“Qızım əməliyyat olunmur, təqsirkar cəzalandırılmır”
“Millətim”in elektron poçtuna növbəti dəfə göndərilmiş bu ərizəni dərc etməmək mümkün deyil. Ərizəni ünvanlayan şəxs artıq bizi qorxaqlıqda suçlamağa başlayıb. Birdəki, bu millət vəkili Fərəc Quliyev barəsində ilk şikayət olmadığından, onun barəsində yazılmış iki məktubu arxivə atmağımızdan sonra, üçüncü məktubu dərc etməyə qərar verdik. Əlbəttə, millət vəkilinin cavab haqqını tanımaq şərti ilə. Qısaca xatırlatmaq istərdim ki, əvvəlcə millət vəkilinin kondisioner ustasına haqq etdiyi əməkhaqqını ödəməməsi barədə məlumaq almışdıq. Bu dəfə isə…
Yaxşı olar ki, yazılmış ərizənin məzmunu ilə oxucularımız tanış olsun.
Azəbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına! Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova!
Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova!
Bakı şəhəri 4 mikrorayon A.Məhərrəmov küç, ev 68. mənzil 23-də yaşayan Çernobıl əlili, təqaüddə olan İsayev İsa Qeyubşah oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli, cənab prezident, Milli Məclisin deputatı Fərəc Quliyevin oğlu, Bakı şəhərində qeydiyyatda olan, Bakı şəhəri Hərbi Komissarlığından əsgərliyə cağrılan və Bakı şəhəri N saylı hərbi hissədə əsgərlik qulluğu keçən Quliyev Türkel Fərəc oğlu, qızım Süleymanova Afaq İsa qızını 01-59 MN nömrə nişanlı “Nissan-Tiana” avtomobilini yüksək sürətlə idarə edərək, piyada üst keçid yolunda vurub və nəticədə ağır dərəcəli bədən xəsarəti yetirib. Qızım kəllə-beyin travması alması nəticəsində ömürlük şikəst olub. Hal-hazırda endovaskulyar, koratidnokovernoznoe soustye diaqnozu ilə əməliyyat olunmalıdır. Bu baradə qızım və mən çoxsaylı şikayətlər etmişik. Qızımın əməliyyatı yalnız ölkədən xaricdə mümkündür. İş materiallarını araşdıran müstəntiq tərəfindən Quliyev Türkel Fərəc oğlundan əməliyyata lazım olan vəsaitin ödənilməsi tələbi edilib. O, söz versə də, Bakı Hərbi Prokurorluğunun işə biganə yanaşması ucbatından danışıqlar nəticəsiz qalıb. Hadisənin qurbanı olan qızım köməksiz buraxılıb. Bakı Hərbi Prokurorluğuna və müstəntiq Anar Nəsibova bütün yeni hallar təqdim olunsa da, qarşı tərəfin mövqeyini dəstəkləyərək qızımı köməksiz buraxıblar.
Hörmətli, cənab Prezident, bu cür yol nəqliyyat hadisəsini araşdıran müstəntiqin heç vaxt cinayət işi qaldırmaq məqsədi olmamış, əksinə hadisənin bütün detallarını saxtalaşdıraraq, kameralardan görüntülər dərhal silinmiş, istintaq araşdırmasına köməklik edə biləcək zəruri və əhəmiyyətli faktlar, dəlillər vaxtında götürülməyərək ekspertiza nümunələri gizlədilmiş və ya nəzərə alınmamışdır. Hətta qızımın izahatları lüzumsuz sayılmışdır. Elə buna görə də bu vacib hallar istintaqda öz əksini bilərəkdən tapmadığından, çıxarılan bütün qərarlar da eyni ilə biri-birini təkrar edir. Bu isə özlüyündə istintaqa şəxsən Fərəc Quliyevin müdaxiləsini təsdiq edir. Nəticə etibarı ilə bu birtərəfli münasibətlər və qərarlar nəticəsində qızım ömürlük şikəst qalmışdır. Əməliyyat olunmur, təqsirkar isə cəzasız qalır. Qızım bu günə qədər xəstəxanalarda və poliklinikada daim müalicə olsa da, ağır əməliyyat olmalıdır və buna kəskin ehtiyac var. Koraritno-koralinoznoznoe Soustye diaqnozuna qoyulan Endovaskulər əməliyyat Respublikanın baş nevrocərrahının qoyduğu diaqnozdu. Rəyinə əsasən bu ağır əməliyyat Almaniyada professor Petrafalköye tərəfindən, ya da Uraynanın Kiyev şəhərində Nevrocərrahiyyə institutunun Endovaskulər cərrahiyyədə professor Şehlov.D.V tərəfindən aparıla bilər. Qızım aldığı kəllə-beyin travmasından yaranan nevroloji problemlərlə bağlı daim müalicədədir. Əgər əməliyyat olmasa gözləri kor olmaqla, beyninə qan sızmaqla həyatdan məhrum ola bilər.
Hörmətli, cənab Prezident, Çernobıl əlili olaraq mənim əməliyyata lazım olan vəsaiti ödəməyə imkanm yoxdur. Qızımı vuran Quliyev Türkel Fərəc oğlu atası Milli Məclisin deputat olduğu üçün cəzasız qalacağına əmin olduğuna görə əməliyyat üçün hər hansı vəsaiti ödəməkdən imtina edir. Həmçinin qulluq etdiyi hərbi hissənin rəhbərliyi də hər hansı köməklikdən imtina edir. Qızımı vuran Quliyev Türkel Fərəc oğlunun atası Fərəc Quliyev hazırda Suraxanı rayonu 31 saylı dairədən 2 saylı məntəqə- Qaraçuxur qəsəbəsində təkrar deputalığı namizədliyini irəli sürür.
Hörmətli, cənab Prezident, keçirdiyiniz müşavirədə məmur övladlarının və onların törətdiyi cinayətlərin istintaqı və araşdırmasında düzgünlüyə riayət edilməsi halları haqqında göstərişlərə də Bakı Hərbi Prokurorluğu əməl etmədi. Respublika Baş Prokurorluğunda 2012-ci ilin yekunlarına dair müşavirədə Baş Prokuror, cənab Zakir Qaralovun bu sərəncamından irəli gələn yol-nəqliyyat hadisələri ilə bağlı aparılan tədqiqat-istintaq ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verilməməsi barədə göstərişlərdən nəticə çıxarmayan müstəntiqlər işi material olaraq saxlamaqla, deputat oğlunun törətdiyi ağır cinayəti ört-basdır etməklə qızımı köməksiz vəziyyətdə qoyublar.
Hörmətli, cənab Prezident, Süleymanova Afaq İsa qızının Konustitusion huquqları pozulub. Bu məsələ ilə əlaqədar Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevə çox saylı müraciətlər etsəm də, məni qəbul etmir.
Hörmətli, cənab Prezident, Bakı Hərbi Prokurorluğunun əsassız və qanunsuz verdiyi qərarın ləğv edilməsinə və qızımın əməliyyat olaraq həyata qaytarılmasına köməklik etməyinizi sizdən xahiş edirəm. Qızım ailəli və 2 uşaq anasıdır. Cənab Prezident, bir daha qızım Süleymanova Afaq İsa qızına bu çür ağır vəziyyətdən çıxmağa və həyata sağlam qayıtmaqda yardımçı olmağınızı xahiş edirəm.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq
Turan Türk