Ziya Məmmədov “hücum” göstərişini verdi…

0
4

Ziya Məmmədov “hücum” göstərişini verdi…

Əli Kərimli növbəti oliqarxı qurban verir?!

AXCP sədri Əli Kərimlinin ölkə oliqarxları ilə əlaqəsi barədə zaman-zaman məlumatlar yayılıb. Sirr deyil ki, həmin məlumatların əksəriyyəti çox keçmədən təsdiqini tapıb. Yaxın keçmişdə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə gizli münasibətlər qura bilmiş Ə.Kərimli oliqarx- nazirin büdcəsindən kifayət qədər yararlana bilmişdi. Əlbəttə, AXCP sədri ilə Fərhad Əliyevin münasibətləri təsadüf nəticəsində deyil, Qərbin xeyir duasıyla baş tutmuşdu. Nazir olduğu müddətdə okeanın o biri tayına mütəmadi səfərlər edən F.Əliyev ABŞ-da böyük hörmətlə qarşılanır və müxtəlif nüfuzlu universitetlərdə görüşlər təşkil edilərək onun islahatçı-nazir imicinin formalaşdırılması üçün açıq-aşkar səy göstərilirdi.
Atalarımız demişkən, “oğurluqla, fahişəliyin ömrü qırx gün çəkdiyi” kimi, F.Əliyev-Ə.Kərimli işbirliyinin də ömrü az oldu. Məkrli planları aşkar olunan sabiq nazir həbsxanaya ezam olundu. Məhz bundan sonra Ə.Kərimli onun üçün pul kisəsi rolunu oynamış oliqarxın müdafiəsinə qalxdı. AXCP sədrinin ruporu olduğu kimsədə şübhə oyatmayan “Azadlıq” qəzeti AXCP sədrinin dostu-qardaşı F.Əliyevə həsr edilmiş xüsusi bülletenləri ard-arda sıralamaqla cəmiyyət üçün qaranlıq olan məqamların aydınlaşmasına yardım etdi. AXCP sədrinin F.Əliyevdən əldə etdiyi milyonları özünə və yaxın çevrəsinə xərcləməsindən xəbər tutan cəbhəçilər Ə.Kərimlidən üz çevirməyə, AXCP sıralarını kütləvi tərk etməyə üstünlük verdilər.
Həbs olunduqdan bir müddət sonra Qərbin və Ə.Kərimlinin qurduğu tələyə düşdüyünü anlayan F.Əliyev “Azadlıq”ın barəsində xüsusi bülletenləri sıralamağına baxmayaraq AXCP sədrinin qorxaq birisi olduğunu anlayıb, onunla işbirliyinə son qoydu.

Əli Kərimli yeni “qaz” axtarışında…

Havayı pulları sağa-sola xərcləyib, hər ay bir neçə xarici ölkədə istirahət etməyə alışmış Ə.Kərimli tezliklə Fərhadın yoxluğunu hiss edib, yeni “qaz” axtarışına çıxır. Xaricilərin ara-sıra ona ötürdüyü “qəpik-quruş” dəbdəbəli həyat tərzi keçirməyə alışmış Əlinin karına gəlmir. O, Qərbdən daha çox dəstək almaq üçün zaman-zaman üzünü Şimala çevirib “Sem dayı”ya mesaj göndərir ki, belə getsə özümü “ağ ayı”ların ağuşuna atacağam. AXCP sədrinin etibarsızlığından duyuq düşən “Sem dayı” Əliyə növbəti qurbanlıq oliqarxın axtarışına çıxır. Bu dəfə Nəqliyyat nazirinin əziz-xələf oğlu Anar Məmmədova “qarmaq” atılır. ABŞ otellərində pulu konfet kağızı kimi sağa-sola səpələyən, konqressmenləri ətrafına toplayıb dəbdəbəli ziyafətlərə milyonlarla xərc çəkən Anar “Sem dayı”nın diqqətini çəkir. Və beləliklə, oliqarx-nazirin oğluna “demokratiya dərsi” keçirilməsinə start verilir. Bundan sonra Fransaya sığınmış Ə.Kərimlinin pullu mirzəsi Qənimət Zahidin də işi “xod” getməyə başlayır ki, ötürülən milyonlarla onun “Azərbaycan Saatı” adlanan verilişinin əli-qolu və hətta dili açılır. A.Məmmədov da dinc oturmur və fəaliyyət dairəsini genişləndirmək iddiasını ortaya qoyur. Azərbaycanın ən böyük şirkətlər qrupundan biri olan “Garant Holdinq”in təsisçisi, Azərbaycan Qolf Federasıyasının təsisçisi və prezidenti, Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri olan Anar Məmmədov öz toxunulmazlığını təmin etmək məqsədilə yeni bir vəzifə də ələ keçirməyə nail olur. Oliqarx-nazirin oğlu Makedoniya Respublikasının Azərbaycanda fəxri konsulu təyin edilir. Necə deyərlər, bu da sizə Avropanın demokratik töhfəsi…
Makedoniyanın Xarici İşlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova ünvanladığı məktubda deyilir: “Bu məktubla Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsul səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm.”
Burada məşhur “O olmasın, bu olsun” filminin personajı Məşədi İbada müraciət etməkdən savayı əlimdən heç nə gəlmir, “Onu konsul təyin edəndə baxmadınız ki…” Bəli, cənab Poposki təyin etdiyiniz konsulun-nazir-oliqarx oğlunun kimliyini araşdırmaq sizin vəzifə borcunuz idi. Axı, böyük biznes sahibi, müxtəlif vəzifələr daşıyan A.Məmmədovun bir də fəxri konsul vəzifəsinə təyin edilməsi hansı effekti verə bilər? Üstəlik də Makedoniyanın XİN rəhbəri Vyana Konvensiyasının müddəalarını xatırlayaraq A.Məmmədova Azərbaycan ərazisində bütün imtiyazların verilməsini xahiş edir…

Bu da bizim demokratik Avropamız.

