“Bu nəticəsiz, boşuna aparılan bir mübarizədir”

0
5

“Bu nəticəsiz, boşuna aparılan bir mübarizədir”

Rafiq Manaflı:“O boyda davalardan, mübarizələrdən, vuruşmalardan sonra, əsas qutu bir kənara qoyularaq, ortaya tamam başqa bir qutu gəlirsə, daha o mübarizələrə, vuruşmalara gərək qalmır”

“Sabir bəyə bu illər ərzində Yardımlıdan deputat olmağa, sadəcə mane olmayıblar və bu tamam başqa bir məsələdir”

Siyasi arenamızın allaq-bullaq olaraq, ərəb saçına dönmüş qarmaqarışıq labirintlərində elə şeylər baş verir ki, bəzən olub-bitənlərə adamın inanmağı belə gəlmir. Siyasi partiyalar arasındaki münasibətlərin heç də könül açan olmadığı indi hər kəsə bəllidi. Amma son zamanlarda yeni bir tendensiya da sezilməkdədi ki, buna artıq nəsə təzə bir ad qoymaq lazım gələcək. Belə ki, artıq bir sıra siyasi partiyaların, öz içərisindən fraksiyalara bölünərək, birgə fəaliyyət görüntüsü verməyə çalışmaları dünya siyasət tarixinin heç rastlamadığı nou-hau kimi dəyərləndirilməlidi. Belə bir vəziyyətdə ölkə ilin baş siyasi şousuna – nöbbəti parlament seçkilərinə doğru yol alıb. Seçkiyə qatılan-qatılmayan bütün təşkilatların əks tərəfi ittiham altında tutması da hələlik Azərbaycansayağı siyasi münasibətlər sistemində görünməmiş nəsnələrdən sayılmalıdı.
Siyasi gündəmin bu karqaşasında, Vətəndaş Həmrəyliyi Partiyasındakı durum bir az da mürəkkəbdir və burdakı vəziyyətin ictimai müzakirələrə səbəb olan bəzi yönlərinə ayna tutub, aydınlıq gətirə bilmək üçün VHP Ali Məclisinin Sədri, Mili Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflıdan bu ətrafda bəzi məsələləri şərh etməyi xahiş elədik.

