İkiyə bölünmüş Azərbaycanımızın birlləşməsi uğrunda uzun illərdir ki, mübarizə aparılır. Ötən əsrin 60-80-ci illərində bir çox şair və ədibimiz Cənubi Azərbaycan mövzusuna dəyərli əsərlər həsr etmişlər. Despot şah və şovinist molla rejimli İran dövlətində yaşamasına baxmayaraq, dahi Şəhriyar ikiyə bölünmüş Azərbaycanımıza həsrət dolu əvəzolunmaz şeirlər külliyatı yadigar buraxmışdır. Təəssüf ki, son illər o taylı, bu taylı Azərbaycanımız barədə yazılan dəyərli əsərlər nəzərə çarpmır. Sanki, get-gəl imkanı əldə etmiş millətimizdə arxayınçılıq yaranıb. Sirr deyil ki, birləşmək uğrunda fəaliyyət göstərən təşkilatların da gördüyü iş ara-sıra bəyanat verməkdən o yana keçmir.
Bu mövzuya münasibət bildirmək üçün, çagdaş tariximizə qızıl hərflərlə həkk olunmağa layiq olan “Sərhəd hərəkatı”nın şəriksiz lideri Ramiz Tağıyevə müraciət etdik.O, Azərbaycanın bütövlüyü uğrunda mübarizənin davam etdiyini bildirdi:” Bu yolda birinci mərhələni uğurla, qansız-qadasız keçə bilmişik. Qarabağ problemi yaranmasaydı, düşünürəm ki, Cənubla bağlı daha böyük qələbəyə nail olardıq. Ancaq, düşünürəm ki, həmin yolda proqramlı, ardıcıl fəaliyyət göstərən lider Piruz Dilənçidir. Onun rəhbərlik etdiyi Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH) xeyli iş görüb. Məhz CAMAH-ın sayəsində İran molla rejimini sarsıdan, yüz minlərlə soydaşımızı bir araya gətirən aksiyalar keçirilib. Piruz Bəyin cəsarətli müraciətləri, bəyanatları molla rejimini xeyli narahat etmiş kimi görünür. Təəssüf ki, CAMAH bir çox təşkilatlar tərəfindən qısqanclıqla qarşılanır. Bu da səbəbsiz deyil… Molla rejiminin süni surətdə yaradıb, mühacirətə göndərmiş əldəqayırma “lider”lər, gah İranı federativ dövlətə çevirmək istədiklərini, gah da molla rejimində islahatların tərəfdarı olduqlarını bəyan etməklə, soydaşlarımız arasında çaşqınlıq yaratmağa çalışırlar. Mən, vaxtilə sərhəd rayonu olan ikiyə bölünmüş Culfa rayonuna rəhbərlik etdiyimdən, İran molla rejiminin ölkəmizə qarşı apardığı düşmənçilik siyasətindən kifayət qədər məlumatlıyam. O taydakı soydaşlarımızla daimi əlaqələrim olduğundan, onların fars -şovinist rejiminə nifrətlərindən də xəbərdaram. Kimlərinsə xəyalpərəstlik adlandırdığı Bütöv Azərbaycanımızın yaranacağı gün çox uzaqda deyil. Bunun üçün bu yolda mübarizə aparan təşkilatların ilk öncə birliyə imza atmaları xüsusilə vacibdir. CAMAH-ın və onun lideri Piruz Dilənçinin yolu, məqsədi, proqramı tam aydın olduğundan, həmin təşkilatın ətrafında birləşmək daha dogru olardı.”
Turan