MTN-nin bir qrup zabiti həbs olundu
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabitləri həbs ediliblər. Bu gün Səbail Rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.
Xatırladaq ki, şənbə günü ölkə başçısı İlham Əliyevin sərəncamı ilə general-polkovnik Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Media vəzifədən azad edilən sabiq nazirlə bağlı ziddiyətli xəbərlər yaymaqda davam edir. Onun gah saxlanıldığı, gah da ev dustağına məhkum edildiyi bildirilir.
Amma artıq bir şey məlumdur ki, Eldar Mahmudov MTN-nin fəaliyyətində yol verilən ciddi qanunsuzluqlarla əlaqədar işdən çıxarılıb.
Hakimiyyət dairələrindən Modern.az saytına verilən məlumata görə, sabah və ya biri gün Milli Təhlükəzilik Nazirliyi ətrafında baş verənlərlə bağlı Respublika Baş Prokurorluğunun rəsmi açıqlama ilə çıxış edəcəyi gözlənilir.
Qeyd edilir ki, MTN-nin fəaliyyətində yol verilən ciddi qanunsuzluqların araşdırılması üçün Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi bildirilir.