Elşad Musayev: “Müsahibənin dərcindən sonra, bu məsələ də ictimailəşəcək və kim bunu araşdırmalıdırsa, yaxud da kim məsləhət bilirsə o da araşdırsın”

0
4

“Bizim onlardan fərqli olaraq, xalqın içinə çıxmağa üzümüz də var, deməyə sözümüz də.”

Elşad Musayev: “Müsahibənin dərcindən sonra, bu məsələ də ictimailəşəcək və kim bunu araşdırmalıdırsa, yaxud da kim məsləhət bilirsə o da araşdırsın”

“Azərbaycana kənardan olan istənilən basqını və təzyiqi aradan götürmək üçün, ilk növbədə ölkə daxilində hakimiyyətlə müxalifətin arasımda barış və etimad mühiti olmalıdır”

Ölkənin siyasi gündəminə bomba kimi düşən MTN qalmaqalı, onsuz da qədərindən artıq sönük keçən seçki kampaniyasını xeyli arxa plana atsa da, proses davam edir və namizədlər də gücləri çatan səviyyədə təbliğat və təşviqatla məşğul olurlar. Əslində, bu arada gözlənilməz, narahat olayların baş verməsindən sonra, hakimiyyət tərəfindən ənənəvi olaraq hazırlanan deputat siyahılarından bəzi namizədlər avtomatik olaraq oyundan kənarda qaldı ki, bu da, seçkiyə öz təşəbbüsləri ilə, hakimiyyətin “dobro”sunu almadan qatılmış xeyli namizədi ümidləndirdi. İndi, seçkilərə bir həftə qala, bəzi dairələrdə xeyli aktivləşən təbliğat və təşviqat kampaniyaları da bununla bağlıdı. Hər halda, bu və digər səbəblərdən, həmçinin də hakimiyyətin bəzi gözlənilməz situasiyalara, eləcə də, hər ötən gün daha da sərt çizgilərlə özünü biruzə verən iqtisadi və siyasi böhrana bağlı olaraq, xeyli əlavə qayğılarla yüklənməsi, bu ilki seçkilərdə sürpriz nəticələrə vara bilən yekunlar da gətirə bilər. Bir sözlə, Azərbaycanın bu dəfəki seçkidən fərqli bir parlamentlə çıxa biləcəyi də istisna olunmur.
Bu arada, 9 saylı Binəqədi 2 -ci seçki dairəsindən Milli Məclis üzvlüyünə “Azadlıq-2015” siyasi blokundan namizəd verilmiş BAP sədri Elşad Musayevlə söhbət zamanı, seçkiyə bir həftə qalmış, durum dəyərləndirməsi yapmağa, seçkilərlə bağlı ümumi vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirməyə çalışdıq.

– Elşad bəy, seçkilərə bir həftə qalır, təbliğat-təşviqatla bağlı işlər necə gedir?

– Təşəkkür edirəm, işlər qaydasındadır və hər şey də plana uyğun gedir.

– Təbliğat baxımından probleləriniz yoxdu ki ?

– Təbliğat baxımından çoxlu problemlər var. Bu, ilk növbədə təbliğat müddətinin azlığı ilə bağlıdır. İkincisi, təbliğat və kütləvi görüşlər üçün, faktiki olaraq yer ayrılmayıb. Televiziya çıxışları ümumiyyətlə kəsilib və efirlərdən hər hansı formada istifadəyə imkan verilmir. Təsəvvür edin ki, bu boyda rayonun ərazisində cəmi iki görüş yeri ayırıblar ki, biri ümumiyyətlə rayonun sərhəddindədir, digərində isə seçki məntəqəsi düzəldiblər və ordan həm də anbar kimi istifadə eləyirlər. Yəni orda da faktiki olaraq içəridə görüş keçirmək mümkün deyil. Ona görə də biz, ev-ev, məhəllə-məhəllə gəzmək və bu üsulla seçicilərlə görüşmək yolunu seçmişik. Bunu da əvvəlcədən elan eləmişdik və hesab edirəm ki, indiki şərtlərdə ən çox uğur gətirəcək variant da budur.

