Sanksiyalar Moskvanın hərbi sənayesinə zərbə vurur –Rusiya hərbi xərclərini ciddi şəkildə azaldıb (HESABAT)

0
6
Qərbin sanksiyaları və iqtisadi azalma ötən il Rusiyanı hərbi xərcləri 20 faiz azaltmağa məcbur edib.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) mayın 1-də açıqladığı hesabatda belə deyir. Bu, son 20 ildə qeyd alınan ilk azalmadır.

Rusiya bütün dünyada hərbi əzələ nümayişini davam etdirir, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləyir, 2015-ci ildən Suriyada vətəndaş müharibəsində iştirak edir. Ancaq bütün bunlara baxmayaraq, hərbi xərcləri azaltması rus ordusunun gələcək əməliyyatlarıyla bağlı suallar yaradır, hesabatda belə deyilir.

1 TRİLYON 739 MİLYARD DOLLAR

Ümumilikdə isə, ötən il dünyada hərbi xərclər Soyuq Müharibə dövründən bəri ən yüksək həddə çatıb. Başda Birləşmiş Ştatlar, Çin, Səudiyyə Ərəbistanı gedir. Hesabata görə, qlobal hərbi xərcləmələr bir faiz yüksələrək 1 trilyon 739 milyard dollara çatıb. Rusiyanın xərcləmələri isə 20 faiz azalaraq 66,3 milyard dollara düşüb. Sonucda Rusiya dördüncü yerə düşüb, Səudiyyə Ərəbistanı ondan qabağa keçib.

SIPRI bildirir ki, 1998-ci ildən bəri Rusiya hərbi xərcləri ilk dəfədir azaldır. Həmin il Rusiya iqtisadiyyatında böyük böhran, defolt yaranmışdı. Bir il sonra, Yeni İl ərəfəsində Vladimir Putin baş nazir postuna keçdi. Hesabatda bu azalma iqtisadi problemlər – 2014-cü ildə neftin uzuclaşmasından dolayı iki ildir davam edən geriləmə, elə həmin il Rusiyanın Ukraynaya təcavüzünə görə Qərbin sanksiyaları ilə izah olunur.

Qurumun aparıcı tədqiqatçısı Simon Vezeman də deyir ki, “ölkənin 2014-cü ildən bəri yaşadığı iqtisadi problemlər onun hərbi büdcəsini məhdudlaşdırıb”. Tədqiqatçının deməsinə görə, ötən ilədək Rusiya hərbi büdcəsini azaltmamağa çalışır, əvəzində infrastruktur və təhsildən kəsirdi.

XƏRCLƏR 2020-Cİ İLƏDƏK DƏYİŞMƏYƏCƏK

“Müdafiə xərclərini yüksək səviyyədə saxlamaq, yaxud getdikcə artırmaq daha mümkün deyil. Görünür, Rusiya ‘qabağından yeməyə’ başlayır”, – Vezeman deyib. Ötən il Rusiya iqtisadiyyatı zəif də olsa, 1,5 faizlə artmağa başlayıb. Ancaq görünür, hələ 2020-ci ilədək müdafiə xərcləri dəyişməyəcək, ya da azalacaq.

Kreml martda bildirmişdi ki, Rusiya gələn beş il ərzində müdafiə büdcəsini ümumdaxili məhsulun 3 faizindən də aşağı salacaq. Hesabatda deyilir ki, Birləşmiş Ştatlar hər il orduya 610 milyard dollar xərcləyir ki, bu da qlobal xərcləmələrin 35 faizi deməkdir. Bu, ABŞ-dan sonra gələn yeddi ölkənin cəmi xərclədiyindən çoxdur. NATO-nun 29 üzvü ötən il hərbi xərclərə 900 milyard dollar ayırıb. Bu, bütün dünyanın xərclədiyinin 52 faizi deməkdir. Çinin ötənlki hərbi xərcləri 228 milyard dollara bərabər olub.