Məhkəmə Xəzər Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ötən ilin sentyabrında Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığından Xəzər rayon prokurorluğuna şikayət verib. Prokurorluğun işgəncə faktının olmaması ilə bağlı qərarından verilmiş şikayət Xəzər rayon Məhkəməsində də araşdırılmadan Rüfət Səfərovun iddiası təmin edilməyib.
Rüfət Səfərovun vəkili Bəhruz Bayramov Bakı Apellyasiya Məhkəməsinin bugünkü qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib. Vəkilin sözlərinə görə, Səfərovun işgəncəyə məruz qalmasını Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də müəyyən edib. Ombudsmanın nümayəndəsi işgəncəyə məruz qalandan sonra onunla görüşüb.
Rüfət Səfərov işgəncəyə məruz qalmasının səbəbləri barədə məhkəmədə çıxış edib.
Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.