– Bəs YAP-ın namizədi necə, görüşlər keçirirmi?

– Bizi onun özü də, nə etməyi də qətiyyən maraqlandırmır.

– Maraqlandırmır bildik, amma deyirsiniz ki, ev-ev, məhəllə-məhəllə gəzirsiniz, heç oralarda qarşınıza çıxmayıbmı?

– Bizim informasiyaya görə, hakimiyyətin namizədləri bu ərazidə kampaniya-filan aparmırlar və faktiki olaraq təbliğatla da məşğul deyillər. Həm də onların seçiciyə deyəcək sözləri yoxdur. Ola bilsin ki, hardasa öz aralarında qapalı şəkildə görüşsünlər. Hətta bizə də bir dəfə informasiya daxil olub ki, ərazidəki kafelərdən birində, icra hakimiyyətinin, bələdiyyənin işçilərini yığaraq bir görüş keçiriblər. Amma, belə götürəndə, tək bizim rayonda deyil, digər rayonlarda da YAP-çıların xalqa deməyə nə sözləri var, nə də söz deməyə üzləri. Bizim onlardan fərqli olaraq, xalqın içinə çıxmağa üzümüz də var, deməyə sözümüz də.

– Sizin dairədəki YAP namizədinin kimliyini araşdırıbsınızmı, bilirsinizmi ?

– Əlbəttə araşdırmışıq və bilirik, amma mən onun üzərində çox da dayanmaq istəmirəm. Çünki o bizim çapda olan adamlardan deyil. Əgər təmsil elədiyi partiyanın sədri olsaydı, rəhbərliyində təmsil olunsaydı, o barədə nəsə danışardım. Namizəddir, gəlib, bacardığı şəkildə təbliğatını aparsın, amma bu adam adı heç yerdə eşidilməyən adi partiya üzvüdür. Yəni, onun nə adı, nə də elə nüfuzu yoxdu ki, biz də ona əlavə enerji sərf eləyib vaxt ayıraq.

– Niyə adamın adı yoxdu ki, adı da var, özü də bu dairəyə Cəmil Əliyevin kadrı kimi gəlib və bəlkə Sizin yanınızda demirlər, amma bizim araşdırmalar göstərir ki, onunla istər rayonun, istərsə sə DSK-nın rəhbərliyi hesablaşır, açıqca da bu haqda danışırlar.

-Yox, siz jurnalistlər bunu araşdıra, müxtəlif kanallarla aldığınız məlumatlara söykənərək qənaətlərinizi paylaşa bilərsiniz. Bizim isə bu cür məsələlərin araşdırılmasına nə vaxtımız, nə də həvəsimiz var. İndi, istər dünyada, istər regionda, istərsə də, ölkənin daxilində Azərbaycan dövlətinin taleyinə ciddi təsir edə biləcək proseslər getdiyi bir zamanda, bizim belə mənasız işlərə baş qoşmağımız mümkün deyil.

– Bu namizədi niyə şikayət eləmirsiniz ki, adamın bukletləri yayılıb, nə tiraj var, nə tarix var, nə də mətbəənin ünvanı və bu, birbaşa qanun pozuntusudur.

– Əvvəla kimdənsə şikayət eləmək bizim metod deyil, bizim metodumuz mübarizədir və biz də mübarizəmizi aparmaqla məşğuluq. Bizim kitabımızda qadınlara və zəif rəqiblərə qarşı mübarizəyə yer yoxdu. Öz çapımızda olan rəqiblərlə mübarizəmizi həmişə aparmışıq və illərlə bu belə olub, bundan sonra da belə olacaq.

– Dairədəki rəqibiniz kimdir ?

