Natavan: “Aygün savadsızdır”
Müğənni Natavan Həbibi mətbuat konfransı keçirib.
Axşam.az-ın məlumatına görə, ifaçı məhkəmədə qalib gəldiyi xalq artisti Aygün Kazımovanın “Natavan üzr istədiyimi yuxusunda görər” sözlərinə münasibət bildirib:
“İndiyədək susdum, qanuna güvəndim. Artıq iş bitdi və məsələ həll olundu. Qaldı qanunun icra olunması. Mən qalib oldum. Çünki Natavan tərtəmiz azərbaycanlıdır və bununla qürur duyuram. Sənədləri saxtalaşdırdığımı deyirlər. Amma bütün bunlar uydurma, şər-böhtandır. Necə ki, milliyətimlə bağlı mənə qara yaxırdılar, bunu da uydururlar”. N.Həbibi A.Kazımovanı savadsızlıqda ittiham edib:
“Qarşı tərəfin “Natavan üzr istəməyimi yuxusunda görər” sözləri savadsızlıqdan irəli gəlir. Xalq artisti adını daşıyan bir insan qanunları bilməli və ona riayət etməlidir. Əgər “Natavan yuxusunda görər” deyirsə, bu ondan irəli gəlir ki, həmin adam heç nədən xəbərsiz, savadsızdır. O, özü yuxusunda görüb ki, Natavanı sındırdı, şou-biznesdən yox elədi. Mən isə hakimin qərarını imza və möhürü ilə göstərdim. Aygün Kazımovanın sözünün çəkisi ağırdır, yoxsa hakimin qərarının? “.
N.Həbibi qarşı tərəfin üzr istəyəcəyi təqdirdə məsələnin bitəcəyini deyib:
“Üzr istəsə, hər şey qurtaracaq. Ancaq yenə nəsə eləsələr, yenə həmin şey olacaq. Kimdi onlardan əl çəkən? Onlar özləri qaşındılar. Məni təhrik etdilər ki, bu qalmaqalın içində olum”.
Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.
A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:
“Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm”.