ABŞ-ın özünü demokratiyanın beşiyi adlandırıb, ardınca Azərbaycanın korrupsioner oliqarxlarına isti qucaq açmasından çoxdan xəbərdarıq. Həmin ölkə Azərbaycanı bir o zaman sevmir ki, ölkəmizin rəhbərliyi okeanın o tayından gələn “otur-dur” göstərişlərinə məhəl qoymur. Və elə bu zaman dava-mərəkə qopur ki, qoymayın, Azərbaycanda insan haqları pozulur, demokratik dəyərlərə əhəmiyyət verilmir. Maraqlıdır, elə deyilmi?!
Görəsən, ABŞ konqresmenləri A.Məmmədovun onlara təşkil etdiyi dəbdəbəli ziyafətlərin hansı vəsaitlə baş tutduğundan xəbərdar deyildilərmi? İnanan daşa dönsün…Və yaxud oliqarx-nazirin ərköyün övladının ölkə mətbuatının başına açdığı oyunlardan xəbərimi yoxmuş?
Ola bilsin ki, okeanın o tayına xəbər bir az gec çatır, bəs Makedoniyaya necə, xəbər çatmayıb? Yoxsa, A.Məmmədovun məhkəməyə çəkib, külli miqdarda cəriməyə məruz qoyduğu KİV nümayəndələri həbsxanaya atılmalıydı ki, qoca Avropa sonradan onları vicdan məhbusu adlandırıb Azərbaycan iqtidarının üstünə hücum çəksin?

Əli Kərimli Müsavatdan və digər müxalifət partiyalarından niyə üz çevirdi?

AXCP-nin sərgilədiyi özünütəcrid siyasətinin arxasındakı sirr açılmaq üzrədir. Kim bilmir ki, Ə.Kərimlinin özünütəcrid siyasi xətti AXCP-nin təkbaşına iqtidara gəlmə ehtimalını sıfra endirib? Təbii ki, ölkə müxalifəti elə durumdadır ki, hər hansı siyasi təşkilat təkbaşına iqtidara gəlmək arzusunda buluna bilməz. Bəs, onda Ə.Kərimli nə üçün özünütəcrid siyasətini davam etdirmək iddiasını gizlətmir? Belə görünür ki, AXCP sədri oliqarxların sırasından ciddi müttəfiqə nail olduqdan sonra digər müxalifət partiyalarla birliyə zaman ayırmağa lüzum görmür. Ə.Kərimlinin Müsavat partiyası və “Yeni Müsavat” qəzetinə aqressiv münasibəti isə daha maraqlı görünür. Deyilənlərə inansaq, Müsavatla və xüsusilə “Yeni Musavat”la münasibətlərin pozulmasına sifariş A.Məmmədovdan gəlib. Oliqarx oğlu oliqarxın Müsavata və “Yeni Müsavat”a münasibəti bəlli olduğundan, yayılan məlumata inanmaq zorundayıq. Məlum olub ki, Ə.Kərimlinin Müsavata və “Yeni Müsavat”a açdığı dava “dostumun düşməni mənim də düşmənimdir” prinsipinə uyğunlaşdırılıb.

Tənzilə Rüstəmxanlı müqavimət göstərəcəkmi?

Mətbuatda Ziya Məmmədovun “vurulma” xəbərlərinə reaaksiya əsasən nazirin qardaşı, millət vəkili Elton Məmmədovu tərəfindən verilirdi. Bu dəfə isə Tənzilə Rüstəmxanlı danışdı. Danışdı və E.Məmmədovun təkzib etdiyi “vurulma” xəbərinin doğruluğunu təsdiq etdi. Tənzilə xanım özünün də qohumu sayılan Nəqliyyat nazirinə görə “vurulduğunu” əslində bəyan etdi.

Nələr baş verir?

Belə görünür ki, Z.Məmmədov ən yaxşı müdafiənin hücum olması barədə tövsiyyəni qohumlarına çatdıra bilib. Hücum başladımı? Görünən odur ki, Tənzilə xanım bəyanatında püskürdüyü “od”u tezliklə söndürməyəcək. Görəsən, Ə.Kərimli də danışacaqmı? Yoxsa, sabiq müttəfiqi F.Əliyevin müdafiəsi üçün hazırlatdıqları “Azadlıq”ın xüsusi bülletenlərindən yenidən istifadə edəcək? Bütün hallarda Tənzilə Rüstəmxanlı daha sadiq kişidir demək istəyirəm.

Nicat Sadiq

LEAVE A REPLY