“İnanıram ki, heç İlham Əliyevin bu şeylərdən xəbəri yoxdu”

0
20

“İnanıram ki, heç İlham Əliyevin bu şeylərdən xəbəri yoxdu”

Qurban Məmmədov:“Gərək lazım olduğu yerdə haqqı da deməyi bacaraq”

“Cənab prezidentdən xahiş edərdim ki, doğum günü münasibətilə Azərbaycan məhkəmələrindən, reystr xidmətindən və ölkənin digər önəmli struktur və orqanlarından rüşvətin yığışdırılması barəsində sərəncam versin”

III hissə

Qurban Məmmədovla bundan əvvəlki müsahibəni alanda, heç ağlımıza da gəlməzdi ki, qarşıda xeyli zamanımızı sadəcə yeyəcək, bitirəcək həbs olunmaq və həbsxana həyatı yaşamaq var. Əslində nə həbs olunma, nə də həbsxana həyatı elə ikimiz üçün də yenilik deyildi, bununla belə, kim nə deyir desin, qazamatda yaşamaq o qədər asan və sadə bir iş deyil. Hələ adamın özündən çox düşünməli olduğu ailə, qohum-əqrəba və yaxın-uzaq dostlar da var ki, onlara verdiyin əzab-əziyyətlərin mənəvi ağrıları qazamatın özündən də ağır gəlir adama. Bunları elə-belə sözgəlişi dedim…
Ötən müsahibədə Qurban bəydən ritorikasının nədən bu qədər sərt və amansız olduğunu soruşmuşdum. Amma adam heç dəyişməyib ki. Elə Qurban da o Qurbandı, ritorika da o zamankı qədər sərt və amansızdı. Nədən belə düşündüyümü indi sizə təqdim etdiyim bu müsahibədə görə biləcəksiniz.
Beləliklə, bu dəfəki müsahibim Qurban Məmmədovdu, sadəcə Qurban Məmmədov və bir də Sərdar Əlibəylinin dostluğundan qürur və şərəf duyduğu Qurban Məmmədov.
Sərdar ƏLİBƏYLİ

– Bəs sübut nə olmalıdı ki?

– Adamın əməli, yəni, nəyə qulluq eləyirsə, elə odu. Hətta adamın əməli də yox, o əməlin nəticəsidi sübut. Hər hansı bir şəxs, elə bir əməl törədə bilər ki, ilk baxışdan hakimiyyətin adamı olduğu təəssüratı yaransın. Amma o əməlin nəticəsi başqa şey də ola bilər. Məsələn, kənardan baxıb görürsən ki, iki uşaq beşmərtəbəli evin yanında durub harasa daş atırlar. Biz bu daşların hara atıldığını bilmirik və ilk baxışdan bizə elə gəlir ki, uşaqların ikisi də dəcəllik, hətta tərbiyəsizlik edirlər. Yaxınlaşanda görürük ki, uşaqlardan biri daş atır ki, qarı nənənin pəncərəsini sındırsın, o biri isə qonşunun uşağına hücum edən iti qovmaq istəyir. Yəni əməl eyni əməldi, hər iki uşaq daş atır, amma bunun biri tərbiyəsizlik edərək qonşunun şüşəsini sındırmaq, o biri isə başqa bir qonşunun uşağını quduz itdən qorumaq istəyir. Bu baxımdan, hər hansı şəxsin agent, yaxud da hakimiyyətin adamı olduğunu sübut eləmək üçün onun elədiyi əməllərin nəticəsinə baxmaq lazımdır. Yəni bu əməl kimə və necə xidmət elədi. Məsələyə bu yöndən baxsaq, indi Azərbaycan hökumətinin apardığı siyasət, bütünlüklə erməni xalqına və Ermənistan dövlətinə xeyir gətirir. Nəticədə isə, mənim millətimi simasızlaşdırır, alçaldır, şərəfsiz eləyir, qızını-qadınını fahişə, kişilərini xoşqeyrət eləyib, ordusunda, məhkəməsində, eləcə də bütün inzibati sistemdə rüşvəti yayır, dövləti zəiflədir, xalqın öz dövlətinə və ordusuna olan inamını sarsıdır. Mən də bu baxımdan soruşuram ki, belə bir siyasət kimə xeyir verir, kimə xidmət eləyir. Cavab birmənalıdı, erməniyə və Ermənistan dövlətinə.

