışam. Amma son iki-üç ayı Bakıda “Ulduz” – “həftə sonları” kurslarında iştirak etmişəm. Şənbə və bazar günləri dərsdən sonra bura gəlirdim.
-Çoxları düşünür ki, orta məktəbdə tədris güclü olsa, repetitorun köməyinə ehtiyac qalmaz. Bununla razısınız?
-Orta məktəb sinfində şagird çox olur. Bizim məktəbdə təhsilin səviyyəsi rayonun digər məktəblərinə baxanda yaxşı idi. Amma yenə də istər-istəməz repetitora ehtiyac olurdu. Çünki sinifdə bütün uşaqlar eyni səviyyədə deyillər. Uşaq çox olur. Müəllimin dediyini hər kəs eyni səviyyədə qavraya bilmir.
-Hazırlıq rejiminiz necə idi? Gün ərzində neçə saat dərslərinizlə məşğul olur, nələrə diqqət edirdiniz?
-Həftənin 1, 3, 5, 6-cı günləri hazırlıq kursuna gedirdim. Həmin günlər kursdan əlavə dərs oxuya bilmir, çox yorğun olurdum. Məktəbdən gəlib kursa gedir, gecə saat 8 – 9-a qədər orada olurdum. Amma o biri günlər demək olar ki, səhərdən axşamacan oxuyurdum. Bununla yanaşı, özümə istirahət də verirdim. Bəzən bir gün ümumiyyətlə dərs oxumur və ya günün çox hissəsini istirahətə ayırırdım.
Filmlər izləyir, bədii kitab oxuyurdum. Yəni hər şeyə müəyyən qədər vaxt çatdırmağa çalışırdım. Zehni yorğunluğumu da elə bunlarla aradan qaldırırdım.
-Yuxu rejiminizi necə tənzimləyirdiniz?
-Gecə saat 23:00-da yatırdım. Gün ərzində oxuyaraq çox yorulurdum. Səhər isə məktəb olan günlər saat 07:00, digər günlərdə isə 08:00 – 08:30-da oyanırdım.
-İdmanla məşğul olurdunuz?
-4 il, 1-4-cü siniflərdə şahmatla məşğul olmuşam.
-Sizcə, insan zəkası üçün şahmat oyundan başqa nədir?
– Şahmat insanın analitik təhlil bacarığını yüksəldən bir oyundur. Düşünürəm ki, uğurlarımda şahmata erkən başlamağımın da rolu var. Çünki o, zehni qabiliyyəti artırır. Hətta deyirlər ki, şahmatla məşğul olanlar riyaziyyatı yaxşı bilirlər. Məncə bu, təhsilimə də müəyyən qədər təsir göstərib.
-Hansı şahmat strategiyasını özünüzün sonrakı fəaliyyətinizdə tətbiq etmisiniz?
-Konkret olaraq hansısa strategiyanı deməzdim. Mən bununla ancaq kiçik yaşlarımda məşğul olmuşam. Düşünürəm ki, 4-cü sinif şagirdi hansısa strategiyanı qurmaqda peşəkar ola bilməz. Amma bu oyun məndə rəqib tərəfin gedişlərini qabaqcadan təxmin etmək, çətin situasiyadan çıxmaq bacarığı formalaşdırıb. Ümumilikdə isə düşünmə qabiliyyətimə yaxşı təsir göstərib.
-Bəs, şahmatdan niyə uzaqlaşdınız? Zehni yorğunluq gətirirdi?
-Bəli, sonradan məktəb dərslərim başladı. İbtidai və orta təhsil eyni olmur. Ona görə də ailəm fasilə verməyimi məsləhət gördü.
-Gələcəkdə şahmatı davam etdirmək fikriniz var?
-Bəli, artıq məşğul olmağa etməyə başlamışam.
-II qrupdakılar digərləri ilə müqayisədə daha çox gəlir gətirə biləcək ixtisaslardır. Elə abituriyentlərin çoxu da maliyyə tərəfini düşündüyünə görə bu qrupu seçir. Siz necə, II qrupu niyə seçdiniz?
-II qrupda ixtisasların çoxu humanitar yönümlüdür. Məndə isə riyaziyyat daha yaxşıdır. Buna görə də ya maliyyə, ya da mühasibat uçotu ixtisaslarından birini seçəcəm. Hamı maliyyəni məsləhət bilir. Bu sahəyə 6-7 siniflərdən marağım var. Vergilər Nazirliyinin keçirdiyi vergilər olimpiadalarında respublika birincisi olmuşam. Bu, hələ mən 5 və 8-ci siniflərdə oxuyarkən olub. Yəni bu sahəyə o vaxtlar marağımvar idi .
