“Nə özümü, nə yaxın ətrafımı, nə də seçicilərlə bir yerdə cəmiyyəti də aldatmaq fikrim yoxdur”
Ramiz Tağıyev:“İndiki şərtlər altında seçkilərə qatılmaq, gülləni boş yerə atmaq anlamına gəlir deyə, bu imitasiya döyüşünə qoşulmaqdan vaz keçdim”
“Bu gün çoxları bunu qəbul etməsələr də, bu düşmənçiliyin əsaslarından biri də, Naxçıvanda cəbhəçilərin Heydər Əliyevə lüzumsuz silahlı basqınından sonra qoyuldu”
Ramiz Tağıyev xüsusi təqdimata ehtiyacı olmayan siyasi xadimlərimizdən, Milli Azadlıq Hərəkatının əfsanə adamlarından biridir. O zamanlarda SSRİ-nin iqtisadi dayaqlarına ciddi zərbələr vuran, ölkənin nəqliyyat sistemini iflic edən Dəmiryol Tətillərinin təşkilində və sonralar “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi tarixə düşən 31 dekabr Sərhəd Hərəkatının baş tutmasında və davamlılığının təmin olunmasında əvəsziz xidmətləri, danılmaz şücaətləri olub. Amma, nə sirri-ilahidirsə, hərəkat dönəminin digər əfsanə adamlarının əksəriyyəti kimi, bu gün Ramiz bəyə də cəmiyyətdə və məxsusən də, çağdaş ictimai-siyasi çevrələrdə münasibət birmənalı deyil. Bir çoxlarınndan fərqli olaraq bir neçə dəfə, uzun vədəli həbs cəzaları ilə qarşılaşıb və ömrünün neçə illərini qazamatlarda keçirməyə məcbur buraxılıb. Amma, bununla belə, o, bu gün də siyasi fəaliyyətdədi və Camımız Azərbaycan Naminə (CAN) Partiyasının sədridir.
Siyasi fəaliyyətində və indiki hakimiyyətə münasibətində ziddiyyətli bir həyat yolu keçmiş Ramiz Tağıyevdən müsahibə almağı çoxdan düşünsəm də, qismət bu günlərə imiş. Bu arada onunla görüşüb, Azərbaycanın çağdaş durumuna CAN-ın pəncərəsindən boylanmağa çalışdım. Nə alındı, necə alındı, buna oxucular əlbəttə müsahibəni oxuyandan sonra qiymət verəcəklər. Amma mənə elə gəlir ki, Ramiz bəydən sorulmalı hesablar da, soruşulmalı suallar da hələ çoxdu və ən yeni tariximizin içində, istiqlal savaşının tamına, eləcə də müstəqil dövlət quruculuğunun ilk illərinə yaxından şahidlik etmiş bu mübariz insanın deyəcəkləri, deməli olduğu çox şeylər var. Təki bir sağlıq, bir də azadlıq olsun, İnşaalah.
Beləcə, növbəti müsahibim CAN sədri və “Millətim” qəzetinin Baş məsləhətçisi Ramiz Tağıyevdir.
Sərdar ƏLİBƏYLİ
– Ramiz bəy, nə var nə yox?
– Sağ olun, yaxşıyam deyə bilmirəm, ona görə ki, indi, cəfasını çox çəkdiyimiz, səfasını da öz əlimizlə başqalarına verdiyimiz millətin halına baxıb köks ötürməkdən savayı əlimizdən heç nə gəlmir. Pis də deyə bilmərəm, ona görə ki, gəncliyimiz millətimizin istiqlal savaşının ən qaynar çağlarında keçdi və hələ də bu mübarizəni davam etdirmək üçün canımızda can var.
– O zaman niyə namizəd olmadınız ki?
– Bu haqda öz mövqeyimi daha öncədən də bildirmişəm. Çünki ölkədə seçki mühitinin olmaması, siyasi fəaliyyət üçün bir sıra məhdudiyyətlərin olması, söz və mətbuat azadlığının, sərbəst toplaşma imkanlarının demək olar ki, ən yaxşı halda imitasiya vəziyyətinə düşürülməsi, siyasi məhbus probleminin həllini tapmaması və sair kimi ciddi məsələləri öncədən müşahidə elədiyim üçün seçkiyə getməmək qərarı verdim. Həm də, ətrafımda olan, mənə dəstək verəcək insanların ümidini növbəti dəfə qırmamaq üçün bu addımı atmadım. Digər tərəfdən də, mən xaraktercə belə insanam ki, gülləni boş yerə atmağı heç sevmirəm və bu, bir zamanlar vuruşduğum siyasi və qaynar cəbhələrdə də, əvvələr qatıldığım seçki mücadilələrində də belə olub. Əslində, indiki şərtlər altında seçkilərə qatılmaq, gülləni boş yerə atmaq anlamına gəlir deyə, bu imitasiya döyüşünə qoşulmaqdan vaz keçdim. Nəticəsi əvvəlcədən bəlli olan oyuna qoşulmaq, ən yaxşı halda özünü aldatmaq deməkdi. Mənim nə özümü, nə yaxın ətrafımı, nə də seçicilərlə bir yerdə cəmiyyəti də aldatmaq fikrim yoxdu.