– Dairədə rəqibimiz yoxdur, biz özümüzük, bir də qarşı tərəf olaraq dövlətin bütün imkanlarını öz xeyrinə səfərbər edən hökumətdi. Əgər zəif işləyiriksə, demək özümüz özümüzə rəqibik, yox əgər yenə də hökumət əvvəlki illərdəki kimi hərəkət edəcəksə, yenə də rəqibimiz hökumət olacaq. Əlavə də, yerli icra orqanları tərəfindən idarə olunan minbaşı, yüzbaşı, onbaşılardan ibarət qanunsuz çətələr qurublar və onların vasitəsi ilə müəyyən problemlər yaratmaq istəyirlər. Burda da, bir daha bəyan eləmək istəyirəm ki, biz hələ “Azadlıq-2015” seçki blokundan namizədliyimizi irəli sürəndə bəyan eləmişdik ki, ölkədəki vəziyyəti də, hakimiyyətin seçkilərə münasibətini və bu yöndə yararlandığı metodları da çox yaxşı bilirik, ancaq bütün bunlara baxmayaraq əhalinin içinə getmək, sözünü demək, camaatın dərdərini eşitmək, problemlərin çözüm yollarını birgə araşdırmaq lazımdır. Eyni zamanda da, nəticələrin necə olmasından asılı olmayaraq bu seçkidən daha diri çıxmaq lazımdır. Çünki ölkənin qarşısında çoxlu problemlər var və bütün proqnozlar, analiz və təhlillər onu göstərir ki, qarşıda bizi olduqca ağır zamanlar gözləyir və biz hamılıqla buna hazır olmalıyıq. Ona görə də biz daha çox bu işlərlə məşğuluq və insanlarımız da bizi çox rəğbətlə qarşılayırlar.

– Sizin dairədən YAP-ın namizədi kimi təqdim olunan şəxsin Milli Onkologiya Mərkəzinin direktor müavini olduğu göstərilir, amma biz bu məsələni də araşdırdıq və internet məlumatlarından da görünür ki, orda bu adda müavin yoxdur. Adam sadəcə təsərrüfat işləri müdiridir və buna da el dilində “zavxoz” deyirlər. Bukletlər haqqında da dedik, əgər Elşad Musayevin o cür bukletləri yayılsaydı, ya bilərəkdən, ya da bilməyərəkdən anket məlumatlarınızda elə kobud səhv olsaydı, indi çoxdan marafondan çıxarılmışdınız. Yəni, nə vaxtacan siz, qanunun tələblərinə uymaq əvəzinə, yaxşı oğlan olmaq siyasəti ilə qalib gəlmək istəyəcəksiniz?

– Bizim də bildiyimizə görə YAP-ın burdakı namizədi Milli Onkologiya Mərkəzində təsərrüfat işləri ilə məşğul olan bir adamdır. Əgər siz də bu məsələni araşdıraraq daha da dəqiqləşdirə bilibsinizsə, lap yaxşı. Amma yenə də deyirəm ki, o adamın kimliyi bizi qətiyyən maraqlandırmır və o da olmasaydı, bir başqası olacaqdı. O ki qaldı indi sizin də barəsində danışdığınız qanun pozuntularına, deməliyəm ki, MSK xırda səhvlərə və cüzi yanlışlıqlara görə xeyli sayda müxalifətçi və müstəqil namizədləri prosesdən kənarlaşdırıb. Onu da düz deyirsiniz ki, bircə nəfər müxalifət namizədinin təşviqat sənədlərinin üzərində, qanunda tələb olunan məlumatlar yer almasaydı, onu çoxdan kənarlaşdırardılar. Əslində, bu müsahibənin dərcindən sonra, bu məsələ də ictimailəşəcək və kim bunu araşdırmalıdırsa, yaxud da kim məsləhət bilirsə o da araşdırsın. Biz isə rəqiblərimizi açıq mübarizədə udmaq istətirik.

– Son günlərin baş xəbəri kimi gündəmi tutan MTN qalmaqalı ciddi məsələləri ortaya qoydu. Bu haqda fikirləriniz nədir və olanların seçkiyə nə cürsə təsir edə biləcəyini gözləyirsinizmi ?

