Elçibəyin adı niyə əbədiləşdirilmir? – Eks-prezidentin oğlu narazılıq etdi

0
4

“Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb. Güman ki, yaxın vaxtlarda ailəsi olaraq bizimlə əlaqə saxlayarlar. Hələlik qarşılıqlı nəsə yoxdur”.

Milletim.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

O, müxalifətlə birgə yaratdıqları Təşkilat Komitəsindən də danışıb.

“Təşkilat Komitəsinin yaranmasında Elçibəyin ailəsi olaraq bizim də dəstəyimiz var. Təşkilatla bağlı birgə qərar vermişik. Ona görə də təşkilatda aparılan işlərdən xəbərimiz var”

Ərturqut Əliyev mərhum eks-prezidentin adının əbədiləşdirilməsi məsələsinə də toxunub.

“Uzun zamandır ki, atamın adının əbədiləşdirilməsi üçün hansısa orqanlara müraciət etməyimizlə bağlı fikirlər dolaşır. Düzü, gərək bizə müraciət olunsun ki, biz də bəzi məsələləri dilə gətirək. Ona görə də indi atamın adına hansısa küçə, yaxud da prospekt verilməsi məsələsindən danışa bilmərəm. Çünki ortada belə bir hal yoxdur”.

Qeyd edək ki, bu ilin fevralında bir qrup ziyalı və tanınmış ictimai xadim Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, etdiyi müraciətə cavab olaraq Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda mərhum eks-prezident,  milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.