– Nə olub, yəni doğrudanmı, illərini siyasi qovğaların içində keçirmiş bəzi siyasi elita təmsilçilərinin və o cümlədən də, Ramiz Tağıyevin Elza Seyidcahan qədər gücü yoxdu? Məsələn, Elza hesab edir ki, hər cürə şərait də var, deputat da ola bilər, hələ lap prezident də. Soruşmaq istədiyim odur ki, Elza Seyidcahanın belə gedə bildiyi seçkiyə Ramiz Tağıyev niyə gedə bilmir?
– Açıq deyim ki, illərlə Milli Məclisdə təmsil olunanların tam əksəriyyətinin səviyyəsi Elza Seyidcahan səviyyəsindən heç də üstün olmayıb. Bu müğənni xanım da onların fəaliyyətindən agah olduğu üçün, yaranmış durumdan ilhamlanaraq, fikirləşir ki, niyə mən də deputat olmayım. Çünki inidiyə kimi mövcud olan Milli Məclisin və orda oturan deputatların fəaliyyəti, açıq söyləyək ki, pafoslu çıxışlar etməkdən, nəticəsiz təkliflər ortaya atmaqdan, bir çox hallarda da, analoqu olmayan yaltaq nitqlər söyləməkdən, qəbul olunmuş qərar və qanunların icrasına nəzarət etmək səlahiyyəti olmadan orda oturmaqdan ibarət olub. Bu və digər məsələləri görəndən sonra, əlbəttə Elza xanım da fikirləşib ki, elə millət vəkilliyi belə olur və bundan asan nə var ki? Əslində, o baxımdan məsələyə yanaşsaq, görərik ki, Elza xanımın məclisdə edə biləcəyi çıxışlar, bütün yön və tərəfləri ilə, həm də çox maraqlı ola bilər. Bu baxımdan, niyə də olmasın? Ancaq siyasilərin mövqeyi və parlamentin fəaliyyət formasına baxış bucağı tamam fərqlidir. Siyasilər dedikdə mən, qəlbən vətənə, millətə və dövlətə bağlı olan siyasət adamlarından danışıram. Bizlərin, sözün əsil mənasında millət vəkili olmaq istəyimiz var və təəssüf ki, buna adekvat şərtlər, mühit, zəmin və şərait olmadığına görə, imitasiya ilə məşğul olmaq, həmçinin də, bir qayda olaraq, kütləvi saxtakarlıqlarla müşayiət olunan seçkilərə demokratiklik görüntüsü vermək istəmirik. Əslində, bizim bu seçkilərdən kənarda qalmağımız, bəzilərinin pafosla “boykot” adlandırdığı, reallıqda isə, imitasiyadan ibarət olan özfəaliyyətdən fərqli olaraq, daha çox, yaranmış vəziyyətə, seçki saxtakarlıqlarına qarşı, eləcə də, illərdi ki, həllini gözləyən ciddi problemlərlə bağlı şəxsi etiraz aksiyasıdır. Mən belə hesab edirəm ki, o şərait və normal seçkilərin keçirilməsi üçün müəyyən zəmin olsaydı, indiki iqtidar üçün də bir rahatçılıq olardı. Çünki indi bu iqtidar, özü üçün onsuz da çox ağır olan bir şəraitdə parlamenti də arxasınca sürükləmək zorunda və məcburiyyətindədi. Yəni, iqtiar komandası, bir növ onların da əziyyətini çəkir, ona görə ki, fəaliyyətsiz bir parlament iqtidarın özünün də normal fəaliyyətini əngəlləyən əyləc rolunu oynayır. Çünki orda normal təkliflər verən, yaradıcı mövqeli insanlar, sözün əsil mənasında, ölkəni irəliyə arara biləcək təfəkkür sahibi olan millət vəkilləri olmadıqca, iqtidar bütün bu funksiyaları da üstlənməyin əziyyətini çəkməkdə davam edəcək. Bu fəaliyyətsiz deputatların iqtidara əlavə yük olacağını, iqtidar sahibləri lap başından anlamalı və buna yol verməməliydilər. Bir də, hesab edirəm ki, artıq dördüncü, beşinci dönəmə seçilmək istəyən millət vəkilləri də, bu müddət ərzində onların fəaliyyəti və əldə etdikləri “uğurlar” da göz qabağındadır. Görün