Gündən-günə gözəlləşən Naxçıvan, yaxud gerçəkdən də Nəqşicahan…
İldə bir dəfə, bir neçə həftəliyə olsa da Bakının səs-küylü küçələrindən, çirkli və nəmli, yapışqan havasından, xlor qoxan suyundan və daha nə bilim nələrindən baş götürüb nəfəs ala bilmək, dincəlmək üçün doğma torpağa-Naxçıvanımıza üz tuturam. Hər yeni gəlişimdə də Muxtar Respublikamızın aparılan abadlaşdırma işləri nəticəsində daha da gözəlləşdiyini görürəm və sevincim ikiyə qatlanır. Doğrusunu söyləsəm Sovət hökuməti dağıldıqdan sonra baxımsızlıqdan o vaxta kimi dövlət təsərrüfatının malı olmuş bağ-bağatların necə quruyub getdiyini xatırlayır, birdən nə vaxtsa indi yol kənarlarına salınan və ümumi sahəsi min hektarlarla ölçülən meyvə bağları da nə vaxtsa quruyub gedər deyə düşünür, daha indidən heyfslənirəm.
Ancaq Naxçıvandakı bu nizam-intizam, bu qayda-qanun davam etdyi müddətdə damla sulama sistemi ilə əkilmiş ucsuz bucaqsız ərik, şaftalı, qoz və sair bağların yamyaşıl olaraq qalacağı şübhəsizdir.
Doğma Naxçıvanımızda sadəcə bağ-bağat deyil, iqtisadiyyatiyatın və sosial həyatın bütün sahələrində sürətli inkişafa şahid olmaq mümkündür. Bu sürətli sosial-iqtisadi inkişaf da əlbəttə ki, bir günün əsəri, bir olayın sonucu deyildir. Muxtar Respublika ərazisində aparılan ön hazırlıqlar və altyapı çalışmaları nəticəsində öncəliklə avtomobil yolları dünya standartlarında təmir olunmuş, daha sonra isə bütün respublika ən ucqar yaşayış məntəqələrinədək qazlaşdırılmış, habelə Naxçıvan şəhərinin yaxınlığında tikilən modul tipli elektrik stansiyası sayəsində artıq Muxtar Respublika nəinki elektrik enerjisi idxal edən bölgə durumundan çıxmış, hətta bu enerjini ixrac edən bölgə durumuna keçmişdir. Ayrıca Muxtar Respublikanın ən mərkəzindən ən ucqarlarınadək bütün təhsil müəssisələri, sağlamlıq ocaqları sökülərək yeni, daha müasir standartlarda yeniləri tikilmiş, kəndlərdə istifadəyə verilən kənd mərkəzlərində əhalinin istifadəsi üçün hər cür şərait yaradılmışdır.
Ağır sənayedən yüngül sənayeyə, yeyinti sənayesində, xidmət sahələrində həm kəmiyyət, həm də keyfiyyət sürətlə artmaqdadır. Bu gün sadəcə Muxtar Respublikamızın deyil, bütün Azərbaycanımızın küçələrini Naxçıvan şəhərində istehsal olunan NAZ markalı minik avtomiobillərinin müxtəlif modelləri bəzəməkdədir. Ayrıca ali məclis sədrinin xüsusi qayğı və diqqət nəticəsində Muxtar Respublika ərazisində inşa edilərək fəaliyyətə başlayan sement zavodu, kərpic zavodu, gəc zavodları, dam örtükləri zavodu və sair inşaat materialları istehsal edən zavodlarının məhsulları həm daxili, həm də xarici bazarlarda digər ölkələrin malları ilə müvəfəqiyyətlə rəqabət edə bilməkdə, istehlakçıların rəğbətini qazanmaqdadır.
Bütün bunlardan əlavə yeyinti sənayəsində də böyük addımlar atılmışdır. Belə ki, Muxtar Respublika ərazisində açılan saysız- hesabsız çörək zavodları sayəsində sadəcə yeni iş yerləri açılmamışdır, həm də sadəcə Naxçıvan bölgəsi üçün spesifik olan qazma təndirlərdə çörək bişirmək məcburiyyətində qalan xanımların bu dərddən canları həmişəlik qurtarmışdır. Ayrıca çoxsaylı konserv, limonad və digər içki fabrikləri ilə yanaşı sirab və badamlı kimi markaların sadəcə daxili bazara deyil, beynəlxalq bazarlara çıxarıla bilmələri üçün mühüm addımıar atılmaqdadır.