– Bu qalmaqalda çox adamların adı hallanır və hələ çoxlarının da adı hallanacaq. Bu kimi hallarda ən təhlükəli rollarda sındırılmış adamlar çıxış edirlər. İndi də bu olanlarla bağlı kim daha çox qışqırır, kim daha çox yazırsa, bilin ki, onlar nə vaxtsa həmin o MTN tərəfindən sındırılıb. Bu səbəbdəndir ki, onlar daha çox hay-küy salır, daha da aqressiv görsənməyə çalışırlar, halbuki, vaxtilə MTN-in ayrı-ayrı əməkdaşlarının, təmsilçilərinin adamları kimi fəaliyyət göstəriblər. Bəzən də bu çox aydın şəkildə görsənirdi və biz də oları elə o cür də tanıyırdıq. İndi də, bizim rəqibimiz oldu, ya da olmadı, hansı namizədin hardan və ya kimin siyahısından çıxmağı, bizi o qədər də maraqlandırmır. Onsuz da bu ölkədə siyasətlə məşğul olanların da, siyasi proselərlə işləyənlərin də hamısı tanıyır ki, kim kimin kurasiyasındadı və harada kimləri təmsil eləyir. Bizim üçün isə, əsas olanı ölkəmizdə normal, demokratik seçki keçirilməsinə nail olmaqdır. Bundan sonra isə, sizin də bildiyiniz kimi, Azərbaycan bütün dünya ilə düşmən olmaq həddinə gətirilib və bu düşmənçiliyin aradan qaldırılması, ölkənin iqtisadi və siyasi böhrandan çıxarılması, insanlarımızın haqq və hüquqlarının qorunması üçün ciddi bir zəmin hazırlamaq lazımdır. Biz indi daha çox bu kimi məsələlərin üzərində fikirləşməliyik və mübarizələrimiz də daha çox bu yöndədir.

– Seçkiyə bir həftə qalır, amma bu gedişat o həddə gətirə bilərmi ki, ümumiyyətlə ölkə heç seçkiyə gedib çatmasın ?

– Biz prosesləri izləyirik, həm də, əslində, elə proseslərin içindəyik. Gücümüz çatdığı yerə qədər ümumi prosesləri aparmağa çalışırıq. Hesab edirəm ki, bu seçki keçiriləcək, baxmayaraq ki, indiyə qədər də seçki ilə bağlı çoxlu qanun pozuntuları olub. Əlbəttə ki, bundan sonra da müəyyən proseslərin olacağı gözlənilir və biz də Aydan, ya da Marsdan düşməmişik və öz ökəmizi də, burdakı ab-havanı da kifayət qədər yaxşı bilirik. Mən əvvəl də mətbuata açıqlamalarımda bu haqda demişəm ki, Azərbaycan hakimiyyətinin içərisində də, ölkədəki vəziyyətin gərginliyini dərk edən qüvvələr var, amma görünəni odur ki, onlar müəyyən qədər zəifdirlər və bu səbəbdən də daha aqressiv olan digər tərəf sərt mövqe nümayiş etdirməyə çalışır. Amma nəticə etibarilə, bu sərtləşmə və bunun da nəticəsində getdikcə daha da aqressivləşən cəbhələşmə heç kəsə və heç bir tərəfə xeyir gətirmir. Biz onsuz da bu vəziyyətə öyrəşmişik. Deyək ki, müxalifətdə olan adamlar illərlə, 3-4, bəzən də 5 dəfə seçkini udublar və deputat mandatı daşımasalar da, yenə də həmin adamlardılar və heç nə də dəyişməyib. Amma o biri adamlar gedəndən sonra, baxırsan ki, pis vəziyyətə düşürlər. Ona görə də, hakimiyyətdə olanlar da, hakimiyyətin dəstəyinə güvənib ortada olanlar da müəyyən qədər rasional fikirləşməlidirlər və ümumi vəziyyətin nəzarətdən çıxmasına yol verməməlidirlər. Konkret olaraq bu seçki ilə bağlı prosesləri də, hakimiyyət rahatlıqla başa çatdıra bilmək barəsində düşünməlidir. Çünki indidən bir xeyli sayda beynəlxalq təşkilatlar bu seçki ilə bağlı öz mənfi rəylərini bildiriblər, seçknin nəticələrini şübhə altına alıblar və sair, və ilaxır. Bu mənada, biz, ilk növbədə Azərbaycanın maraqlarını müdafiə edirik, daha çox dövləti və dövlətçiliyi qorumağa çalışırıq. Çünki bu gedişlər davam edəcəksə, ölkəni ciddi sanksiyalar və bu sanksiyalardan doğacaq təhriklər, hətta təhlükələr gözləyir. Biz belə hesab edirik ki, ölkəni sanksiyalar hədinə gətirib, bunun fəsadları ilə üz-üzə qoymaq olmaz. Çünki bu sanksiyalardan da ən çox əziyyət çəkən sadə vətəndaşlar və bir də bizim dövlətimizlə bir yerdə dövlətçiliyimiz olur. Bizim özümüzə müəyyən zərbələr həmişə dəyib və indi də dəyə bilər, bu, zatən illərdi ki belədir, ancaq, dövlətin maraqları və dövlətçiliyin mənafeyi üçün bizdən asılı olan addımlar hansılardırsa, biz onları atmağa hazırıq.

