Qreypfrut yeyəndə, diqqətli olun! İnanılmaz faktlar

0
4

Qreypfrut yeyəndə, diqqətli olun! İnanılmaz faktlar

Qreypfrut və bu sitrus meyvəsinin şirəsi çox faydalı sayılır.
Belə hesab olunur ki, qreypfrut qanda xolesterinin səviyyəsini aşağı salır, immun sisteminə, maddələr mübadiləsinə müsbət təsir edir, şəkərli diabet xəstəliyi zamanı şəkərin səviyyəsini aşağı salır, piylərin parçalanmasını sürətləndirir ki, nəticədə arıqlamağa kömək edir. Qreypfrut orqanizmə iltihab və göbələkəleyhinə təsir edir.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq qreypfrutun çox ciddi əks-göstərişləri var. Mədə şirəsinin turşuluğunun artması, xora xəstəliyi, qara ciyər xəstəlikləri zamanı bu meyvəni və onun şirəsini qəbul etmək olmaz.
Qreypfrutun həmçinin çox təhlükəli xüsusiyyəti var. Onun tərkibində olan maddələr (“furanokumarin”) bir çox dərmanların orqanizmə olan təsirini pozur – azaldır və ya əksinə artırır. Məsələ burasındadır ki, bu maddələr qara ciyərin ferment sisteminin fəaliyyətini ləngidir və bu da dərmanın vaxtında parçalanmasına və orqanizmə lazım olan effekt verməsinə mane olur.
Belə ki, hal hazırda elmi araşdırmalar nəticəsində məlum oldu ki, məhz qreypfrut və xüsusilə də onun şirəsi bəzi antibiotiklərin, allergiya əleyhinə, şiş əleyhinə, depressiya əleyhinə, hormon və s. preparatların (məsələn, hamiləlik əleyhinə həblər və s.) təsirini azaldır. Bu isə xəstədə pozulmalara səbəb ola bilər.
Əksinə isə bəzi digər preparatların təsiri (təzyiq dərmanları, xolesterinin səviyyəsini aşağı salan preparatlar, ürək ritmini tənzimləyən preparatlar və s.) qreypfrut şirəsinin təsirindən artır ki, nəticədə xəstə dərmanı sanki lazım olandan artıq dozada qəbul edir. Bu isə orqanizmə ciddi ziyan vura bilər. Məsələn, arterial təzyiq kəskin düşə bilər ki, nəticədə insan bayıla bilər.
Problem o dərəcədə vacib sayılır ki, məsələn, ABŞ-da bütün yeni preparatların qreypfrut şirəsi ilə uyğunluğu araşdırılır. Hal hazırda təxminən 85 preparatın qreypfrutla uyğunsuzluğu aşkar olunub. Araşdırmalar davam edir.
Bu səbəbdən dərman preparatları qəbul edən insanlara hər ehtimala qarşı bu dövr ərzində qreypfrut şirəsini qəbul etmək tövsiyə edilmir.

LEAVE A REPLY