Ziya Məmmədov əfv olundumu? – 33 günlük izahat və hesabat vaxtı…

0
4

Ziya Məmmədov əfv olundumu? – 33 günlük izahat və hesabat vaxtı…

Ziya Məmmədov intizara son qoyaraq, KİV-i daha üç gün gözlətmədi və bu gün işə çıxdı.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Z.Məmmədovun dövlət tədbirlərində, rəsmi açılışlarda görünməməsi ilə bağlı KİV-ə açıqlamasında bildirmişdi ki, “Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın ”Ziya Məmmədov işə gəlmir”, “Tədbirlərə qatılmır” kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir. Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil”.

Məzuniyyətdə olduğu 33 gün müddətində Nəqliyyat Nazirliyinin səlahiyyətləri bölüşdürüldü və Z.Məmmədov faktiki olaraq, “portfelsiz nazir” statusunda geri dönüb. “Azərbaycan dəmir yolları” QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarıldı, Nəqliyyat Müfəttişliyinin səlahiyyətləri DYP-yə verildi, taksilərə lisenziya verilməsi “ASAN xidmət”ə həvalə edildi. Beynəlxalq Avtovağzal Kompleksi Məmmədovların nəzarətindən alındı, “Azəryolservic” MMC-yə isə hələ ki Cavid Qurbanovdan sonra yeni rəhbər təyin olunmayıb.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi son iki müşavirədə nəqliyyat sektorundakı problemləri qabardaraq, çox sərt tənqid etdi. Dövlət başçısı sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bildirmişdi ki, “nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti, əlbəttə ki, böyük işlər gözləyir”.

Prezident 12 oktyabrda Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında isə qeyd etdi: “…Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq”.

Dövlət başçısı artıq xeyli müddət idi ki, heç bir konkret sahə və nazirliyi bu qədər açıq və sərt tənqid etməmişdi. Eyni zamanda uzun müddət idi ki, hansısa nazir bu qədər gözə dəymir, prezidentin rəhbərliyi ilə keçirilən müşavirələrdə, onun iştirakı ilə keçirilən tədbirlərdə iştirak etmirdi.

Bütün bunlar Z.Məmmədovun “qələminin qırıldığı” barədə məlumatların yayılmasına, ehtimalların irəli sürülməsinə yol açdı. Eyni zamanda Məmmədovların biznesinin təftiş edildiyi ilə bağlı xəbərlər yayıldı. Qardaşı, deputat Elton Məmmədovun 1 noyabr parlament seçkilərində namizədliyini verməməsi, nazirə yaxın siyasilərin, konkret olaraq Ana Vətən Partiyasının sədri Fəzal Ağamalının onu tənqid etməsi bu bu ehtimalların həqiqətə yaxın olmasını söyləməyə əsas verirdi.

Qeyd edək ki, 13 illik nazir karyerasında Z.Məmmədovun işdən çıxarılması, onun istefa verməsi ilə bağlı zaman-zaman xəbərlər yayılırdı. Lakin nəqliyyat naziri hər dəfə inadla susur və sonda iş başında olduğunu nümayişkarənə şəkildə sərgiləyirdi.

Bunun isə bir çox səbəbləri vardı. Əmək fəaliyyətinə 1974-cü ildə maşinist köməkçisi kimi başlayan Ziya Məmmədov 2002-ci ilin sentyabrında nazir təyin olunduqdan ta indiyədək ötən 13 illik karyerası zamanı hər zaman soyyuqqanlığı və hakimiyyət piramidasında dəngləri yaxşı bilməsiylə seçilib. Z.Məmmədov şəxsi əlaqələri və bacarığı sayəsində nazir təyin oluna bilib və faktiki olaraq özü klan yaratmağa nail olub.

Digər mühüm cəhəti isə onun bütün nazir karyerası boyu real siyasətdən kənarda durması olub. Onun üçün siyasi rəhbərliklə şəxsi əlaqələr və işgüzar münasibətləri saxlamaq siyasi nüfuz əldə etməkdən daha prioritet olub. Uzunmüddətli əlahiddə statusunu məhz bu keyfiyyəti ilə əldə edib. Onun bu xüsusiyyəti hər zaman diqqətdə saxlanılıb və nazirin etimad kapitalının əsasını təşkil edib.

