İkram Abdullayev:“Nazirliyin daxilində nazir müavini Əli Nağıyevin xidməti fəaliyyətinə xələl gətirəcək faktlar toplanmağa cəhd vardır”

0
5

İkram Abdullayev:“Nazirliyin daxilində nazir müavini Əli Nağıyevin xidməti fəaliyyətinə xələl gətirəcək faktlar toplanmağa cəhd vardır”

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildi. Sabiq nazirin vəzifəsindən azad edilməsinin səbəbi hələ tam aydın olmasa da, bu barədə bir çox versiyalar irəli sürülür. Bununla yanaşı MTN-nin bir çox yüksək çinli məmurları da artıq cəzalandırılıb. Onlar vəzifələrindən sui-istifadə etməkdə, bir çox iş adamlarını və yüksək çinli məmurları şantaj etməkdə, eyni zamanda bir çox cinayət əməllərində günahlandırılır.
İndi meydana çıxarılan bu olaylar haqqında isə biz-“Millətim” qəzeti olaraq 5 il bundan öncədən yazırdıq. MTN-də qruplaşmış bu cinayətkar dəstənin törətdiyi əməllər haqqında yazılarımıza, çox təəssüf ki, vaxtında reaksiya verilmədi. Elə o zamanlarda MTN-nin şərləyərək həbs etdiyi iş adamı Eldar Əliyevin MTN-nin təcridxanasından ölkənin bütün ali orqanlarına ünvanladığı müraciəti dəfələrlə yayımladıq. Eldar Əliyevin həbs edilməsinin bir səbəbi də onun böyük obyektlərinin ələ keçirilməsi idi. Sonradan iş adamına zorla, öz istədikləri ifadələri verdirərək, məhz onların cinayətkar əməllərini ifşa edən “Millətim”in baş məsləhətçisinin həbsinə də nail oldular. Çox təəssüf ki, o zaman bu cinayətkar şəbəkənin cəzalandırılmasına nail ola bilməmişdik. Amma bu gün cinayətkarların cəzalandırılmasını da bir növ qələbəmiz hesab edirik. Elə bu məqamda iş adamı Eldar Əliyev və onun vəkili İkram Abdullayevin aidiyyatı orqanlara ünvanladığı müraciətləri bir daha yayımlamağı məqsədəuyğun hesab edirik.

Azərbaycan Respublikası Baş Prokurorluğunun
Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq
İdarəsinin rəisi hörmətli Eldar Əhmədova

Hörmətli Eldar müəllim!

