Maye sabun istifadə edənlərə XƏBƏRDARLIQ: “Dərini qurudur…”

0
4
Artıq məişətdə qatı sabunların əvəzinə maye sabunlardan istifadə edirik. Onların gözəl qoxusu, cəlbedici qablara yerləşdirilməsi, diqqətçəkən parlaq rənglərdə olması alıcılarda onları alma meylini bir az daha gücləndirir.

“Bərk sabundan istifadə edirsiniz, yoxsa maye sabundan?” sualı verdiyimiz respondentlərin də əksəriyyəti maye sabundan daha çox istifadə etdiklərini deyiblər. Onlar bu seçimi maye sabunların qablarda olması və buna görə daha gigiyenik olması ilə izah ediblər.

Bəs görəsən maye sabunlardan doğrudanmı bu qədər geniş şəkildə istifadə etmək lazımdır? Onların tərkibi nədən hazırlanır? Dəriyə hər hansı bir zərəri varmı?

Ailem.az-ın suallarını cavablandıran dermatoloq Firayə Məmmədova maye sabunlardan mümkün qədər az istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, xüsusilə kontak dermatiti olanlar və uşaqlar bu vasitədən istifadə etməməlidir: “Qış aylarında maye sabundan istifadə dəridə müəyyən problemlərə səbəb olur. Çünki qış aylarında dəri qurumağa meylli olur, maye sabundan istifadə də bu quruluğu daha da artır”.

F.Məmmədova söyləyir ki, məcburiyyət qarşısında qalaraq maye sabunlardan istifadə etdikdə də qurulamadan sonra əllərə nəmləndirici kremlər çəkmək lazımdır ki, dərinin quruluğu daha da artmasın: “Maye sabunlara nəzərən bərk sabunların istifadəsi daha məsləhətlidir. Çünki alışdığımız bərk sabunlardan fərqli olaraq, maye sabunların tərkibinin kontrastını dəyişmək üçün daha çox kimyəvi maddələr qatılır. Amma bərk sabunların da tərkibində yağlılıq dərəcəsi yüksək olmalıdır. Yaxşı olar ki, məsələn, zeytun yağlı, arqan yağlı sabunlara üstünlük verilsin”.