-Gələcəyin məliyyə mütəxəssisi olacaqsınız. Azərbaycanın iqtisadi durumunu necə dəyərləndirirsiniz?
-Düşünürəm ki, iqtisadiyyat, xüsusilə də maliyyyə sahəsində ciddi kadr çatışmazlığı var. Ölkəmizdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunmalıdır. Düzdür, müəyyən qədər bu təmin olunur. Amma ixtisaslı kadr nə qədər çox olarsa, bu, o qədər sürətli gedər. Bu istiqamətdə ölkəmizin inkişafına töhfə verə biləcəyimi düşünürəm.
-Başqa hansı uğurlarınız var?
-2017-ci ilin iyul, avqust aylarında ABŞ-ın İndiana Universitetində biraylıq liderlik, biznes və sahibkarlıq dərsləri almışam. Proqramı 3 gün müddətində Gürcüstanda davam etdirmişəm. Burada sertifikat əldə etmək üçün verilən tapşırıqları yerinə yetirmişəm. 2017-ci ilin dekabrından Azərbaycan Avropa Gənclər Parlamentinin üzvüyəm. 10-cu sinifdə oxuyarkən “Ədəbiyyat birinciləri” müsabiqəsində respublika üzrə ikinci yeri tutmuşam. 9 və 10-cu siniflərdə riyaziyyat olimpiadalarında rayon üzrə birinci yeri tutmuşam. 11-ci sinifdə isə olimpiadaya coğrafiya fənnindən qatıldım və burada da rayon üzrə birinci oldum. Şahmat olimpiadalarında 1, 2 və 3-cü yerlərlə təltif olundum. Bundan başqa “mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibi olmuşam. 6-cı sinifdə oxuyarkən YUNİCEF-in keçirdiyi “Uşaq hüquqlarının gündəlik tədrisi” proqranmını bitirmişəm. İntellektual yarışların, breninqlərin iştirakçısı olmuşam. Azərbaycan İntellektual Oyunlar klubunun təşkil etdiyi oyunlarda iştirak etmişəm. Müxtəlif yarışlarda qazamdığım 30-dan çox sertifikatım var.
-Respublika olimpiadasında əsas yer tuta bilməməyinizə səbəb nə oldu?
-Fənn olimpiadaları qəbul imtahanındakı kimi kompüterlə yoxlanmadığına görə bəzən şəffaflığa yol verilmir. Ola bilər ki, müəyyən şeylər yoxlayan adamların özünün belə diqqətindən qaçır. Məndə də kiçik bir anlaşılmazlıq oldu. Yer tutmaq üçün cəmi 3 balım çatmadı. Düzdür, respublika olimpiadası kimlərəsə görə uğur qazanmaq üçün yoldur. Bəlkə də burada mənim bəxtim gətirmədi.
-Müxtəlif layihələrdə iştirak etmisiniz. Bunların arasında ədəbiyyatla bağlı olanı da, uşaq hüquqları ilə əlaqədar olanı da var. Bu, sizi dərslərinizdən yayındırmırdı?
-Yox, çünki mən uşaqlıqdan hərtərəfli böyümüşəm. Yəni, ədəbiyyata da müəyyən müddət marağım olub. Amma bunu sırf ixtisas fənni kimi davam etdirmək istəmədim. Sadəcə, mənim maraq sahəmdir. Yalnız ixtisasa yönələndə adam hərtərəfli olmur. Müəyyən qədər başqa şeylərlə də maraqlanmaq lazımdır. Bunların çoxunun təməli 7-8-ci siniflərdə qoyulub. Hamısını hazırlıq mərhələsində etməmişəm. Bədii əsərlərin çoxunu 8-9-cu siniflərdə oxuyub bitirmişəm. 10-cu sinifdə bunu bir qədər azaldıb, 11-ci sinifdə minimuma çatdıraraq ixtisas fənlərimə yönəlmişəm.
-Amerikada bir ay bir layihədə iştirak etmisiniz. Oradakı mühiti müəyyən qədər görmüsünüz. Bizimlə oranın təhsil mühitində əsas fərqlər nələrdir?
-Əslində, bizə əvvəldən fərqli mühitin, mədəniyyətin olacağı ilə bağlı məlumat vermişdilər. Buna görə də elə əvvəldən gözlədiklərimi gördüm. Orada hamı gülərüzdür. Küçədə hamı bir-birinin üzünə gülür. Orada ailəsi nə qədər maliyyə dəstəyi versə də, tələbə özü işləməyə meyillidir. Karyeralarını əvvəldən qururlar. Buna görə də oranın təhsil mühitini daha çox bəyənirəm..
