Yaxın Şərqdə rus zorbalığı…

0
5

Yaxın Şərqdə rus zorbalığı…

Suriya prezidenti Bəşər Əsədin Qərbin dəstəklədiyi terrorçulara və rejim müxaliflərinə qarşı mübarizədə aciz qalması və ölkəsinin parçalanma riski qarşısında qalmasından sonra o, məcbur qalaraq qanunsuz silahlı birləşmələrlə mübarizə aparmaq məqsədi ilə keçən günlərdə Rusiyadan rəsmən kömək istədi. Bəşər Əsədin rəsmi müraciətindən sonra bu ölkəyə göndərilən rus hərbi dəniz donanması, hərbi hava qüvvələrinin bölmələri və quru qoşunları artıq keçən həftədən başlayaraq Suriya ərazisində antiterror əməliyyatlarına başlayıblar.
Xatırladaq ki, hələ ötən illərdə, Suriyada vətəndaş müharibəsi başlamadan öncə iki ölkə arasında razılaşma əldə edilərək Suriyada rus hərbi bazasının açılması barədə sözləşmə imzalanmışdı. Sözləşmə şərtlərinə görə Rusiya Suriyanın on yeddi milyard dollarlıq borcunu bağışlayacaq, Suriya isə öz ölkəsinin sərhədləri daxilində bu ölkəyə hərbi baza açmaq üçün yer ayıracaqdı. Burada onu da qeyd etmək yerinə düşərdi ki, elə türk hərbi hava qüvvələrinə məxsus F-4 markalı döyüş təyyarəsi də iki il öncə beynəlxalq suların üzərində təlim uçuşu həyata keçirərkən məhz həmin hərbi bazadan atılan raketlər vurulmuş, nəticədə təyyarədə olan hər iki pilot da şəhid olmuşdu.
İndi də Suriyadakı rus su-25 qırıcı təyyarələri türk hava sərhədlərini qısa müddətliyinə də olsa pozublar. Belə ki, oktyabr ayının üçündə günorta saat 12:08 radələrində Hatay vilayətinin cənub istiqamətində türk hava sərhədlərini pozan rus hərbi təyyarələri bölgədə nəzarət uçuşları həyata keçirən iki ədəd türk F-16 təyyarəsinin önləmə tədbirləri sayəsində yenidən Suriyanın ərazisinə qayıdıblar. Məsələ ilə bağlı bəyanat verən Türkiyənin baş naziri Əhməd Davudoğlu, “bizim anqajman kurallarımız bəllidir”, deyib. Yaxşı xatırlayıram həmin “anqajman kuralları”ı daha öncə həyata keçirilmiş və türk hava sərhədlərini pozan iki ədəd Suriya hərbi hava qüvvələrinə məxsus döyüş vasitəsi məhv edilmişdi. Bəs, indi bu qaydaları pozan döyüş vasitələri Rusiyaya məxsus olunca nə dəyişdi ki, onlar məhv edilmədilər? Sərhəd pozuntusunu həyata keçirən hər kimdirsə layiqincə cəzasınl almalıdır, əks təqdirdə sərhədləri pozulan ölkənin böyüklüyünə və beynəlxalq imicinə ciddi mənada kölgə düşə bilər. Necə ki, İran bir neçə il öncə onun ərazi sularına qanunsuz girən ingilis hərbi gəmisini şəxsi heyəti ilə birlikdə əsir almış, ingilislərə üzr istətdikdən sonra, həm gəminin şəxsi heyətini azad etmiş, həm də hərbi gəmini sərbəst buraxmışdı. İndi Türkiyə hansı qayğı ilə rus hərbi təyyarəsini vurma əmri vermək cəsarətini özündə tapmayıb? Çünki daxili siyasətdə hər nə qədər əsib-coşsa da həm Ərdoğan, həm də elə onun təyin etdiyi məmur kimi hərəkət etməkdən o tərəfə keçə bilməyən Ə.Davudoğlu ruslarla qarşılaşmaq, üz-göz olmaq istəmir, daha doğrusu buna cəsarət edə bilmirlər. Çünki xalq deyimi ilə desək, onlar da yaxşı bilirlər ki, rusların sağı-solu bəlli deyil və əgər onları qıcıqlandırsalar Putinin bir göstərişi ilə Əsəd Türkiyəyə müharibə elan edər, bölgədəki rus hərbi kontingenti də imzalanacaq bir sözləşmə ilə Əsədin ixtiyarına verilər. Ondan sonra, gəl çıx işin içindən, çıxa bilirsən…