III hissə

– Amma burda ayrı bir məsələ də var axı. Partiyanın daxilində müxtəlif fikirlərin olması demokratiya baxımından, bəlkə də normal görünə bilər. Ancaq partiyanın qəbul etdyi qərarlara uymaq, hələ bu təşkilatda ikinci şəxs olaraq, vəzifədə barınılmaq məsələləru var. Siz partiyanın qərarlarına uymursunuz.
– Partiyanin qərarları təşkilatın mənafeləri doğrultusunda verilməlidir. Mən də burda bir komanda oyunçusu olaraq partiyanın mənafelərininin nə olduğunu bilirəm. Amma onu da deyim ki, istənilən anda ortaya milli mənafeyə bağlı məsələ gəlirsə, mənim üçün partiya mənafeyi arxa plana keçir. Bu da məndə Sabir Rüstəmxanlının qoyduğu təsirdən irəli gəlir. Partiyanın qərarlarına gəlincə, bu qərarlar mənim üçün vacibdir, hətta müzakirələr zamanı əleyhinə olsam da, qərar qəbul ediləndən sonra onun həyata keçirilməsinə, ən azı mane olmuram. Amma dediyim kimi, mili mənafelər olan yerdə mənim üçün bu qərarların icrası dayanır. Çünki bütün hallarda millətin mənafeləri, Azərbaycanın problemləri daha önəmlidi. Tutaq ki, mən bu gün seçkiyə getməyi millətin mənafelərinə uyğun görmürəm. İndiki halda, belə hesab edirəm ki, seçkiyə qatılmaq, mübarizə aparmaq boş və mənasız bir məşğuliyyətddir. Əslində, seçki ilə bağlı görünən bütün o maneələrin də qabağını almaq da, qutuya saxta büllüten atanlarla vuruşmaq da, karusellərə qarşı müəyyən tədbirlər görmək də olar. Amma o boyda davalardan, mübarizələrdən, vuruşmalardan sonra, əsas qutu bir kənara qoyularaq, ortaya tamam başqa bir qutu gəlirsə, daha o mübarizələrə, vuruşmalara gərək qalmır. Yəni bu nəticəsiz, boşuna aparılan bir mübarizədir.
– Sizin partiyanın siyahısı ilə neçə dəfə Rəfael Hüseynov deputat seçilib. Fəzail İbrahimli də deyəsən artıq partiyanın üzvü deyil. Bunlar yenə də VHP-nin siyahısındadılarmı?
– Fəzail İbrahimli Siyasi Şuranın üzvüdür, həm də VHP-nin sədr müavinidir. Partiyanı təsis edənlərdən biridir. Özü də indiyəcən partiyənin üzvü olaraq qalır. Təəssüflə deməliyəm ki, partiyada mövqelərimizin diametral formada fərqləndiyi adamlardan biri də Fəzail İbrahimlidir və uzun müddət də münasibətlərimizdə gərginlik yaranmışdı. Amma bu yaxınlarda görüşdük, oturub danışdıq və münasibətləri qaydasına qoyduq. Bununla belə, bəzi prinsipial məsələlərlə bağlı, mən yenə də onun mövqelərini paylaşmıram. Amma Rəfail Hüseynov məsələsi tamam başqadır. Onun sərgilədiyi mövqe də, tutduğu siyasi xətt də cəmiyyətə bəllidir və bunu da zaman-zaman opponentlərimiz mənin üzümə vurublar. O, VHP-nin siyahısı ilə irəli sürülmüş, belə deyək ki, müstəqil ziyalılardan biridir.
– Bitərəfdir yəni …
– Bəli, bitərəf kimi bizim partiyanın siyahısından deputat seçilib.
– O, VHP-nin siyahısında bu gün də varmı?
– Bu gün də var.
– Bəs Sabir Rüstəmxanlı niyə bu seçkiyə getmədi? Yəqin ki, ilk növbədə bunu onun özündən soruşmalıydıq, amma sizin də bu haqda bilgiləriniz olmamış deyil.
– Bununla bağlı deyə biləcəyim bir şeylər var yəqin. Amma bu məsələ, mənim toxunmaq istəmədiyim bir məsələdir. Yəni Sabir Rüstəmxanlının əvvəldən belə bir fikri vardı və 20-25 ildir ki, parlamentdə otumaqdan da yorulmuşdu. Amma bir partiya seçkiyə gedirsə də, o zaman təbii ki, sədrin başçılığı ilə getməlidir. Bu yöndə təşkilatın daxilində də uzun müddət müzakirələr getdi və belə deyək ki, Sabir bəyin fikrini dəyişməyə cəhdlər oldu. Hətta bu haqda partiyanın qərarı da verilmişdi. Amma, Musa Qasımovu ora aparıb namizədliyini verəndən sonra, elə bil ki, bu adam prosesdən iyrəndi.
– Musa Qasımlının ora göndərilməyi, Rəfael Hüsynovu öz siyahısından parlamentə keçirməklə, həm VHP-nin, həm də özünün reytinqinə ciddi zərbə vuran Sabir Rüstəmxanlıya rejimin arxa çevirməsi anlamına gəlmir ki? Bəlkə, Sabir bəy də buna görə seçkiyə getməkdən imtina elədi?