Oğlu Anar Məmmədov isə Azərbaycan-Amerika Alyansını təsis edərək siyasətə atılmağa cəhd göstərib. İlk vaxtlar bu istiqamətdə müəyyən uğurlar əldə edilsə də, sonradan ciddi nəticələr ortaya qoyulmayıb. Həmçinin A.Məmmədovun media kayihələri də gözlənilən effekti verməyib. Məlumatlı mənbələrimiz qeyd edirlər ki, bu təşəbbüslər daha çox onun oğlundan və yaxın çevrəsindən qaynaqlanıb. Z.Məmmədov klassik mənada başa düşdüyümüz siyasəti sevməyib…

Amma bizə çatan bəzi məlumatlara görə, son iki ildə nazir müəyyən qədər siyasətə baş vurmağa cəhd göstərib. Onu buna vadar edən səbəblər barədə çox məlumatlı olmasaq da, müşahidələrimiz deməyə əsas verir ki, bu səylər o qədər də uğurlu olmayıb…

Amma Z.Məmmədov büdcə vəsaitlərinin əsas alıcısı olmağı əvvəldən çox sevib. 2005-2012-ci illərdə dövlət büdcəsindən yollara 5 milyard manat ayrılmışdı. Ötən ilin investisiya xərclərində Nəqliyyat Nazirliyinə düşən pay isə 1,2 milyard manat təşkil edib. 2016-cı ilin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri isə cəmi 290 milyon manat nəzərdə tutulub.

Z.Məmmədovun qüdrəti məhz büdcədən ayılan pullara və bundan yararlanaraq yaratdığı biznes imperiyasına, şəxsi və qohumluq əlaqələrinə söykənirdi. Politoloji dillə izah etsək, Z.Məmmədovun qüdrətli dövrləri ilə yollara büdcədən ayrılan pulun miqdarı arasında birbaşa korelyasiya müşahidə edirdik.

İndi isə vəziyyət dəyişib və “yumurtaları səbətə yığmaq” zamanı çatıb. Hesab zamanı çatıb. Neft gəlirlərinin azalması hətta siyasətdən uzaq oliqarxların da hədəfə gəlməsini şərtləndirib. Böyük neft pulları fonunda o qədər də qabarmayan nöqsanlar indi “göz dəlir” və oliqarxalar cibləri qədər, dövlət maraqlarını güdmədiyinə görə, hazırda həm ali siyasi rəhbərliyə və həm də cəmiyyətə hesab verməli olurlar.

Bu, neft qiymətlərinin aşağı düşməsi ilə yaranmış yeni mərhələnin özəlliyidir və Z.Məmmədov, təbii ki, bu prosein ilk qurbanlarından biridir. Z.Məmmədov, həmçinin niyə onda birdən-birə siyasətə maraq yarandığını da izah etmək məcburiyyətində qalıb. Eyni zamanda nəqliyyat naziri büdcə vəsaitlərinin nə dərəcədə səmərli istifadə edilməsi (hətta Azərbaycan reallıqları çərivəsində olsa belə) ilə bağlı suallara cavab verməlidir. Bu suallar isə çoxdur və yəqin ki, 33 gündə Z.Məmmədov təfsilatlı izahat verməyə imkan tapıb.

Bütün bunlarla yanaşı, onun məzuniyyətdən qayıtması və işə çıxmasından sonra isə hamını bir sual düşünüdürür: Z.Məmmədov əfv olundumu? Təxminlərimizə görə, yox. Sadəcə, 33 gün izahat dövrü başa çatdıqdan sonra nəqliyyat nazirinin hesab vaxtı çatıb və çətin ki, o, uzun müddət nazir kreslosunda əyləşsin. Obrazlı ifadə etsək, o, “şərti cəza” almaqla nazir kürsüsü ilə vidalaşmalı olacaq.

Onu da qeyd edək ki, bu, bizim optimist təxminimizdi…

Strateq.az

LEAVE A REPLY