Milli Mərkəz tərəfindən gözlənilən hava şəraiti nəzərə alınaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.
Bu barədə BakuPost-a Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 28 mart 2018-ci il tarixdə Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub. Bununla bağlı müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb: “Azərbaycanın bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin çıxışına və girişinə qadağa qoyulub. Azərbaycan Respublikasının limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb. Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir. Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir. Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımı tədbirlər həyata keçiriləcək. Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir”.
Agentlikdən bildirilib ki, daxil olan məlumata əsasən, martın 31-i günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.