“MTN artıq öz fəaliyyətində dövlətimizi, millətimizi hörmətdən salan, qanunsuz olaraq vətəndaşlarımıza problem yaradan bir təşkilata çevrilir”
Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildi. Sabiq nazirin vəzifəsindən azad edilməsinin səbəbi hələ tam aydın olmasa da, bu barədə bir çox versiyalar irəli sürülür. Bununla yanaşı MTN-nin bir çox yüksək çinli məmurları da artıq cəzalandırılıb. Onlar vəzifələrindən sui-istifadə etməkdə, bir çox iş adamlarını və yüksək çinli məmurları şantaj etməkdə, eyni zamanda bir çox cinayət əməllərində günahlandırılır.
İndi meydana çıxarılan bu olaylar haqqında isə biz-“Millətim” qəzeti olaraq 5 il bundan öncədən yazırdıq. MTN-də qruplaşmış bu cinayətkar dəstənin törətdiyi əməllər haqqında yazılarımıza, çox təəssüf ki, vaxtında reaksiya verilmədi. Elə o zamanlarda MTN-nin şərləyərək həbs etdiyi iş adamı Eldar Əliyevin MTN-nin təcridxanasından ölkənin bütün ali orqanlarına ünvanladığı müraciəti dəfələrlə yayımladıq. Eldar Əliyevin həbs edilməsinin bir səbəbi də onun böyük obyektlərinin ələ keçirilməsi idi. Sonradan iş adamına zorla, öz istədikləri ifadələri verdirərək, məhz onların cinayətkar əməllərini ifşa edən “Millətim”in baş məsləhətçisinin həbsinə də nail oldular. Çox təəssüf ki, o zaman bu cinayətkar şəbəkənin cəzalandırılmasına nail ola bilməmişdik. Amma bu gün cinayətkarların cəzalandırılmasını da bir növ qələbəmiz hesab edirik. Elə bu məqamda iş adamı Eldar Əliyev və onun vəkili İkram Abdullayevin aidiyyatı orqanlara ünvanladığı müraciətləri bir daha yayımlamağı məqsədəuyğun hesab edirik.
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Surətləri:
1.Milli Məclisin sədri, cənab Oktay Əsədova
2.Baş Prokuror, cənab Zakir Qaralova
3.Ədliyyə Naziri, cənab Fikrət Məmmədova
4.Milli Təhlükəsizlik naziri, cənab Eldar Mahmudova
5.Daxili İşlər naziri, cənab Ramil Usubova
6.Ombudsman, xanım Elmira Süleymanovaya
7.Hüquq müdafiəçiləri, Qəniyev Çingizə, Leyla
Yunusovaya
8.Qafqaz Müsəlmanları İdarəsinin başçısı,
Şeyxülislam Nacı Allahşükür Paşazadəyə
Azərbaycan Respublikası CM-nin 233.1.1. maddəsi ilə təqsirləndirilən, 06 noyabr 2009-cu il tarixindən barəsində həbs qətimkan tədbiri seçilmiş MTN-nin İstintaq təcridxanasında saxlanılın məhbus Əliyev Eldar İbrahim oğlu tərəfindən
Müraciət
Hörmətli cənab Prezident!
Hörmətli sədr, hörmətli nazirlər, hörmətli şeyx, hörmətli hüquq müdafiəçiləri!
Mən 2000-ci ildən YAP üzvüyəm. Bu vaxta qədər isə iqtidaryönümlü Azərbaycan Naminə Alyans Partiyasının Baş katibi olmuşam. 1988-ci ildən özəl fəaliyyətlə məşğul olur və heç bir dövlət işində işləməmişəm, əvəzində dövlət büdcəsinə bütün fəaliyyətim dövründə milyonlarla vergilər ödəyib Vətənimə xeyir vermişəm. 1999-2001-ci illər ərzində Ulu öndər Heydər Əliyev haqqında yazdığım 4 kitabım nəşr olunub- “Həyat və tarixi həqiqətlər”, “Qoşa zirvə”, “Nedosyaqamıe verşinı” və “Milli düşüncə sərvətimiz” adlı kitablarım Ulu öndərin irsi öyrənilən kitabxanada saxlanılır. Mən Ulu öndər ilk dəfə Türkiyədə Gülhanə Hərbi Qospitalında müalicə olunan zaman ona öz ürəyimi yazılı şəkildə təklif etmişəm və bu sənəd bu gün də durur.