– Qurban bəy, İlham Əliyevin ad günü nə vaxtdı, yəni, hansı ayın neçəsidi?

– Mən nə bilim nə vaxtı onun ad günü. Mənim öz ad günüm 2 apreldədi və 1992-ci ildən ad günü keçirtmirəm, həmin gün Kəlbəcər işğal olunub. Həyat yoldaşımın isə ad günü 26 fevraldadı, o da Xocalı soyqırımı ilə eyni günə düşdüyü üçün ailəlikcə onun da ad gününü keçirtməməyə qərar vermişik. Onun da ad gününü qeyd etmirik.

– Biz həbsxanada sizinlə bir yerdə olmuşuq və ictimai-siyasi anlam daşıyan bütün hərəkətlərə də birgə qərar vermişik. Deyirəm bəlkə mən nəyisə unutmuşam, ona görə bir daha dəqiqləşdirmək istədim. Dünən Razi Nurullayevin tərəfdarı olan bir xanım mənə yazmışdı ki, Sərdar bəy, siz təmiz müxalifətçi olsaydınız, həbsxanada olarkən ölkə başçısının ad gününü təbrik eləməzdiniz.

– Belə bir şeyin olduğunu mən də xatırlamıram, ancaq onu da deyim ki, şəxsən mən dəqiq tarixini bilsəm, onu təbrik edərdim, çünki İlham Əliyevi təbrik eləmək ayıb deyil. Hətta onun ad günü bu günlərdədisə, cənab prezidentdən xahiş edərdim ki, doğum günü münasibətilə Azərbaycan məhkəmələrindən, reystr xidmətindən və ölkənin digər önəmli struktur və orqanlarından rüşvətin yığışdırılması barəsində sərəncam versin.

– Qurban bəy, çox bədbin bir panarama cızdınız, bəs bu məmləkətin axırı nə olacaq?

– Onu da sizə deyim ki, vəziyyətimiz o qədər də ümidsiz deyil. Doğrudur, indi bizdə belə bir fikir yaranıb ki, bu hakimiyyət nə dəyişən, nə də düzələn deyil. Əslində, bu belə deyil və biz gərək lazım olduğu yerdə haqqı da deməyi bacaraq. Mən keçən həftə Asan Xidmətdə oldum. Bir dəfə Xətai rayonunda, bu günlərdə də Sabirabadda bu xidmətdən istifadə etmək zərurəti yarandı. Mən hər iki gedişimdə, orda elə bir səhnə, elə bir ovqat görmüşəm ki, burdan iki nəticə çıxartmaq olar. Birincisi, bizim öz xalqımız haqqında təsəvvürlərimiz kökündən yanlış imiş. Uzun müddətdi ki, bizə təlqin eləyirlər ki, bu xalq demokratiyaya hazır deyil, geridə qalıb, rüşvətə meyillidi və s. On görə də bu millətin ancaq belinə minmək, onu əzmək, döymək, öldürmək lazımdı daha nə bilim nələr. Bir sözlə, bizə xalqımızın yaramaz bir xalq olduğunu qəbul etdirməyə çalışıblar. Amma bu qətiyyən belə deyil. Asan Xidmətdə çalışan o gül balalarımız sübut edirlər ki, bu xalq çox ləyaqətli, çox namuslu, təmiz, işləməyə və halal yaşamağa meyilli xalqdı. Bax həmin cavan uşaqlar sırf əmək haqqına işləyirlər. Ikinci tərəfdən çıxarılan nəticə isə, hakimiyyətlə bağlıdı. Asan Xidmət göstərir və sübut edir ki, bu rejim istəsə, elə gözəl işləyər, elə gözəl islahatlar aparar ki, nəinki regionun, hətta dünyanın da bizə münasibəti 180 dərəcə dəyişər və bu dövlət gerçəkdən də nümunəvi dövlətə çevrilər. Asan Xidmətin fəaliyyəti göz qabağındadı və deməli, bunu eləmək mümkün imiş. O baxımdan, mənim ümidlərim var ki, Azərbaycan xalqı bir balaca fəallaşsa və ortalığa bir azca iradə və güc qoysa, bu hakimiyyəti məcbur etmək olar ki, hər yeri asanlaşdırsın, təkcə Asan Xidməti yox.