vəziyyət nə həddə gəlib ki, 20 ilin ötəsində deputat statusunu daşıyan bir adam çıxıb mətbuata açıqlama verir ki, mən parlamenndə oturmaqdan kayf alıram və ən acınacaqlısı odur ki, bu adam guya hacıdır. Ya da bir başqa hacı deputat media vasitəsi ilə camaata acıq verir ki, 24-25 dəfə həccə gedib. Dediyim kimi, bu təfəkkürə sahib insanların parlamentdə, ölkənin taleyükli məsələlərini həll edəcək bir qurumda nə işləri ola bilər? Hələ mən bu təfəkkürə sahib deputatlarla, ölkə vətəndaşlatının yaşam tərzi arasında yaranan uçurumdan danışmıram. Bunun özü də onu göstərir ki, dəfələrlə deputat seçilən millət vəkillərinin bütün fəaliyyətləri, yalnız özlərinin maraqlarına xidmət göstərib. Bu baxımdan da, mən çox istərdim ki, dəyişikliklər olsun, amma əfsuslar ki, buna nail olmaq mümkün olmadı. Çünki ölkədə seçki ab-havası yaratmaq, siyasi təşkilatların fəaliyyətinə stimul verən proposional sistemin bərpası və sair kimi prinsipial məsələlərin həlli üçün verilən çabalar yetərsiz oldu. Təəssüflə bir daha qeyd edirəm ki, bütün bunlar baş tutmadı və mən də açığı, bütün bunların günahını ölkə iqtidarının üzərinə yıxmaq istəməzdim. Burda elə müxalifətin də kifayət qədər yarıtmazlıqları var. Seçkidən-seçkiyə fəallaşan, millət vəkili olmaq istəyən və bunun üçün də müxtəlif qapıların ağzını kəsdirərək separat danışıqlara gedən müxalifət təmsilçilərini də bu məsələdə qınamaq lazımdır. Çünki ötən 5 il ərzində bir çox şeylərə nail olmaq olardı, hətta dialoqlar səviyyəsində bəzi irəliləyişlərə yol açacaq razılıqlara gəlmək mümkün idi. Bunun əvəzində isə, müxalifətdaxili qovğalar böyüdü, bölünmələrin və parçalanmaların dərinləşməsi davam etdi, müxalifət daxili düşmənçilik ritorikasının daha da radikallaşması, qarşılıqlı təhqir və söyüşlərin artan xətlə davam eləməsi baş verdi və sair. Bir sözlə, müxalifətin parçalanması, cəmiyyətin müqavimət gücünün daha da azalması, sonucda ölkədəki indiki vəziyyəti yaratdı. Bu vəziyyətin ən acınacaqlı nəticələrindən biri də, ölkə vətəndaşının seçkiyə inamının itməsi və ümidinin öməsidir.
– İqtidar və müxalifət haqda dedikləriniz bəlli, amma, məsələn mənim üçün çox maraqlıdır ki, Ramiz Tağıyevin özünün və təşkilatının siyasi spektrdakı yeri hardadı ?
– Təbii ki biz, harda milli hisslərlə, vətənpərvərlik və dövlətçilik hissləri ilə yaşayan insanlar varsa, onların hansı tərəfdə və ya cinahda olmasından asılı olmayaraq, ordayıq. Yəni, sözün əsil mənasında, nə iqtidara, nə də müxalifətə qərəzli mövqe tutmaq, ultimatum dili ilə danışmaq, düşmənçilik toxumu səpmək bizim illərlə apardığımız mübarizəyə və ümumi prinsiplərimizə uyğun gəlmir. Ona görə də biz həqiqətin, haqqın, ədalətin və ədalətli, haqlı olanların yanındayıq. Bu tək mənim deyil, ətrafımızda olan insanların, eləcə də Azərbaycanın sabahını düşünən yurddaşlarımızın mövqeyidir.
– Amma mən bir şeyi də soruşacağam, son yazılarınızın əksəriyyətində mütəmadi olaraq, keçən bir cümlə var: “Bu gün İlham Əliyevin alternativi yoxdur”. Üstünə basa-basa dediyiniz bu fikrin arxasında nə dayanır, bunun izahını verin, niyə yoxdu ki, bəs ölkənin gətirildiyi bu günün məsuliyyəti kimin üzərindədi?