Bir şeyi də xatırlatmaq istərdim ki, rus hərbi təyyarələrinin hava sərhədlərini pozmasından sonra Türkiyənin xarici işlər naziri Firudun Sinirlioğlu amerikalı məsləktaşı Con Kerrini telefonla arayaraq məsələdən xəbərdar edib. Bu barədə Cənubi Amerikaya bir konfransda iştirak etmək üçün səfər edən Kerri jurnalistlərin suallarını cavablandırarkən məlumat verib və məsələ ilə bağlı Amerika olaraq ciddi anlamda rahatsız olduqlarını bildirib. Ayrıca təcili toplanan Nato idarə heyəti də açıqlama verərək Rusiyanı qınayıblar və bölgədə gərginliyi daha da dırmandırmamağa çağırıblar. Eyni zamanda məsələ ilə bağlı bəyanat verən Kreml sözçüsü Peskov da öz növbəsində sərhəd pozuntusunun cəmi bir neçə saniyə çəkdiyini bildirib.
Nə isə, bu mövzuya sonra, daha geniş bir yazıda toxunarıq. İndi isə qayıdaq Rusiyanın yaxın Şərqdəki hadisələrdə birbaşa iştirak etmə həvəsinin yaranma səbəblərinə və daha sonra hadisələrin necə inkişaf etdiyinə nəzər salaq.
Bildiyimiz kimi bu ilin sentyabr ayında, hələ Bəşər Əsəd hərbi yardım üçün Rusiyaya müraciət etmədən öncə Rusiya, İran və İraq prezidentləri Yaxın Şərqdəki problemlərin həlli və antiterror əməliyyatlarının koordinasiyası üçün birlikdə razılığa gəlmişdilər və ortaq koordinasiya mərkəzini də İraqın paytaxtı Bağdadda yaratmağı qərara almışdılar. Bu dövlətlərin ortaq düşüncələrinə görə İŞİD və Əl- Nusra kimi terror təşkilatları nəinki islama xidmət etmir, hətta öz qanlı əməlləri, zalimlikləri ilə islam kimi ali bir dinin dəyərlərinə kölgə salır, bu dinin imicinə mənfi zərbə endirir. Elə Rusiya prezidenti Vladimir Putinin BMT-nin yetmişinci yubiley toplantısındakı çıxışının bir hissəsi də məhz bu məsələ üzərində köklənmişdi. Doğrudur, biz müsəlmanlar Putindən islamın hamiliyinə soyunmasını gözləmirik, çünki bunun qədər absurd və sadəlövhcəsinə gözlənilən başqa bir şey ola bilməz. Sadəcə olaraq ABŞ və digər qərb dövlətləri, həmçinin Ərdoğan liderliyindəki türk hökumətinin sadəlövhcəsinə onlara inanaraq Əsədi devirmək üçün atdığı addımlar fayda verməyincə Rusiya bölgəyə daxil olmaq üçün münbit şərait əldə etdi. Bu barədə yenə də elə qərb dövlətlərini qınamaq lazımdır. Onların ixrac etdikləri “rəngli inqilab”lar və “ərəb baharı” sayəsində Yaxın Şərq qan gölünə döndü. Elementar bir faktı düşünək, məsələn, elə İŞİD terrorçu qruplaşması özünü maaliyələşdirmək üçün külli miqdarda vəsaiti haradan alır? Əlbətdə onlar bu qədər pulu sadəcə olaraq soyğunçuluq, insan alveri və ya narkotik malların qanunsuz dövriyəsindən qazana bilməzlər. Şübhəsizdir ki, bölgədə maraqları olan super dövlətlər bu terrorçu qruplaşmalarının həyatda qalmaları üçün lazım olan dəstəyi verməkdədirlər.