Mənim bu müraciəti etməyə vadar edən səbəb ailə üzvlərimin, əsas etibarı ilə 13 yaşlı oğluma terror təhlükəsi olduğuna görə gəldiyim nəticədir.
Belə ki, MTN-nin özünü Adil kimi qələmə verən əməkdaşı onun istintaqla heç bir əlaqəsi olmadığı halda 02 fevral 2010-cu ildə axşam saat 17-18 radələrində məni dindirmiş məndən qanunsuz tələblər etdikdən sonra mənim kompyuterimdən qanunsuz olaraq, oğurluq yolla götürülmüş və 13 yaşlı oğlumun gitara çalmaq klipini mənim yadıma salaraq belə bir ifadə işlətdi ki, “O uşaq çox gözəl, şirin işaqdır, sən bir ata kimi yaxşı fikirləş”. Bu mənim övladıma təhlükə olması barədə mənə verilən açıq mesaj idi və mən 3 ay haqq ədalət gözlədiyimdən artıq dözə bilmədim və bu müraciəti verməyə məcbur oldum.
Bildirirəm ki, istehsal sahəmi maddi problemlərimlə bağlı satmağa məcbur olduqdan sonra 2009-cu ilin oktyabr ayında məni Abşeron rayon Polis idarəsinin tədqiqat şöbəsinə çağırıb mənim guya kiməsə 700 min dollar pul verməli olduğumu və bunun satış etdiyim obyektlə bağlı olduğunu bildirdilər. Məni verilmiş sikayət ərizəsi ilə tanış etdilər, mənə məlum oldu ki, obyektin satışında vasitəçi olmuş və onun öz ərizəsində özünün etiraf etdiyi kimi öz xidmət haqqını tam almış bir şəxs ərizə yazmışdır.
Bu barədə mən izahat yazdım ki, mənim heç kimə borcum yoxdur və bu yalandır. Bundan sonra mənim mobil telefonuma hədələyici zənglər gəldi və bunun mənə baha başa gələcəyini bildirdilər. Bundan bir qədər sonra məni MTN-ə çağırdılar və məndən müxtəlif sorğu-suallar etdikdən sonra məni vəkillə təmin etmədikləri halda mənə hədə-qorxu gələrək, ailə üzvlərimi itirəcəyim və uşaqlarımın familiyaları dəyişdirilərək başqa familiyalarla uşaq evlərinə veriləcəyini və mənim bir daha onları görməyəcəyimi bildirdilər. Mən məcbur qalıb onlar nə istədilərsə onu yazdım. İlk əvvəl məndən tələb olundu ki, Nəqliyyat Nazirinin guya səsini yazıb onu şantaj edəcəyimi təsdiqləyim. Bunu yazdıqdan sonra mənim haqqımda 2 aylıq həbs qətimkan təbdiri seçildi və mənim istintaqımı Respublika Prokurorluğu apardığı halda məni qanunsuz olaraq MTN-nin istintaq təcridxanasına saldılar.
İstintaq təcridxanasında məni qanunsuz olaraq MTN-nin özlərini Adil və Ramiz kimi qələmə verən işçiləri gündəlik olaraq dindirir və mənə bildirirdilər ki, mən onların istədiklərini deməsəm Vətən xaini kimi qiymətləndiriləcəm və bütün əmlakımı itirməklə ailədən də məhrum olacam.
MTN işçiləri məndən mənim evimdə olan sənədlərim və şəxsi kompyuterimdə olan informasiyaları soruşduqca mənə aydın oldu ki, onlar qanunsuz olaraq ailə üzvlərim evdə olmayanda mənim evimə girmiş, evimdə saxladığım sənədlərin surətini çıxartmış və kompyuterimdə olan biznesimə aid olan bütün informasiyaları qanunsuz əldə etmişlər. Belə şantajdan sonra mənə bildirildi ki, mənim azadlığımın yeganə yolu onları maraqlandıran şəxsin tutulmasında onlara kömək etməyim ola bilər. Mən ağır təhqirlərə, həyat yoldaşımın həbsi təhlükəsi və uşaqlarımı itirəcəyimdən tam qorxduğum üçün razılaşdım.