– Gəlin belə qəbul edək ki, əgər mən bir sözü deyirəmsə, deməli o sözümün sahibiyəm. Məni tanıyanlar da yaxşı bilirlər ki, bu iqtidardan nə umacağım var, nə də onların qapısını kəsdirib nəsə umanam. İlk növbədə söhbət ölkənin taleyindən gedir və burada məsələ nə İlham Əliyevin, nə qeyri iqtidar-müxalifət təmsilçilərinin, nə də, tutaq ki, Ramiz Tağıyevin harda, hansı məqamda oturmasından gedir. Yaxşı, ya da pis, amma bu gün bəlli bir iqtidar komandası var. Və təbii ki, mən heç də o fikirdə deyiləm ki, bu iqtidarın komandasında yer alanların hamısı bu millətin düşmənidir, hamısı rüşvətxor və korrupsionerdir, filandır. Heç şübhəsiz ki, orda rüşvətə və korrupsiyaya qurşanmışlar üstünlük təşkil edirlər. Ancaq o sırada, dəyərli insanlar, təcrübəli dövlət xadimləri, idarəçiliyi bilən komanda üzvləri də var. Digər bir tərəfdən də, bu gün İlham Əliyevi alternativsiz görməyimin bir səbəbi də odur ki, o, istər müxalifətdə olan, istərsə də hakim komandada olan bir çoxlarından daha çevik, daha hərəkətli siyasətçi təsiri bağışlayır, tez-tez regionlara səfərlər edir, kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu gün ölkədə onun adı ilə bağlı olan quruculuq işləri gedir və sair. Doğrudur, bu quruculuq işləri də, müxtəlif təyinatlı səfərlər-filan da, bütövlükdə kosmetik xarakter daşıyır və daha çox kənardan görüntülərə hesablanıb. Bütün bunların əvəzində, xalqın sosial problemlərinin, müxtəlif təbəqələrin və əhalinin aztəminatlı kəsimlərinin yaşayış səviyyəsinin, sosial-rifah halının yüksəldilməsinə daha çox diqqət yetirmək olardı və lazım idi. Ancaq olanlar artıq olub və görülmüş işlərin hamısı da bu ölkəyə, bu xalqa, bu millətə qalacaq. Digər tərəfdən, mən bir şeyi də açıq deyim ki, İlham Əliyev, digərlərinə nisbətən, bir az qətiyyətli adamdır, bir sıra ölkələrin rəhbərləri kimi, boyük dövlətlərin başçıları qarşısında marionetkaya çevrilməməyi bacara bilir.
– Yəni, ərköyündü demək istəyirsiniz?
– Yox, mənim dediklərimi belə qəbul etməyin, məsələni bu cür qoymağın özü yanlışdı.
– Mən deyilənlərdən öz anladığımı dedim, Siz davam edin…
– Hər halda, qəbul etmək lazımdır ki, bu insanda bir çox üstün cəhətlər var ki, bu gün ortada olan müxalifət liderlərində ya görünmür, ya da yoxdur. Məsələn, indi ortalıqda olan istənilən müxalifət liderlərindən soruşsanız ki, son 10-12 ildə ölkənin hansı bölgələrində olub, yerli əhali bir yana qalsın, öz tərəfdarları ilə bircə dəfə görüş keçiriblər, cavab çox məyusedici olacaq. Bunlar deyirlər ki, bizi bölgələrə buraxmırlar. Necə yəni buraxmırlar, mən bunu qəbul edə bilmirəm. Sərnişin qatarına minib hansısa ucqar, ya da ətraf rayonlardan birinə getsən, kim sənin qabağını kəsib deyəcək ki, sən hara və niyə gedirsən?
– Amma kəsirlər də, deyirlər də ki, ya geriyə qayıdın, ya da nə bilim nə? Bir müddət öncə Müsavat başqanının Lənkəran yolunda qarşılaşdığı biabırçılıqlardan xəbəriniz olmadı ki?
– Sadəcə olaraq, bunlar bir dəfə bu cür qabaqkəsmə ilə qarşılaşıb, müqvimətə rast gələndən sonra, çəkilib oturublar və bu məsələni də əllərində bayraq ediblər.
– İlan vuran ala çatıdan qorxmalı deyilmi ?
– Qorxmamalıdır. Axı, belə şeylər dünyanın hər yerində var. Yəni müəyyən qədər, hakimiyyətdə olan hər kəs çalışır ki, müxalifətin rahatlığını mümkün qədər pozsun ki, özü rahat olsun. Hətta, ən demokratik ölkələrdə də bu cür hallara təsadüf edilir.
