Sərdar ƏLİBƏYLİ
“YENƏ HƏMİN ŞİFRƏ, YENƏ HƏMİN KOORDİNAT”
YAXUD,
“KQB ÖLDÜ, YAŞASIN KQB”
Demişdim ya, bu məsələ deyəsən çox böyüdü axı. “Yorulan atları güllələyirlər” misalı, Heydər Əliyevin qoruyucu “mələkləri” Zahid Orucu yarıyolda buraxıb, meydana növbəti atlarını sürdülər. Indi də Eldar Sabiroğlu sısqa çiyinlərinin qaldıra bilməyəcəyi ağır bir missiyanın altına girib və Heydər Əliyevi qocaman professor Şirməmməd Hüseynovdan qorumağa qalxıb. Əslində bu binəvaların həll etməyə qol çırmadıqları məsələ o qədər mənasız və o qədər məntiqsizdi ki, açığı bunların nə istədiklərini və niyə istədiklərini qəti qanammıram. Ümumiyyətlə zamanının, kimlərin bunu necə qəbul edib-etməməsindən asılı olmayaraq, görkəmli simalarından biri olmuş və bu cılız və çəlimsiz qoruyucuları imkan versə, tarixdə də bu cür qalacaq Heydər Əliyevin belə səviyyəsiz və anlamsız müdafiyəyə ehtiyacı varmı? Məni aparılan bu mənasız söhbətlərin və qeyri-ciddi polemikaların özündən daha çox məsələnin bu boyutu narahat edir. Bəlkə də mənə heç dəxli olmadığı aydın görünən və hamıdan da çox özümə bəlli olan bu məsələyə növbəti dəfə müdaxil olmağımın başlıca səbəbi də bununla bağlıdı. Axı bu Şirməmməd Hüseynov dünənin, srağagünün məmur kreslolarında yayxanıb, deputat, nazir qoltuğuna söykənərək, elmlər doktoru və ya professor adını almış, yaxud da akademik və ya AMEA-nın müxbir üzvü tituluna sahiblənmiş alimlərindən biri deyil ki, nə dediyinin, niyə dediyinin fərqində olmasın, kimlərə, nəyinsə xatirinə yaltaqlanmaq və ya yalmanmaq naminə ya kimisə tərifləsin, ya da yeri gəldi-gəlmədi, söyüb təhqir eləsin. Adam illərlə apardığı araşdırmaların və elmi təhqiqatların nəticəsində gəldiyi qənaətləri paylaşıb, o qədər. Və bu gün hər bir alimin, professorun, akademikin, yaxud da sıradan bir elmlər namizədinin söylədiyi bütün fikirlər, mütləq Zahid Orucun və ya Eldar Sabiroğlunun xoşuna gəlməlidi deyə bir kural-filan da yoxdu. Oysa, adamlar “soğan yeməmisən, için niyə göynəyir” yaxud da “bitin yoxdusa niyə qaşınırsan” misalı, niyə özlərini yuyulmamış qaşıq kimi ortalığa atıb, guya Şirməmməd Hüseynovu yerində oturtmaq iddiası ilə yarışa giriblər. Cənablar, gəlin əyri oturaq, düz danışaq, əgər Şirməmməd Hüseynovun dediyi sözlər və fikirlər tarixlə bağlıdısa, o zaman bu məmləkətdə adı gələndə auditoriyada tələbələrin nəfəsi kəsilən bir sürü tarixçi alim var və niyə bu tarixçilər qocaman professorun tarixi təhrif etməsinə qarşı öz sözlərini demirlər? Yox əgər Şirməmməd müəllimin danışdığı dil və işlətdiyi üslub yanlışdısa, yenə də bu sahənin mütəxəssisi olan yüzlərlə, bəlkə də minlərlə alim və professorlar niyə məsələyə müdaxilə edib öz sözlərini demirlər? Yəni, burda istər-istəməz bir atalar sözünü də polemikaya qoşulan həşəmətli zatların və bir də onları bu işə təhrik edənlərin diqqətinə çatdırmaqda yarar görürəm. Necə deyərlər, “uşağın anası dururkən, xalasının niyə ürəyi gedir”, görən?
Nə isə, bütün bunları elə-belə sözgəlişi dedim, amma Eldar Sabiroğlunun, Şirməmməd Hüseynova yazdığı açıq məktubdan bir məqama mütləq münasibət bildirməliyəm və bu yazını cəmiyyətə təqdim etməyimin məramı və məqsədi də məhz bu məqamla bağlıdı. Siz Eldar Sabiroğlunun bu cümlələrini diqqətlə oxuyun, sayğıdəyər oxucular:
“Siz əvvəllər də H.Əliyevin tənqidilə az məşğul olmamısız, lakin bunun qarşılığında hər hansı təqibə də məruz qalmamısız. Əksinə, onun siyasi varisi prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmisiz. Övladınız isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilib…”
Bu bilirsinizmi nədi, yaxud da nə deməkdi? Adam professoru açıqdan-açığa şantaj etməklə, ona KQB stilində xəbərdarlıq edir. Təbii ki, qocaman bir professorla, cəmiyyətdə özünə görə hörməti və çəkisi olan bir alimlə bu üslubda danışa bilmək, Eldar Sabiroğlunun öz başı üçün deyil və bu oyunun arxasında daha böyük başların olduğu şübhəsizdi. Bilirəm və bir şeyin dəqiq fərqindəyəm ki, baş verənlərə bu cür yanaşma sərgiləməklə, mən özüm də həddimi aşır, bu ölkəni başından ayağına, saçından-dırnağınadək zəlil etdiyini düşünən böyüklərimizin üzünə ağ oluram. Olsun, zatən mənim bütün yazılarım “desəm öldürəllər, deməsəm ölləm” dilemmasının yaratdığı psixoloji durumda yazılmayıbmı? Bu da olsun həmin yazılardan biri. Onsuz da, olacaqların çarəsi olmaz, deyən böyüklərimiz də olub və var. Amma mən nə bir qocaman professorun bu şəkildə şantaj olunmasına, nə də Heydər Əliyevin belə mənasız və cılız üslubda müdafiə olunmasına təhəmmül edəcək biri deyiləm. Və Eldar müəllimə də burnu keçməyən yerlərə başını və bədənini soxmamağı məsləhət görürəm. Ən azından, Zahid Oruca qarşı cəmiyyətdən gələn təpkiləri onun da gözardı etməməsi lazım, bu qədər.