MTN məndən tələb edirdi ki, mən 12 il ailəvi dostluq münasibətində olduğum “Millətim” qəzetinin əməkdaşı, jurnalist Ramiz Tağıyevin üzünə durum ki, onu həbs edə bilsinlər. Ramiz Tağıyev daimi olaraq MTN-nin apardığı belə çirkin oyunlardan geniş yazdığına görə MTN onu cəzalandırmağı mənim vasitəmlə qanunsuz olaraq həyata keçirmək istəyir. Hazırda mən istintaqa 3 müxtəlif, bir-birini inkar edən ifadələr vermişəm ki, bunların da hamısı tam yalan və intiriqadır. Bu ifadələrin hamısı məndən təzyiq altında alınır.
Hal-hazırda mən istintaq təcridxanasında saxlanılıram, lakin ailəm böyük təhlükə altındadır, onların təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Məni günahlandırırlar ona görə ki, mən bir il bundan qabaq rəsmi bank köçürülməsi ilə, sərhəd xidmətinin razılığı və gömrük orqanının rəsmi bəyənnaməsi ilə aldığım şəxsi təhlükəsizlik cihazları guya ki, qanunsuzdur. Poçtla aldığım və bütün rəsmi sənədləşməsi olan bağlamanın içinə də bir ədəd heç mənə aidiyyatı olmayan və sənədlərdə göstərilməyən başqa bir əşya da qoyub məni hədələyirlər ki, bu əşyanı da boynuma alım ki, mənimdir və təsdiq etməliyəm ki, guya bu əşyalar vasitəsi ilə mən Ramiz Tağıyevlə hansısa dövlət obyektinə girib sənəd oğurlamağı planlaşdırmışıq. Tam absurd və heç bir əsası olmayan belə ittihamla mən qanunsuz olaraq həbsdə saxlanılır, ailəm isə təzyiq altındadır.
Hörmətli Prezident!
Mən bu günə qədər MTN-i dövlətimizin və millətimizin təhlükəsizliyi keşiyində duran bir qurum kimi tanımışam. Onun fəaliyyətinə hörmətlə yanaşmışam Orada işləyən oğul və qızlarımızın yüksək əqidə, ləyaqət, ədalət sahibləri olmasına inanmışam və bu həqiqətən də belə olmuşdur. Lakin indi bu təcridxanada mənim başıma gətirilən faciələrdən görürəm ki, MTN artıq öz fəaliyyətində dövlətimizi, millətimizi hörmətdən salan, qanunsuz olaraq vətəndaşlarımıza problem yaradan bir təşkilata çevrilir. MTN-nin bugünki fəaliyyətinin istiqaməti dəyişilib, xoşagəlməz məcraya yönəlməkdədir.
Mən bəyan edirəm ki, mənə verilən ittihamlarla əlaqədar nə hörmətli Nəqliyyat naziri cənab Ziya Məmmədovun, nədə “Millətim” qəzetinin əməkdaşı Ramiz Tağıyevin bu işlərlə heç bir əlaqəsi yoxdur.
Diqqətinizə çatdırıram ki, Ramiz Tağıyevi mənim əlimlə qanunsuz yazdırılmış və video çəkiliş aparılmış ifadələrlə qanunsuz həbs etmək üçün əvvəlcə məni məcbur etdilər ki, mən onun bacısı oğlu Akif Səfərovdan şikayət edim ki, guya mənə olan 65 min dollar borcunu qaytarmır, dələduzluq edir. Halbuki həmin borc notarial qaydada təsdiq olunmuş rəsmi müqavilə ilə verilmişdir. Borcun son ödəmə müddəti 2010-cu ilin sentyabr ayındadır. Hətta bu hərəkət dələduzluq olsa belə bunun MTN-ə nə aidiyyəti vardır?
Bildirirəm ki, məni həbs edərkən təsisçisi və rəhbəri olduğum idarənin adında “yol” ifadəsi olduğuna görə əvvəl elə başa düşürdülər ki, mən Nəqliyyat Nazirliyinin işçisiyəm və sonradan məhkəmənin həbs qərarında göstərildi ki, guya mən Nəqliyyat Nazirliyində iclasda iştirak edib nazirin səsini yazıb sonra onu mətbuata verəcəkdim. Sonradan məlum olanda ki, mənim müəssisəmin Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur bu versiyadan əl çəkməyə məcbur oldular.
Məndən tələb olunur ki, mən Ramiz Tağıyevin guya Prezident Administrasiyasının İctimai-Siyasi Şöbəsinin rəhbəri cənab Əli Həsənovla mütəmadi görüşməsini təsdiq edim.