-ABŞ, Gürcüstanda layihələrdə iştirak etdiyinizi qeyd etdiniz. Azərbaycanda belə layihələr üçün yetərincə işlər görülürmü?
-Bəli, görülür. Mənim üzv olduğum Avropa Gənclər Parlamenti hər iki-üç aydan bir sessiyalar təşkil edir. Bununla, gənclər Avropa mühitinə öyrəşirlər. Assambleyalar təşkil olunur. Düşünürəm ki, bu haqda kifayət qədər işlər görülür. Bunlardan nə dərəcədə yararlanmaq isə artıq hər kəsin öz öhdəsinə düşür.
-Hansı xüsusi istedadınız var?
-Bəzən rəsm çəkməyi xoşlayıram. Amma bunda o qədər də uğurlu olduğumu hesab etmirəm.
-Təhsilinizi Azərbaycanda, ya xaricdə davam etdirmək istəyirsiniz?
-Əgər yaxşı təqaüd verən, təhsilhaqqından tam azad edən universitet olsa, bu haqda fikirləşmək olar. Amma Azərbaycanda da reytinqli universitetlər az deyil. Elə onlardan birini də seçmək olar. Təhsilimin növbəti pillələrini isə xaricdə davam etdirmək istəyirəm.
-Xaricdə təhsil alsanız, Azərbaycana qayıdacaqsınız?
-Bəli, mütləq. Mən burada daha faydalı ola bilərəm, nəinki əcnəbi ölkədə. İnsan öz vətənində daha çox xeyir vermək istəyir. Burada öz ətrafımda daha tanınıram. Nəsə etsəm, bunu daha çox insana çatdıra bilərəm.
-Bəs ölkəmizdə oxumalı olsanız, hansı ali təhsil müəssisəsini seçəcəksiniz?
-Hələ seçim etməmişəm. Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Mühəndislik Universiteti və s. Yəni, seçim çoxdur. Seçim etmək üçün hələ iki aydan çox vaxtım var. Buna görə də tələsmirəm.
-İmtahandan əvvəl özünüzdən bu nəticəni gözləyirdiniz?
-İmtahandan əvvək yüksək nəticə gözləyirdim. Elə DİM-in keçirdiyi sonuncu sınaq imtahanında da 700 bal toplamışdım. Özümə inamım artmışdı. Amma tam olaraq 700 olacağını deyə bilmirdim. Yəni, bunu bacara biləcəyimə inanırdım, amma əmin deyildim.
-Qəbul imtahanında bütün sualları düzgün cavablamısınız. Çətinlik çəkdiyiniz fənn hansı oldu?
-Tarix mənə bir qədər çətin gəldi. O, sırf əzbərə əsaslanır. Mən isə texniki fənlərə meyilliyəm. Tarixdən nələrisə yadıma salmaqda çətinlik çəkdim. Riyaziyyatdan bəzi suallar biraz çətin olduğuna görə onları sona saxladım. Ümumilikdə, suallar isə o qədər də çətin deyildi.
-Sınaq imtahanlarında necə nəticə göstərirdiniz?
-Hazırlıq kurslarının təşkil etdiyi imtahanlarda 660-691 arası bal toplamışam. DİM-in keçirdiyi üç sınaq imtahanındsa isə nəticəm 649, 662 və 700 bal olub.
-İmtahan sonrası təəssüratlarınız necə idi? 700 bal topladığınızdan əmin idiniz?
-İmtahan mənə o qədər də çətin gəlmədi. Buna görə də düşünürdüm ki, yəqin nəticəm yaxşı olar. Bir-iki şübhəli sualım var idi. Evə gəlib suallara baxdım və onları düz yazdığıma əmin oldum. Həmin gün axşam saatlarında DİM etalon cavabları açıqladı. Orada da hamısı düz gəldi. Sual kitabçasında 700 bal olduğuna əmin idim. Amma cavab kartında hər şey ola bilərdi. Səhv köçürə və ya ümumiyyətlə köçürməyə bilərdim. Buna görə də 700 topladığımı hələ ki, ailəmizdən başqa heç kimə demədim. Cavablar isə mayın 25-i çıxdı və 700 bal topladığıma əmin oldum.
-Sonuncu sınaq imtahanında 700 bal topladığınızı bildirdiniz. Bu sizdə arxayınlıq yaratmadı?