– Bilirsinizmi, durub indi özümüzdən Amerika kəşf eləsək ki, Sabir Rüstəmxanlı hakimiyyətlə mübarizə apararaq bu qədər müddətdə yardımlıların səsini qazanıb və parlamentdə oturub, bu düzgün olmaz. Sabir bəyə bu illər ərzində Yardımlıdan deputat olmağa, sadəcə mane olmayıblar və bu tamam başqa bir məsələdir. Amma bu da bir həqiqətdir ki, Sabir Rüstəmxanlı istənilən variantda Yardımlıda seçkini udmağa qadir adamdır. Xüsusilə də, Yardımlı rayonu üçün son illərdə gördüyü işlər var və bu da hamının gözünün qabağındadır. Yəni, orda seçkini udmaq Sabir bəy üçün problem deyiı. Amma, əlbəttə ki, hakimiyyətin hesabına o qədər seçkini udanlar var ki. O ayrı bir məsələdir ki, Azərbaycanda az-çox normal seçki olarsa, azacıq da olsa tanınan istənilən müxalifət nümayəndəsi seçkini udur. Amma, dediyim kimi, Sabir Rüstəmxanlıya mane olmurlar və o başqa məsələdir.
– Olmurdular…
– Bəli, olmurdular. İndi, ola bilsin Sabir bəy başa düşüb ki, Musa Qasımlını həmin dairərəyə göndərməklə ona mane olmaq istəyiblər. Bəlkə də Sabir bəy başqa bir yerdə mübarizə aparıb uduza da bilərdi, amma, məhz Yardımlıda uduzdurulmağı qəbul edə bilmədi.
– Milli Şurada nə var nə yox, orda nə edə bilirsiniz ?
– Milli Şura bu gün Azərbaycanda alternativ müxalif düşüncənin mərkəzidi, ya da belə deyək ki, əsas qütbüdür. İndi ölkədə əsasən iki siyasi qütb var ki, onun biri İlham Əliyevin başçılığı ilə hakimiyyətdi, digəri isə Milli Şurada toplaşmış siyasi təşkilatlar və fərdlərdən ibarət komandadır. Açığını deyim ki, indi orda da fəaliyyət göstərmək çox çətindir, yer yoxdur, maliyyə imkanları olduğca məhdud, hətta tam tükənmiş vəziyyətdədir. Bəzən elə olur ki, toplantılarımızı çayxanalarda keçirmək məcburiyyətində qalırıq. Bu və digər səbəblərdən də fəaliyyət formamız bəzi qərarların qəbulundan və bununla bağlı bəyanat verməkdən o tərəfə keçmir. Yəni, proseslərə təsir imkanları həddindan artıq zəifdir.
– Cəmil Həsənli bir siyahı yaydı, təyinatı, yaxud da seçilməsi gözlənilən deputatların siyahısını. Bu nəydi, hansısa ciddi mənbədən sızdırılan informasiya, yoxsa namizədlərin adlarına baxaraq tərtib olunan ehtimal ?
– Yəqin ki, qarışıq bir siyahıdır bu. Mən belə düşünürəm ki, bu siyahının ortaya çıxmasında hər iki variantın da reallıq payı var. Yəni, bu siyahıda keçən adları, Azərbaycan siyasətinə az-çox bələd olan istənilən adam təxmin edə bilər. Əlbəttə, Cəmil bəyin müxtəlif informasiya kanalları da olmamış deyil. Təbii ki, ortada olan namizədlərdən kimlərin deputat olacağını təxmin eləmək də bir o qədər problem yaradan məsələ deyil.
– Siyahı çəmiyyətə elan olunmamışdan öncə Milli Surada müzakirə olundumu, ya da belə deyək ki, Koordinasiya Mərkəzinin üzvlərinin bundan xəbərləri var idimi?
– O siyahı Milli Şuranın yox, Cəmil Həsənlinin özünün adından yayılmışdı.
– Amma, Cəmil Həsənli həm də Milli Şuranın sədridi və söhbət də yay tətilində pioner düşərgəsinə gedəcək uşaqlardan yox, Milli Məclisin deputatı olacaq adamlardan gedir. Yəni ortaya ciddi bir siyasi sənəd çıxarılırsa, bu, Milli Şuraya da təqdim olunmalı deyildimi?
– Bizim də o siyahıdan əlbəttə xəbərimiz var idi. Əslində namizədliklər elan olunub başa çatandan dərhal sonra, təxmini də olsa, bəlkə də bir-iki nəfər fərqi ilə, o siyahı Koordinasiya Mərkəzinin bütün üzvlərində var idi. Demək istədiyim odur ki, xəbərimiz var idi. Amma yenə də deyirəm ki, cəmiyyətə təqdim olunan və mətbuatda xeyli müzakirələrə səbəb olan həmin siyahı Milli Şuranın deyil, Cəmim Həsənlinin öz adından yayılmışdı və o səbəbdən də, bütün müzakirələrdə də məhz “Cəmil Həsənlinin siyahısı” kim təqdim olunurdu.
– Prezidentin son müşavilələrində maraqlı və bir az da etirafa bənzəyən, vəziyyətin gerçəkdən də ciddi mənada pisləşdiyinə işarə vuran açıqlamaları, bəyanatları eşidilir. Bunu necə qiymətləndirirsiniz?
– Mənim necə qiymətləndirməyimdən asılı olmayaraq, Azərbaycanın bu günkü vəziyyəti prezidentin apardığı siyasətin və başında durduğu hakimiyyətin fəaliyyətinin bariz göstəricisidir. Bu cür dövlət idarəçiliyi olmaz ki. Prezidentin bu cür çıxışlarını mən daxili auditoriyaya hesablanmış, daxili bazara yönəlik müraciətlər kimi qənul edirəm və işin ən pis tərəfi də odur ki, vəziyyətin bu qədər görünən şəkildə ciddiliyinə baxmayaraq, yenə də pafos və deklorativ xarakter daşıyan şüarlardan savayı ortada, istər iqtisadi, istərsə də siyasyi böhranda ölkəni xilas edə bilmək yolunda heç bir hərəkət görsənmir, heç bir addım atılmır.

Son
Sərdar Əlibəyli

LEAVE A REPLY