Yeri gəlmişkən, bir az da bölgənin mədən sənayəsindən danışaq. Hələ Sovet dönəmindən işləyən Parağaçay molibden mədəni, Duzdağ duz mədənləri və Şahtaxtı mərmər yataqlarından əlavə indiyədək istifadəsi kimsənin ağlına gəlməmiş Dizə sal yataqları artıq neçə illərdir ki, istifadəyə verilmişdir. Belə ki, buradan çıxarılan sal daşlar həm Muxtar Rəspublika ərazisində müxtəlif obyektlərin həyətlərini bəzəməkdə, həm də tikintinin digər müxtəlif sahələrində istifadə edilməkdədir. Ayrıca yenicə kəşf olunmuş Ərəzin mərmər yatağı və Güznüt yeraltı su ehtiyatları da bu yaxınlarda istifadəyə veriləcəkdir ki, bu da özlüyündə həm muxtar respublikamızın büdcəsinə təsir etməklə bərabər, həm də açılacaq yeni iş yerləri sayəsində yüzlərcə insan işlə təmin olunacaq, evinə, ailəsinə çörək apara biləcəkdir.
Biraz da Muxtar Respublikamızın sürətlə inkişaf edən xidmət sektoruna nəzər salaq. Bu sahədə də Naxçıvanın inkişaf tempinə görə Azərbaycanımızın digər bölgələrini qabaqlamaqdadır. İstər beş ulduzlu otellər, istərsə müalicə mərkəzləri, beynəlxalq əhəmiyyətli Duzdağ sanatoriyası və digər kurortlarla yanaşı qədim tarixi abidələr də əslinə uyğun təmir edilərək yerli və xarici turistlərin istifadəsinə verilməkdədir. Xüsusən bu abidələrdən birini ziyarət edərək gördüyüm mənzərə qarşısında sözün əsil mənasında heyrətlər içində qaldım. İndi bu tarixi abidə barədə təəssüratlarımı siz əziz oxucularımla paylaşmaq istəyirəm.
Hələ erkən orta əsrlərdə o dönəm üçün əhəmiyyətlii karvan yollarının üzərində tikilmiş Əlincə qalası strateji cəhətdən olduqca əhəmiyyətli mövqedə yerləşirdi. Belə ki, bu qala yüksək bir dağın üzərində, əlincə çayının sol sahilində yerləşirdi və dağın sıldırım yamacları mühavizə divarı olmadan belə onun üstündə toplaşan insanlar tərəfindən uzun müddət mühavizə oluna bilməsinə imkan yaradırdı. Bütün bunlardan əlavə yerdən yüzlərcə metr yüksəklikdə yerləşən qala divarlarını o dönəmin divar deşməkdə istifadə olunan mancanaq və sair kimi alətlərindən atılan daşların çatmasının mümkün olmadığı halda, qalada dayanan döyüşçülər ətraf ərazilərin açıqlığından istifadə edərək əllərinin içi kimi görə bildikləri ərazidə düşməni asanlıqla vurub öldürə və yaxud yaralaya bilərdilər. Bütün bunlardan əlavə qalada qayaların içərisində oyulmuş irili-xırdalı on yeddi ədəd hovuza qalanın digər ərazilərindən daş novlarla axıdılan yağıntı sularının toplanması nəticəsində burada gizlənən insanlar və eləcə də əsgərlər uzun müddət içməli su ilə təmin olunur. Heç bir korluq çəkmirdilər. Elə tarixin yetişdirdiyi ən böyük sərkərdələrdən olan Topal Teymura da on dörd il keçid verməyən, ən ağır şərtlərdə belə mühasirəyə dözərək təslim olmayan qalanın təslim olma ehtimalları arasında quraq keçən iki-üç ildən sonra su ehtiyatının bitməsi və düşmən əsgərlərinin gecə-gündüz arası kəsilməyən hücumlarına davam gətirən qaladakı insanların susuzluq qarşısında tab gətirməyərək təslim olduğu ehtimal olunmaqdadır.