Amerika bölgəyə gələrək zəngin İraq nefti üzərinə çökdükdən sonra əsgərlərini daha təhlükəsiz bölgələrə daşımaq məqsədi ilə qaynar nöqtələrdən çəkildi. Bir düşünək, onlara sabitlik lazımdırmı? Əsla xeyr, indiki status-kvo davam etdiyi müddətdə bölgə əhalisinin maddi rifah halı da minimum səviyyədə qalacaq. Bu da ABŞ şirkətləri üçün sudan ucuz qiymətə, iş saatı olmadan çalışacaq yüz minlərlə potensial işçinin varlığı deməkdir. Bu bütün sahələrdə eynilə belədir.
İndi Suriya məsələsinə qayıdaq. Amerika, əlbəttə, bu ölkədə vəziyyəti qarışdırmadan öncə bölgə ilə bağlı planları var idi və mən düşünürəm ki, hələ də o planlar daxilində hərəkət etməkdədir. Əgər belə deyilsə və gerçəkdən də Amerikaya rəğmən Əsəd hələ də Suriyanın prezidentidirsə, bu ən azından düşünülməsi absurd bir məsələ olardı. Ən azından ona görə ki, Amerikanın Əsədi yıxmaq məqsədi olsaydı İraqda və ya Liviyada olduğu kimi koalisiya yaradaraq hərəkətə keçər, qısa bir müddətdə də işi bitirərdi. Daha indiki kimi həftədə iki təyyarə qalxıb İŞİD mövqelərini bombalamaq və kürd terrorçularına silah bağlamaları atmaqla kifayətlənməzdi.
Doğrusu, artıq Suriyanın gələcəyi ilə bağlı hansısa proqnoz vermək o qədər çətinləşib ki, bu barədə konkret nəsə demək mümkün deyil. Rus ordusunun bölgədə varlığı artıq Əsədin devrilməsi planlarının sonu olduğu kimi, eyni zamanda, Suriyadakı vətəndaş müharibəsinin də qeyri-müəyyən vaxta kimi uzanmasının ana səbəblərindən biri ola bilər. Bu, eyni zamanda, Türkiyə üçün də böyük təhlükədir. Bir vaxtlar Əsədin bir-neçə həftə ömrü qaldı dəyərək bəyanat verən bəzi türk siyasətçilərinin burunlarının ucunu görə bilmədiklərindən Türkiyəni necə böyük fəlakətə sürükləməkdə olduqlarını göstərməkdədir.
Əlbəttə, bölgədə rus varlığı sadəcə Türkiyə deyil, eyni zamanda İsrail üçün də bir təhdiddir. Doğrudur, Suriya məsələsi ilə bağlı Putin -Obama arasında keçirilən ikitərəfli müzakirələrdən sonra ağ evdən verilən açıqlamada deyilirdi ki, problemin həlli yolları barədə razılaşma əldə olunsa da, nəticə barədə hələlik anlaşma yoxdur. Bu isə o deməkdir ki, rusların bölgəyə girişindən amerikanların xəbərləri vardır, ancaq digər məsələlər razılaşdırılmayıb.
Gələcəkdə bölgəni və ümumiyyətlə dünyamızı nələr gözləyir, bunu yaşayaraq görəcəyik. Lakin bir şeyi indidən söyləyə bilərik ki, hələ bir neçə il də Suriyada vətəndaş müharibəsi və bu ölkədən köç dalğası davam edəcəkdir. Bölgədə digər dövlətlərin texnikaları savaşacaqdır, ancaq ölənlər, yaralananlar, ömür boyu şikəst qalanlar, yetim və dul qalanlar, təhsildən kənar düşən, ən elementar səhiyyə xidmətlərini ala bilməyənlər və nəhayət aclıq, yoxluq və yoxsulluğun hər üzünü görməyə davam edənlər elə zavallı müsəlmanlar olacaq. Allahın rəhmi gəlsin!

Zaur

LEAVE A REPLY