– Bir az bizim telekanalların aparıcıları kimi danışdınız, ona görə də icazə verin bu yerdə Sizə azca opponentlik eləyim. Axı, biz, İlham Əliyevin niyə alternativsiz olduğundan danışırıq. Mən də deyirəm ki İlham Əliyevə də, onun, haqqında danışdığınız komandasına da alternativlər var və belələrinin sayı artıq on minlərlə ölçülür. Dünyanın ən qabaqcıl ali məktəblərində təhsil alan, Avropanın, Qərbin bir çox demokratik olkələrini gəzib görən on minlərlə kadrlar indi haakimiyyət koridorlarına yaxın buraxılmır. Amma nədənsə, bu haqda söz düşən kimi hamı 3-5 nəfər müxalifət liderlərini ortaya gətirir. O da harda yazılıb ki, bu ölkədə prezident, nazir, komitə sədri və ya icra başçısı, şəhər meri və sair olmaq üçün mütləq müxalifət lideri olmaq lazımdır?
– Gəlin məsələyə bir az obyektiv yanaşaq. Bu ölkədə iqtidar-müxalifət düşmənçiliyi bu günün, dünənin məsələsi deyil və bu düşmənçilik toxumları illər öncədən səpilib. Yəni, zamanında, mənim də içində yer aldığım AXC-Müsavat hakimiyyəti dövründə də belə şeylər var idi. Açıq deyirəm ki, mən bir rayon rəhbəri kimi hansısa kəndə gedib, əvvəldən vəzifədə olan kommunistlə oturub söhbət eləndə, çay içəndə, rayona qayıdıb görürdüm ki, cəbhəçilər danışıllar ki, filankəslə çay içib …
– “Ramiz Tağıyev satılıb”yəni?
– Bəli, elə də deyirdilər ki, niyə kommunistlə çay süfrəsinə oturubsan. Yəni belə yaramaz və yarıtmaz ənənələr o vaxtdan qoyuldu və pis bir presedent kimi indinin özündə də davam edir. Ən acınacaqlısı isə odur ki, bu presedenti sonralar dərinləşdirdilər və düşmənçilik ənənəsi cəmiyyətin bütün təbəqələtinə sirayət edərək şaxələndi və böyüdü. Bu gün çoxları bunu qəbul etməsələr də, bu düşmənçiliyin əsaslarından biri də, Naxçıvanda cəbhəçilərin Heydər Əliyevə lüzumsuz silahlı basqınından sonra qoyuldu. Mən hələ o zaman bəyanat verib dedim ki, biz bu addıma getməklə, çox pis bir ənənənin başlanğıcını qoyduq. Amma bu gün biz qışqır-bağır salır, bizə qarşı edilən o cür hərəkətlərə etiraz edirik. Məna və mahiyyətcə bir-birinin eyni olan hərəkətləri etmək, dünən demoratik bir addım, bu gün isə duktatura əlaməti sayıla bilməz axı. Mən əlbəttə ki, münasibətlərin bu səpkidə davam etməsini istəməzdim. Amma mənim iqtidar təmsilçiləri ilə, hakimiyyətə yaxın siyasətçilərlə görüşmək imkanlarım məhduddur, daha doğrusu onlarla görüşmək, öz fikirlərimi və təkliflərimi çatdırmaq imkanlarım yoxdur. Heç, bu biri yanda, özlərini gah küsəyən, gah da ərköyün uşaqlar kimi aparan müxalifətlə də görüşüb, normal danışmaq imkanlarım da çox məhduddur. Bunlar da özlərindən o qədər razıdılar ki. Ətraflarında vur-tut üç-beş adamları var, ya yoxdu, amma özlərini dahi şəxsiyyət, əvəzolunmaz lider sayırlar. Belə bir vəziyyətdə, ölkədə barış əhval-ruhiyyəsi, normal siyasi ab-hava yaratmaq üçün lazım olan təklifləri vermək imkanlarım yoxdu.
– Ramiz bəy, dediyiniz bu vəziyyətdə ölkəni idarə edən şəxsin də müəyyən çabalarda bulunması lazımdı məncə. Amma 13 illik prezidentliyi dövründə İlham Əliyev bu yöndə heç bir addım atmayıb. Siz də israrla deyirsiniz ki, onun alternativi yoxdur. Bu isə o deməkdir ki, cəmiyyəti də, elə bayaqdan dediyiniz kimi, sizi də narahat edən iqtidar-müxalifət düşmənçiliyi də alternativsiz davam edəcək. Oysa, alternativlər barəsində düşünmənin zamanı gəlməyibmi?
Davamı var