-Düzü, mən də elə ona görə narahat idim. Çünki mən, bir qədər tez arxayınlaşan biriyəm. Bir ay imtahandan çox bal toplayırdımsa, arxayınlaşaraq növbəti imtahandan zəif nəticə göstərirəm. Amma sonuncu sınaq imtahanından sonra bunu başa düşməli oldum. . Ona görə də sınaqdakı 700 məni motivasiya etdi, nəinki arxayınlıq… Çünki ondan öncəki sınaqda balım az olmuşdu. Son üç ildə verdiyim sınaq imtahanları arasında ən az balı toplamış, buna görə çox pis olmuşdum.
-Bu arxayınlıq özünü nədə büruzə verirdi?
-Hansı ay çox bal toplasam, elə bilirdim ki, proqramı yaxşı mənimsəmişəm. Arxayınlaşıb sosial şəbəkələrdən çox istifadə edirdim. Az bal toplayanda isə sosial şəbəkələrlə bağlı özümə məhdudiyyətlər qoyurdum. Yəni başqa şeylərlə çox məşğul olur, istirahətə çox vaxt ayırırdım. Filmlər izləyirdim. Düşünürdüm ki, onsuz da bal toplamışam. Amma sınaq imtahanının müsbət tərəfi də çoxdur. Adətən insanlar bir səhvdən nəticə çıxarırlar,amma mən sınaqlarda bir neçə dəfə səhv edərək nəticələr çıxarmağı öyrəndim.
-Sosial şəbəkələrdən asılılığınız var?
-Asılılığım yoxdur, amma istər-istəməz maraqlı gəlirdi. Xaricdə təhsil səhifələrini izləyirdim. Son iki ayı onlardam istifadəni azaltsam da, tamamilə bağlamadım. Çünki əlaqə saxladığım insanlar vardı.
-Sosial şəbəkələrə gün ərzində nə qədər vaxt ayırırsınız?
-Hazırda çox istifadə edirəm. Çünki təbrik edənlər çox olur. Saytlar müsahibə üçün yazırlar. Haradasa, gündə 4-5 saat istifadə edirəm. Çünki indi başqa bir məşğuliyyətim də yoxdur.
-Hazırda 700 bal topladığınıza görə medianın diqqət mərkəzindəsiniz. Özünüz də saytların çox yazdığını dediniz. Bu, sizə narahatlıq yaratmır ki?
-Xeyr. Əvvəldən bilirdim ki, 700 bal toplasam bu olacaq. Eyni nəticəni göstərən bir neçə tanışım var. Onlardan maraqlanmışdım. Buna görə o qədər də gözlənilməz olmadı.
-Bədii ədəbiyyata xüsusi marağınızın olduğunu dediniz. Sizcə hansı əsərlər insanın dünyagörüş, fərdi-analitik təhlil bacarığına güclü təsir göstərir?
-Bədii ədəbiyyata 4 yaşımdan sadə əsərlərlə başlamışam. 5-6-cı siniflərdə dedektivə üstünlük versəm də, sonradan bu janr mənim üçün maraqsızlaşdı. Hazırda fəsləfi janrda daha çox oxuyuram. Ən sevdiyim əsər isə İvan Turgenevin “Atalar və Oğullar” əsəridir.
-Bədii ədəbiyyata 4 yaşında başladığınızı dediniz. Yəqin ki, bu yaşda valideynləriniz sizi təhsilə, mütaliəyə istiqamətləndirirdi…
-4 yaşımda bacım mənə əlifbanı öyrətmişdi. Mənim üçün kitabxanadan şəkilli kitablar gətirərdi. Vaxt qoyurdu ki, filan kitabı iki həftə müddətində oxumalısan. Bədii ədəbiyyata marağım elə o vaxtdan formalaşmağa başladı. Hər kəsin uğurunda müəyyən insanın rolu olur. Mənim uğurumda həm müəllim, həm də valideynlərim sözün əsl mənasında böyük rol oynayıb. Qarşıma həmişə mənə istiqamət verə biləcək müəllimlər çıxıb. Bu, bir növ şans idi.
– Hansı ədəbi janrı oxumağa üstünlük verirsiniz?
Daha çox dram janrıına üstünlük verirəm. Filmlərdən isə elmi-fantastikanı bəyənirəm.
-Ailənizdə belə uğur qazanan başqa biri var?
-Bacım Azərbaycan dili və ədəbiyyat müəllimidir. Özü olimpiadaçı olmasa da, olimpiadada yer tutan şagirdlər yetişdirib. 700 bal toplayan şagirdi də olub.
-Dil bilikləriniz necədir?
