“Vəzifələrindən azad ediləcəklər” – Məktəb direktorlarına sərt xəbərdarlıq
Xırdalan şəhərindəki məktəblər xəbərdarlığı eşitmir!
Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, “Müəllimlər günü”nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.
C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: “Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.
C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.
Qeyd edək ki, sərt xəbərdarlıqlara baxmayaraq, artıq bəzi məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığımı başlayıb. Xırdalan səhərində yerləşən 5 nömrəli məktəbdə hər şagirddən 20 manat pul yığılması ilə bağlı redaksiyamıza valideynlərdən bir neçə şikayət də daxil olub. Yəqin ki, Təhsil Nazirliyi məsələni diqqətə götürəcək.