MTN cinayətləriylə bağlı yeni şok məlumatlar – İşdə “reket” jurnalistlər də var
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni dəhşətli faktlar məlum olub.
Istintaqdan və MTN əməkdaşlarından mətbuata hələlik açıqlanmayan cinayət əməlləri barədə bəzi detalları öyrənə bilmişik.
Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirirmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldur. Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar.
Ən maraqlı məqam odur ki, soyğunçu MTN-çilərin hədəfi təkcə iş adamları, müəssisə rəhbərləri olmayıb. Onlar hətta iri ranqlı məmurlara, onların nəzarətindəki şirkətlərə də “əl uzadıblar”. Məsələn, məlum olub ki, bir neçə ay əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbəri zorla MTN-in zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınıb. O da məlum olub ki, bu əməliyyatdan öncə reket saytlardan birində onun korrupsiya əməlləri, aldığı rüşvətlərlə bağlı geniş yazı dərc olunubmuş.
Məlumatlı şəxs bildirir ki, ağır cinayətlər törədən MTN-çilər təkcə özlərinin hazırladıqları materialları nəzarətlərindəki mətbu orqanlara ötürüb, sonra əməliyyat qurmaqla kifayətlənməyiblər. Həmçinin xüsusi bir qrup bütün mətbu orqanları izləyib, “vurula” biləcək “obyektlərin” siyahısını hazırlayırmışlar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunurmuşsa, dərhal onlarla bağlı araşdırılma aparılıb, “basqının” perspektivləri müəyyənləşdirilirmiş.
Çox güman ki, bu işlərdə MTN-lə əlbir olan bəzi mətbu orqanların rəhbərləri də istintaqa cəlb ediləcək. Onların adları və məhz mətbuatda gedən yazılara əsaslanaraq zərər yetirilən şəxslərin bəzilərinin kimliyi bizə bəlli olsa da, istintaq getdiyindən tirajlamağı məqsədəuyğun saymırıq.
Vurğulayaq ki, MTN-in sifarişlərini yerinə yetirən həmin reket media qurumları nə Eldar Mahmudovun işdən azad olunması, nə də bu proseslə bağlı hər hansı informasiya yayımlayıblar. Qeyd olunan mətbu orqanlarda hətta Prezidentin məlum məsələ ilə bağlı sərəncamına da rast gəlinmir.
Qeyd edək ki, Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi qurumun ağır cinayətlər törətdiyi məlum olub. Faktarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
İstintaqın gedişində MTN-in bir neçə yüksək rütbəli əməkdaşı saxlanılıb. Onlardan bir neçəsi barədə Səbayıl rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.
Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan “haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-in səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.
Azər
AzNews.az