Üç il öncədən başlayaraq Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri Vasif Talıbov cənablarının şəxsi təşəbbüsü ilə 1401-ci ildə Əmir Teymura təslim olduqdan sonra dağıdılan və yüzillərdir ki, baxımsız halda qalan qalanın təmir-bərpa işlərinə başlanmışdır. İlkin mərhələdə alimlərlə müştərək işləyən Culfa Yol İdarəsi və Babək tikinti tresti ilə birlikdə çalışmalar aparmışlardır. Qazıntı və toz-torpaq kütləsinin təmizlənməsi zamanı ortaya çıxarılan nadir tarixi eksponatlar sırasında hələ də paslanmayan, sanki indicə dəmirçi əlindən çıxıbmış kimi duran ox ucluqlarından tutmuş əl dəyirmanlarına, daş həvəng dəstələrdən tutmuş mayeləri saxlamaq üçün istifadə olunan saxsı qablara, çıraqlara və hələ də nə üçün istifadə edildikləri bilinməyən müxtəlif daş alətlərədək sayısız eksponatlar üzə çıxarılmışdır.
Qalanı ziyarət edərkən iş icraçılarından ramin müəllim və Bahadır müəllimlə, habelə ustalardan Əliyəv İsa ilə görüşüb söhbətləşmə imkanım oldu. Burada xüsusilə onların mənə, və mənim simamda qəzetimizə göstərdikləri hörmətə və qonaqpərvərliyə görə oxucularımız önündə onlara təşəkkür etməyi özümə borc bilirəm. Onlardan öyrəndiyim bilgilərə görə üç ildir ki, davam edən təmir-bərpa işlərində hər il bir növbə olmaqla ortalama iki yüz nəfərə yaxın insan çalışmaqdadır.
Ərazinin mürəkkəbliyi və sərtliyi ucbatından burada hər hansı texnikadan istifadə etmək mümkün deyildir. Ona görə də tikintidə hovuzlara toplanan yağıntı sularından yararlanılır, daşlar adambaşına gündəlik norma altı ədəd olmaqla fəhlələr tərəfindən qaldırılır, qum və sementin qalaya qaldırılması üçün isə on altı baş atdan istifadə olunur. Ayrıca işıqlandırma və qaynaq işləri üçün dağın ətəklərinə yerləşdirilmiş transformatorun təmin etdiyi enerjidən istifadə olunur.
Üç illik gərgin əmək fəaliyyəti nəticəsində qalanın ətəklərindən başınadək iki min pilləli nərdivan tikilmiş,nərdivanın ayağından başınadək olan məsafədə üç mühavizə məntəqəsi yaradılmışdır. Elə bu pillələrin başlanğıcındaca XIV əsr üslubunda yeni muzey inşa olunmuşdur. Qalanın daxilində isə köhnə qala divarlarından tutmuş müxtəlif təyinatlı tikililərədək yarıuçuq halda yüzillərin keşməkeşinə sinə gərən, şahidlik edən divarları bərpa olunmuşdur. Bu ilin sonunadək qala-muzeydə aparılan tikinti, təmir işlərinin tam başa çatdırılaraq turistlərin ziyarəti üçün istifadəyə verilməsi planlaşdırılmaqdadır.
Əlincə qalasında aparılan təmir, bərpa işlərii dəfələrcə yerindəcə tanış olan, baş çəkərək nəzarət altında saxlayan ali məclisin sədri cənab V.Talıbov və tikinti naziri Asəf müəllim dövlət əhəmiyyətli bu tarixi abidəyə təmir bərpa işlərinin keyfiyyətinə nə qədər önəm verdiklərini sübut etməkdədirlər.
Ayrıca gələcəkdə Əlincə çayının sol sahilində yerləşən Xanəgah tarixi abidə kompleksi ilə Əlincə qalasının kanatla birləşdirilməsi, həmçinin müzeyin yaxınlığında turistlərin istifadəsi üçün çay evi, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi planlaşdırılmaqdadır. Bütün bunlardan əlavə üç-dörd kilometr aralıdan çəkilən su kəmərindən yararlanılaraq damcı sulama sistemi qurulmuş və dağın ətəklərində meyvə bağı salınaraq, ərazinin yaşıllıq və daha mənzərəli görünməsi üçün tədbirlər görülməkdədir.
Getmək imkanı olan hər kəsə bu tarixi abidəni yerindəcə ziyarət etməyi, atalarımızın qurub yaratdığı möhtəşəm əsərlərlə tanış olmağı tövsiyə edirəm. İnanıram ki, bu gün belə Əlincə qalasının əzəməti və mükəmməlliyi qarşısında heyran qalacaq, yüz illər öncə inşa olunmuş bu möhtəşəm qalanı sonrakı nəsillərə iftixarla anladacaqsınız.
Zaur Muradxanlı