– Amma məsələ Rəhim Qazıyevin evinin, Cəmil Həsənlinin bağının, Qurban Məmmədovun qızının Bakı ətrafındakı vur-tut 2 sot torpağının özəlləşməsinə gələndə, Asan Xidmət də çətinləşir, ya da belə deyək ki, çətinə düşür.

– İstər Rəhim bəyə, istərsə də sadaladığınız və sadalamadığınız digər şəxslərə qarşı yol verilən hərəkətlərə gəlincə, deməliyəm ki, mən bunu nə Heydər Əliyevin ruhuna, nə də indiki prezidentimiz hörmətli cənab İlham Əliyevin şəxsiyyətinə yaraşdırmıram. Və inanıram ki, heç İlham Əliyevin bu şeylərdən xəbəri yoxdu. Yəni bu ola bilməz ki, İlham Əliyev kiməsə Rəhim Qazıyevin evinin özəlləşməsinə mane olmaq göstərişi versin. Sadəcə bəzi adamlar var ki, bununla guya İlham Əliyevə xidmət elədiklərini düşünürlər. Amma əksinə prezidentə ən böyük ziyanı vuranlar da elə onlardır. Yəni, İlham Əliyevin işi-gücü qurtarıb və o günə qalıb ki, Rəhim Qazıyevin 9-cu mərtəbədəki sovetdən qalma polu-pataloku dağılmış evin özəlləşdirilməsinə mane olsun? Yox, sadəcə Kərəm Həsənovun idarəsində bir gədə var və o öz aləmində belə düşünür ki, əgər Rəhim Qazıyevə qarşı bu miskin addımı atsa, kimsə ona “molodes sobak” deyib mükafatdırar. Bu ölkədə çox məmurlar var ki, o cür fəlsəfə ilə yaşayırlar. Yəni, doğrudanmı, artıq dediyim kimi, İlham Əliyevin işi-gücü qurtarıb, durub Qurban Məmmədovun qızının Xocasəndəki iki sot torpağın verilməsi barəsindəki məhkəmə qətnaməsinin icra olunmamasına əmr versin. Bütün bunları eləyən Kərəm Həsənovdu və onun idarəsində oturan bəzi gədələrdi. Eləcə də, Cəmil müəllimin bağ evində yaradılan problemlərin də eyni qəbildən olduğunu düşünürəm. Bütün bu məsələlər ümumiyyətlə mövcud rejimin müxalif düşüncə sahibi olan insanlara qarşı olan münasibətindən qaynaqlanır. Indi biz burda üç nəfər haqqında danışırıq, amma gedib araşdırsanız, görəcəksiniz ki, ölkənin gerçək müxalifət düşərgəsində təmsil olunan yüzlərlə, minlərlə insanlara bu cür münasibət var, özü də təkcə məsələ evlə, torpaqla, bağla əlaqədar olan sahələrdə deyil, mümkün olan bütün sahələrdə vəziyyət bu cürdü. O şəxslərin hamısının da tək günahı bu rejimin zehniyyətini qəbul etməmələri və fərqli düşünmələridi. Haqqında danışdığımız bu üç məsələ ilə bağlı bütün məsuliyyət Kərəm Həsənovun və onun idarəsinin üzərindədi. Bir gün gələcək Azərbaycanda normal hökumət qurulanda, məhkəmələr və istintaq orqanları İlham Əliyevdən yox, həmin o Kərəm Həsənovun yaxasından tutub soruşacaqlar ki, o vaxt bu qanunları niyə belə kobudcasına pozmusunuz? Həmin vaxt o, durub deyə bilməyəcək ki, mənə bu haqda İlham Əliyev, yaxud da bir başqası göstəriş vermişdi. O günün çox da uzaqda olmadığına mən özüm də inanıram və bütün vətəndaşlarımızı da buna inanmağa çağırıram. Onu da bildirmək istəyirəm ki, Rəhim Qazıyevə və digərlərinə qarşı bu hərəkətlər, rejimin növbəti dəfə ifşasıdı və bu rejimin başında duranların üzərində əlavə bir ləkədi. Əlbəttə ki, bütün bunlar da arzu olunan məsələlər deyil və “ziyanın harasından qayıtsan, xeyirdi” misalı bütün məmurlara və dövlət qulluğunda olan şəxslərə üzümü tutaraq, “hələ ki gec deyil bu yoldan dönün” deməyi də özümə borc bilirəm.

SON

LEAVE A REPLY