Digər tərəfdən məndən tələb olunur ki, Daxili İşlər Naziri, cənab Ramil Usubovun bu yaxınlarda Ramiz Tağıyevin başqa bir bacısı oğlunu polis orqanına işə götürməsi faktına istinad edərək tədqiq edim ki, Ramiz Tağıyev guya Ramil Usubovla mütəmadi telefon əlaqəsi saxlayır və yüksək dostluq münasibətlərindədirlər.
Hörmətli cənab Prezident!
Mən dövlətimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsində bir vətəndaş kimi məsuliyyət daşıyıram. Bu mənim konstitusiyada təsbit olunmuş borcumdur. Bir vətəndaş kimi MTN-də saxlandığım müddətdə bu nazirliyin daxilində gedən və dövlətimizin təhlükəsizliyinə xələl gətirən, qorxu törədən bir faktı da diqqətinizə çatdırıram.
Belə ki, MTN-nin daxilində rəhbər vəzifəli şəxslər arasında bu nazirliyin fəaliyyətinə, normal fəaliyyətinə təhlükə yaradan intiriqa vardır. Belə ki, mənə video kliplər nümayiş etdirərək məlumat verdilər ki, MTN-nin nazir müavini Əli Nağıyevin Rəşid Behbudov küçəsində OVİR-in yanında olan ofisdə guya Ramiz Tağıyevlə görüşdüyünü təsdiq edim. Bu faktla Əli Nağıyevin MTN barəsində tənqidi yazılar yazan Ramiz Tağıyevlə əlaqəsini sübut edim. Mənim bu ifadəmin MTN-ə hansı məqsədlə lazım olduğumu aydın dərk edirəm. Hesab edirəm ki, MTN-nin daxilində MTN rəhbərliyi arasında nüfuz dairəsi ilə əlaqədar gedən intiriqanın qarşısı sizin tərəfinizzdən alınmalıdır. Prezidentimiz kimi, təhlükəsiz yaşamaq hüququmun təminatçısı kimi sizə bildirirəm ki, mən MTN-nin əməkdaşlarının arasında olan bu intriqada eksperiment kimi istifadə olunuram. İnsan haqlarım, hüquq və azadlıqlarım pozulur. Əgər mən mənə verilmiş ittihamda göstərildiyi kimi mülki dövriyyədə olmayan, cəmi dəyəri 500 ABŞ dolları olan şəxsi təhlükəsizlik üçün nəzərdə tutulmuş cihazları ölkənin Rabitə vasitəsilə, gömrük və sərhəd xidmətlərinin rəsmi sənədləşdirilməsi ilə əldə etməkdə təqsirləndirilirəmsə mən qanuni şəkildə cəzalanmağıma razıyam. Lakin mənim MTN-nin rəhbərliyi arasındakı daxili intiriqanın qurbanı olmağım, təhqir olunmağım, ailə üzvlərimlə şantaj olunmağım birmənalı özbaşınalıqdır, cinayətdir, insan haqlarının pozulmasıdır.
Mən nə qədər ki, istintaqı Prokurorluq apardığı halda MTN-in İstintaq təcridxanasında qanunsuz saxlanılıram, istintaqa düzgün ifadə vermək imkanım yoxdur. Baş prokuroru bu barədə məlumatlandırıram ki, mənim başqa təcridxanaya keçirilməyimi və sərbəst ifadə verməyimi təmin etsin.
Hörmətli cənab Prezident!
Cənab sədr, cənab nazirlər və cənab hüquq müdafiəçiləri!
Mən bu müraciətimi sizə 04 fevral 2010-cu ildə saat 12:30-da tamamlayaraq vəkilim İkram Abdullayev vasitəsilə çatdırıram. Bu müraciətimi yazan zaman tam sağlamam, səhhətimdə heç bir problem yoxdur. O qədər ehtiyyatlıyam ki, həyat yoldaşım göndərdiyi stresdən qoruyan təbii həbləri belə qəbul etmirəm. Çünki məni o qədər şantaj edirlər ki, mən öz həyatımı itirməkdən tam qorxuram. Müraciətim yerlərə bəyan olduqdan sonra həyatım və sağlamlığımda yaranacaq hər hansı təhlükə üçün MTN məsuliyyət daşıyır. Məni bu MTN təcridxanasından çıxardarkən sağlamlığımın normal olmasını tibbi müayinə ilə müəyyən etmənizi xahiş edirəm.
Hamınıza hörmət və ehtiramla Əliyev Eldar İbrahim oğlu.
04 fevral 2010-cu il.
Saat 12:30
MTN İstintaq təcridxanası otaq 1.