– Son olanlardan sonra hakimiyyətdəki dialoq tərəfdaşlarınızdan görüş təklifi-filan yoxdur ?

– Biz belə hesab edirik ki, bizim xətt doğru xəttdir və hakimiyyət də daxil olmaqla bütün problemləri danışıqlar yolu ilə həll eləməliyik və ilk növbədə ölkə daxilində düşmənçiliyə son qoyulmalıdır. Öz aramızda dil tapıb vəziyyətdən çıxış yollarını birgə aramalıyıq. Hakimiyyət tərəfindən bu məsələdə geriyə çəkilmələr oldu. Bu tendensiyanın da yanlış və səhv olduğunu düşünürük və bu xətti kim apardısa da, doğru aparmadı. Bununla yanaşı, hakimiyyətin özü üçün də bütün cəbhələrdə eyni vaxtda mübarizə aparmaq uğur gətirməyən variantdır. Çünki dünyanın heç bir yerində, heç bir qüvvənin bütün cəbhlərdə eyni vaxtda mübarizə apararaq qalib gəldiyini görən olmayıb. Bu mənada, biz də hesab edirik ki, Azərbaycana kənardan olan istənilən basqını və təzyiqi aradan götürmək üçün, ilk növbədə ölkə daxilində hakimiyyətlə müxalifətin arasımda barış və etimad mühiti olmalıdır. Bu baxımdan dialoq görüşlərinin davam etdirilməli olduğunu düşünürük və bu bizim prinsipial xəttimizdir.

– Yəni siz deyirsiniz ki, bu hakimiyyətlə barışmaq olar. Amma müxalifətin xeyli hissəsi artıq bunun mümkünsüz olduğunu deyir və bu yöndə çox sərt ritorika ilə olduqca radikal mövqe nümayiş etdirir.

– Mən bayaq da sərt danışanların əsasən kimlər olduğunu dedim. Azərbaycanın siyasi arenasında indi çox sərt danışan adamların əksəriyyəti, illərlə bu hakimiyyətlə bazarlıqda olub, sonra da bu hakimiyyətə atıblar, hakimiyyət də bunlara atıb. Və bunun bizə qətiyyən aidiyyatı yoxdur. Biz rasional düşünürük, aydın və açıq şəkildə deyirik ki, danışıqların və dialoqun alternativi yoxdur. Əks təqdirdə, ümumiyyətlə nə hakimiyyət olasıdı, nə də müxalifət və dövlətin özünün var olacağına belə inanmaq çox çətundir. Ümumiyyətlə isə, bütün müharibələrin sonu sülhlə nəticələnir və bu sülhə də tərəflər arasında aparılan danışıqlar vasitəsi ilə nail olunur. Biz də hesab edirik ki, ölkənin hakimiyyəti ilə müxalifəti heç bir müharibə-filan aparmadan danışıqlar masasına oturub problemlərin çözüm yollarını aramalıdırlar.

Söhbətləşdi: Fəxrəddin Qardaşlı

LEAVE A REPLY