-Yalnız ingilis dili ilə məşğul olmuşam.
-Dil öyrənmək üçün hansı üsullardan istifadə edirsiniz?
-İngiliscə bədii kitablar oxuyuram. Həmin dildə olan televiziya verilişlərini izləyir, bu dildə çox ünsiyyətdə olmağa çalışıram. İnternetdə nə isə axtaranda ingiliscə yazıram. Çalışıram ki, bu dil daha çox qarşıma çıxsın. Belə olduqda onu öyrənməyə məcbur olursan.
-Bəs Azərbaycan dilində olan televiziya verilişlərini necə? İzləyirsiniz?
-Bəzi intellektual verilişləri çıxmaq şərti ilə maraq dairəmə uyğun olanları yoxdur. Amma anonslarda nə isə maraqlı gələndə ona baxıram. Son hazırlıq ilində heç intellektual verilişləri izləməyə də vaxtım olmadı. Bunlardan əlavə mədəniyyət, incəsənət verilişlərini izləməyi sevirəm. Azərbaycan filmlərini izləyirəm
-Ən sevdiyiniz Azərbaycan filmi hansıdır?
-“Bir qalanın sirri”.
-Sizcə, rayon məktəbləri şagirdləri ali məktəbə kifayət qədər hazırlaya bilir?
-Bu, şagirdin özündən asılıdır. Məsələn, bizim liseyimizdə şagirdlər üçün hər şərait yaradılsa da, oxumayanlar da vardı. Amma təbii ki, yömləndirmə də rol oynayır.
-Sizcə Azərbaycandakı orta təhsil sistemində əsas hansı islahat və yeniliklərə ehtiyac var?
-Düşünürəm ki, şagirdlərin məntiqi təfəkkürünün inkişafına diqqət ayrılmalıdır. əzbərə yox, analitik düşüncəyə diqqətyetirilməlidir. Məncə, bu yöndə bir sıra islahatlar keçirilir. Elə kurikuluma keçid də bunu göstərir. Qəbul imtahanlarında da əzbərə yönəlmiş sualların sayı azalır.
-Sizcə, bu prosedurlar reallaşsaydı, məsələn kurikulum sistemində imtahan versəydiniz yenə də bu nəticəni göstərədiniz?
Məncə olardı. Çünki əvvəldən bu sistemlə hazırlaşmışam. Qəbul imtahanını kurikulumla verəcəyimi bilsəydim, o yöndə hazırlaşacaq, eyni nəticəni göstərəcəkdim. Bilmirəm, o vaxtlar yeddi yüzlük bal sistemi olacaq ya yox. Amma düşünürəm ki, çalışan şagird hər sistemdə yüksək nəticə göstərə bilər.
-Özünüzü tələbə həyatına hazır hiss edirsiniz?
Mən hazırlaşdığım müddətdə ev işləri görməmişəm. Düzü, buna ehtiyac da olmayıb. Çünki evdə anam və böyük bacılarım var. Məncə o vaxtacan öyrənə bilərəm.
-Universitetdən gözləntiləriniz nələrdir?
-Sırf hər şeyi ali məktəbdən gözləmək düzgün sayılmaz. Şagirdin özündən də çox şey asılıdır. Bəzən görürsünüz ki, eyni qrupda bir uşaq özünü inkişaf etdirir, digəri isə iş tapa bilməməkdən şikayətlənir. Özüm universitetdən daha çox şey qazanmaq üçün çalışacam. Əlavə kurslara getməyi, özümü inkişaf etdirməyi düşünürəm.
-Qəbul imtahanı zamanı psixoloji sarsıntı keçirmisiniz?
-Əsas psixoloji gərginliyim imtahandan bir gün əvvəl oldu. İmtahandan əvvəlki bütün günü ağlamışdım. Çünki ağlıma hər şey gəlirdi: imtahan pis keçər, son dəfə topladığım 700 baldan arxayınlaşaram və s. imtahan gümü də çox həyəcanlı idim . Amma sualları görəndə həyəcanı unutdum. Çünki asan idilər.
-Belə nəticə göstərmək üçün digər abiturityentlərə nə tövsiyə edərdiniz?
Deyə bimərəm ki, eynilə mən etdiyim kimi etsinlər. Çünki hər abituriyentin götürmə qabiliyyəti fərqlidir. Məsləhət görərdim ki, onlara kifəyət edəcək qədər oxusunlar. Hər abituriyent öz qavrama səviyyəsini bilir. İstirahət saatlarını da buna müvafiq olaraq bölüşdürməlidir.