Dünya bərk xəstədir-müalicəyə doğru…

0
4

Aydın Əliyev

Dünya bərk xəstədir-müalicəyə doğru…
Tülkü və Ayı “siyasəti” arasında.

Dünyanı idarə edənlər patoloji düşüncə sahibidirlər.Onlar pulun-paranın ağası deyil, quludurlar.Heç özləri də bilmirlər ki, insanlıqdan uzaqdırlar.Allah ömür verdiyi insanı vaxtından qabaq aparmaz.İsmayıl qurbanlığının fəlsəfi mahiyyəti də ondadır ki, Allah deyir, mən insanın öldürülməyinə icazə vermədim, vaxtı çatmayıb.Yəni, sizlər, bəs niyə bir-birinizi qırırsınız, ayağından çəkirsiniz, çörəyini kəsirsiniz, faciələr törədirsiniz.Yəni belələri şeytan və kafirdirlər.Mənim olsun, mənim olsun… Axırı nə? Heç nə.Bu yekunu bilmirsən?!
Hər yerdə müharibələr, uşaq, qadın, qoca və cavanlar öldürülür, evlər dağıdılır.Nə var ki, kiminsə cibinə pul girəcək.Ayıbdır. Elm, təhsil, sağlamlıq qalıb qıraqda – bunlar isə ancaq insanları məhv etmək uğrunda sanki yarışa girişiblər. Yeni-yeni silahlar, xəstəlik törədiciləri, keyfiyyətsiz ərzaq və dərmanlar, ekoloji təlatümlər – “elm” ancaq bu istiqamətlərdə inkişaf etdirilir. Paralar ancaq bu istiqamətdə xərclənilir. Elm, mədəniyyət, sağlamlıq, idman yarışlarının təşkili olmaz, çünki bunlar insana xoşbəxtlik gətirər. İnsan xoşbəxt olanda çox da paraya meyilli olmur.
Azərbaycanın torpaqları həmişə kəsilə-kəsilə işğal olunub.İkinci dünya müharibəsində SSRİ-nin neft-benzinə olan tələbatının 85%-ni Azərbaycan verdi, axırı nə oldu?! 1988-90-cı illər faciələrimizi törətdilər.Niyə? SSRİ-nin büdcəsini kal-baş siyasətləri ilə boşaltmışdılar.Nə edək dedilər? Milli məsələ ilə bağlı münaqişələr yaradaq. Nəticə-insanlarımız didərgin düşdülər, qırıldılar, torpaqlarımız yenə də işğal olundu. Xalqı düzgün, insan kimi idarə edə bilməyənlər həmişə müharibə əhval-ruhiyyəsini gücləndirirlər, qızışdırıcı mövqe tuturlar. Azərbaycan olaraq isə biz, haqlı olaraq həmişə müharibəyə hazır olmalıyıq.Torpaqlarımızı qaytarmalıyıq, neçə-neçə illərdir ki, öldürülmüşlərimizin ruhlarına borcluyuq.
…Öldür, qır , işğal et, faciələr törət, uşaqların gözü yaşlı , ac-yalavac, əyin-baş yox?! Sən isə para yığ?! Dünyanı doğurdan da mafioz, acgöz, insan qanına susamış, insan cildinə girmişlər idarə edirlər.Ən azı bu gün onlar çoxdurlar.Şizofreniklər, yəni düşüncə şizofrenikləri , dünyanı “idarə” edirlər. Bunlar Allahı dərk etmirlər.Çünki şeytandırlar. Allahı dərk etməyən SSRİ imperiyasının axırı nə oldu? Hələ də onun töküntüləri bizlərdən əl çəkmir. Niyə insan kimi yaşamaq istəmirsiniz? Yaddan çıxartmayaq ki, insanın ancaq iki hadisədə seçmə imkanı yoxdur. Allah belə yaradıb. Vətəni və ata-ananı seçmək olmur. Vətəni saxlayan Müstəqil Dövlətçiliyimizi qorumalıyıq. Bunun üçün demokratik dəyərlərimizi artıq güclü və sürətli islahatlarımızla gücləndirməliyik. Ata-Ananın qədrini bilmək elə Vətənə-Dövlətə-ailənə qulluq deməkdir. Bu iki istiqamətdə müsbət fəaliyyətlərimiz – Müstəqil dövlətçiliyimizin immun sisteminin möhkəmlənməsi demək olardı.İmmun zəiflik isə insanlardakı kimi dövlətçiliyimizdə də fəsadların baş verməsinə səbəb olur.Yeni torpaq itkiləri ilə üzləşərik, müstəqilliyimiz təhlükədə olar. Bu gün qalmışıq iki siyasət arasında.Biri tülkü siyasəti yeridir, o biri isə ayı “siyasəti”. Bizim isə tülkü kimi siyasətimiz yoxdur.Bicliklərdən çox da başımız çıxmır.Kökümüzdə bicliklər olmayıb axı. Ayıda isə siyasət olmur, ya yuxulayır , ya da parçalayır. Dünyada Allah adından danışırlar- gördükləri işlər isə tam əksinədir.Ona görə də bir-birini fəsilvari üstələyə-üstələyə birdən tülkü , birdən isə ayı özünü göstərir. Tülkünün dediyinə fikir vermə, onun quyruğu başqa cür fırlanır. Ayının da “yuxuladığına” (zəiflədiyinə) fikir vermə, onun qanımıza batmış dişlərinə fikir ver. Bəs biz nə edək? Ancaq Allahımızdan qorxaq. Kimliyimizdən, vəzifəmizdən, bölgəmizdən asılı olmayaraq bir-birimizin qədrini bilək. Özümüzə hörmətlə yanaşaq, qolumuzdan yapışaq qaldıraq, birimizin uğurunu özümüzün uğuru hesab edək. Nələrisə bir-birimizi bağışlamağı bacaraq.Əfv edək. Məcburuq ki, tülkü və ayı ilə qonşu kimi yaşayaq. Ona da məcburuq ki, immun sistemlərimizi gücləndirək. Müstəqil dövlətçiliyimizin davamlı olması və insani dəyərlərimizin( ona demokratiya da deyirlər) artırılması istiqamətində fəaliyyət göstərənlər-62 yaşlı mənim böyük qardaşlarımdır. Qardaş! Vətən və Ata-Ana naminə Allah amanatında.

LEAVE A REPLY