İdarənizin, xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi hörmətli İbrahim Ləmbəranskinin isratında olan 98671 saylı cinayət işi üzrə AR CM-nin 233-1.1 maddəsi ilə təqsirli bilinməklə 06.11.2009-cu il tarixdən həbsə alınaraq Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan, hüquqları mənim tərəfimdən müdafiə olunan Əliyev Eldar İbrahim oğlunun ölkə başçısı, sevimli Prezidentimiz İlham Əliyev cənablarına və digər mötəbər orqanlara, o cümlədən hörmətli Baş Prokurorumuz Zakir Qaralova mənim vasitəmlə göndərdiyi müraciətin surətini sizə göndərirəm.
E.Əliyevin müdafiəçisi kimi sizə bildirirəm ki, Eldar Əliyev MTN əməkdaşlarının təzyiqi altındadır, onu MTN-in əməkdaşları istintaq orqanının razılığı və xəbəri olmadan müxtəlif otaqlara dartır, ona hədə-qorxu gəlir, uşaqlarına və ailəsinə qarşı təhlükə yaradacaqları ilə hədələyərək ondan “Millətim” qəzetinin yazarı Ramiz Tağıyevə qarşı, onun bacısı oğlu Akif Səfərova qarşı həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur etmişlər. Səbəbi də budur ki, Ramiz Tağıyev “Millətim” qəzetində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin və ümumilikdə MTN-nin fəaliyyətinə kölgə salan, mənfi ictimai rəy yaradan yazılar verdiyindən, MTN Eldar Əliyevin qondarma ifadələri ilə onu həbs etmək, onu cəzalandırmaq planı hazırlamışdır. Nəticədə hələlik Akif Səfərov həbs edilmişdir. Plan təkcə bununla bitmir. Eldar Əliyevin müşahidələrinə görə dövlətimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsində təqdirəlayiq xidməti olan, ağıllı və elitar vətəndaşlarımız çalışan MTN-nin öz daxilində də mövqe və nüfuz mübarizəsi mövcuddur. Belə ki, nazirliyin daxilində nazir müavini Əli Nağıyevin xidməti fəaliyyətinə xələl gətirəcək faktlar toplanmağa cəhd vardır. Ona görə də Eldar Əliyevi istintaq orqanını razılığı və xəbəri olmadan qəbul edən və təzyiqlər göstərən MTN əməkdaşları onu məcbur edirlər ki, Ramiz Tağıyevin nazir müavini Əli Nağıyevlə də əlaqəsi olduğunu təsdiq edən faktlar desin. Hətta Ramiz Tağıyevin hörmətli Daxili İşlər Naziri Ramil Usubovla və Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri hörmətli Əli Həsənovla da yaxın olmasını təsdiq edən sübutlar verməsini tələb edirlər. Eldar Əliyev belə sübutların olmadığını bildirdiyindən onu açıqca hədələyirlər və bəyan edirlər ki, belə yalan sübutlar danışmayınca burada çürüyəcəkdir. Buna görə də Eldar Əliyev həyatını təhlükə qarşısında qoyaraq ölkə başçımıza müraciət etməli olmuşdur.
Hörmətli Eldar müəllim, belə şərait mövcud olduğundan mən Eldar Əliyevin müdafiəsini təmin edə bilmirəm. Onun müdafiə hüququ pozulur. Eyni zamanda mövcud şərait göstərir ki, istintaq orqanı da MTN əməkdaşlarının qərəzli hərəkətləri ilə bağlı düzgün mövqedə deyil, yanlış nəticəyə gələ bilər. Nəticədə günahsız adamlar cinayət məsuliyyətinə cəlb edilərlər və ləkələnərlər. Çünki, cinayət işi bu istiqamətdə məhkəməyə verilərsə istintaqın buraxdığı səhvləri məhkəmə baxışında düzəltmək çətinləşə bilər. Məhəkəmə Eldar Əliyevin istintaqa verdiyi ifadələri daha mötəbər hesab edər və günahsız adamlarımız cəzalana bilər.
MTN əməkdaşları belə halda Konstutusiyamızın həm 61-ci, həm də 63-cü maddələrinin tələblərini pozurlar.
Konstitusiyamızın 61-ci maddəsi göstərir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
63-cü maddədə göstərilir ki, ədalət mühakiməsini həyata keçirərkən qanun pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
Beləliklə məlum olur ki, MTN-in Eldar Əliyevi öz təsiri altında saxlamaqda məqsədi dövlətimizin və millətimizn təhlükəsizliyi ilə bağlı hər hansı faktı aşkar edib zərərsizləşdirməkdən idarət deyildir. Məqsəd yalnız MTN-in daxilindəki intriqaya xidmət edəcək qondarma ifadələr almaqdan ibarətdir. Fikrimizcə buna yol vermək olmaz. Bu Eldar Əliyevdən alət kimi istifadə etmək, onun vətəndaş hüüquq və azadlıqlarını, insani qüruru və ləyaqətini ələ salmaqdır.
Hörmətli Eldar müəllim, göstərilənləri nəzərə alaraq istintaq orqanının təcrübəli, ədalətli və prinsipial rəhbəri kimi xahiş edirəm Eldar Əliyevin təhlükəsizliyinin təmin edilməsi, onun MTN-in təcridxanasından dərhal başqa təcridxanaya dəyişdirilməsi və müdafiəçisi kimi mənim iştirakımla sərbəst ifadə verməsini təmin edəsiniz.

İstintaqa hörmət və sayqı ilə
Bakı şəhəri, 12 saylı hüquq
Məsləhətxanasının vəkili: İkram Abdullayev

LEAVE A REPLY