Külək davam edir –Bakıda aşan ağacların sayı 21-ə çatdı

0
4

Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 21 ağac aşıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Şöbə rəisi aşan ağaclardan biri istisna olmaqla, qalan 20-nin sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.

O.Məmmədov bildirib ki, aşan ağaclar şam, qovaq, göyrüş, sərv olub.

Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən şöbə rəisinin sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır. Xatırladaq ki, bu gün səhər əsən güclü külək nəticəsində aşan bir ağac Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağlamışdı, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağac köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə aşıb.

Qeyd edək ki, sabah günün ikinci yarısınadək güclü şimal-qərb küləyi əsəcək.