Axan qan duracaqmı?

0
2

Axan qan duracaqmı?

Sentyabrın altısında Türkiyənin Cənub Şərqində, Dağlıca bölgəsində PKK-lı terroristlərin hərəkətdə olan ordu birləşmələrinə qurduğu minalı pusqu nəticəsində biri polkovnik olmaqla on altı türk əsgəri şəhid oldu, ən az o qədər əsgər də yaralandı. hadisənin baş verməsindən dərhal sonra sosial media diqqəti iki yönə çəkdi: Birincisi terrorçuların hücumundan sadəcə bir gün öncə HDP-nin həmsədri Sərdar Dəmirtaşın “bu torpaqlarda bir məğlub olan olacaqsa, bu PKK olmayacaq” açıqlaması.
İkincisi isə terror hücumunun yerli vaxtla saat altı radələrində baş verməsinə, on səkkiz radələrində isə sosial mediaya düşməsinə baxmayaraq baş nazir Əhməd Davudoğlunun Konyadakı Türkiyə-Hollandiya milli komandaları arasında keçirilən futbol matçında çox nəşəli görünməsi və gülüb əylənməsi vətənpərvər insanların kəskin tənqidinə səbəb olmuş, hətta sosial media şəbəkələrində lağ obyektinə çevrilmişdi.
Biz bu məsələnin müzakirəsinə elə birinci maddədən başlayaq. Sərdar Dəmirtaş “əmanət” səslərlə partiyasının məclisə girdiyini əlbəttə yaxşı bilir, əgər belə olmasaydı, seçimlərdən öncə barış mesajları verən, hətta partiyasının seçim mahnısında bağlama (simli musiqi aləti) ilə iştirak edən, seçicilərlə hər görüşündə “biz bu ölkəyə barışı gətirəcəyiz, yetər ki, bizə bu dəfəlik səslərinizi verin biz sizin əmanət səslərinizə layiq olacağız“-deyə, bəyanat verərək insanlardan səs topladıqlarını unutmamış olardı. Lakin təəssüf ki, o hələ seçkilərin üzərindən çox qısa bir müddət keçməsinə rəğmən verdiyi sözləri unutmuş görünməkdədir. Daha öncələri də HDP-li millət vəkillərinin döyüşlərdə öldürülən terrorçuların meyidlərini xəstəxana morqlarından nümayişkaranə şəkildə təhvil almaları, onların dəfn mərasimlərində fəal iştirak etmələri geniş ictimaiyyət arasında narahatçılığa səbəb olmuş, həm sosial media üzərindən, həm də digər vasitələrlə vətənpərvər və milliyətçi insanlar qəzəblərini bildirmiş, onları kəskin tənqid atəşinə tutmuşdular. Lakin bütün bunlardan dərs almayan HDP-li yetkililər və eləcə də bu partiyanın “ biz çatıq qaşlı dövlət istəmirik, dövlət hər vətəndaşına eyni bərabərdə, ata şəfqəti ilə yanaşmalıdır”-deyə, bir vaxtlar bəyanat verən həmsədri Sərdar Dəmirtaş nəticə çıxarmamış görünür. Güman edirəm ki, elə bir noyabr seçkilərində türk xalqı bu dönəkliyin, aldadıb səs toplamağın hesabını həm Dəmirtaşdan, həm də HDP-dən soruşacaqdır.
İndi gələk ikinci məsələyə, yəni Əhməd Davudoğlunun şəhid xəbərlərini bildiyi halda futbol maçı zamanı hər kəslə zarafatlaşmasına, qollardan sonra sevinərək əylənməsinə.
Deyə bilərsiniz ki, bəlkə də maçdan üç-dörd saat əvvəl olmuş hadisədən heç onun xəbəri yox imiş. Mən də deyərəm ki, çox gözəl, demək ki, bir baş nazirin bu qədər əhəmiyyətli hadisədən, hadisənin üzərindən üç-dörd saat keçməsinə rəğmən xəbəri yox imişsə bunun sadəcə iki səbəbi ola bilər;
Birincisi, baş nazirə tabe olan ölkənin xüsusi xidmət orqanları onu saymır və vaxtında lazımınca məlumatla təmin etməyi, hadisələrdən vaxtında xəbər tutmasını o qədər də vacib bilmirlər ki, əgər gerçəkdən belədirsə, onda bu baş nazirin sadəcə o postu doldurmaq üçün baş nazir kreslosuna əyləşdirilmiş kukladan başqa bir şey olmadığına işarədir və ayrıca da Əhməd Davudoğlunun şəxsiyyətinə həqarətdir.
İkinci ehtimal isə onun hər şeydən xəbəri olduğu halda şəhid xəbərlərini vecinə almayaraq əhvalının, kefinin pozulmamasına işarədir. Bu yerdə də tvitterdə rastlaşdığım bir tvit yadıma düşür, təxminən belə idi; “Əgər şəhidlik məqamı gerçəkdən də söylədiyiniz kimi kutsal və dəyərli olsaydı, kəsinliklə onu fakir halka bırakmazdınız…”
Maçdan dərhal sonra Ankaraya dönən Əhməd Davudoğlu təhlükəsizlik zirvəsi toplayaraq nə etmələrinin lazım olduğunu müzakirə edib. Bütün bunlar prosedur gərəyi olacaqdı, lakin baş nazirin dəqiqədə bir kameralar tərəfindən görüntülənən üzündə güllər açması istər-istəməz insanlarda hiddət oyatmağa kifayət etmişdir.
Bəlkə elə bu səbəblərdən, həm Ərdoğanın “barış sürəci”ndən istifadə edən PKK silah-sursat topladı, həm Əhməd Davudoğlunun sanki düşmən ordunun əsgərləri şəhid olubmuş kimi heç nəyi vecinə almayaraq əyləncəsini yarıda bölməyə lüzum görməməsi və üst-üstə gələn digər bənzəri səbəblərdən olacaq ki, AKP-nin ağır toplarından olan Bülənt Arınc iki gün öncə verdiyi bir bəyanatda “AKP-nin yeni seçimlərdən sonra da iqtidar olması mümkün deyildir”-deyə, söyləyib.
Onun siyasi məlumatlılığını və dərin təcrübəsini, eyni zamanda iqtidar partiyasında çox az adamda olan açıqsözlülüyünü nəzərə alarsaq, Bülənt bəyin bu bəyanatının boşuna söylənmədiyini və dərin siyasi analızlərə söykəndiyini düşünə bilərik.
Burada başqa bir sual meydana çıxır, hökumət qurmaq çalışmalarının bilincli şəkildə əngəllənərək ölkənin erkən seçimlərə sürüklənməsində məqsəd təkbaşına iqtidar və eyni zamanda yarımçıq qalmış prezidentlik üsul idarəsi ehtirası deyildimi? Əlbəttə, bu idi, lakin deyir “sən saydığını say, gör fələk nə sayır”. İllər uzunu “barış sürəci” adı altında Şərqi və Cənub Şərqi Anadoluda PKK-ya hər cür güzəştə gedən, hətta PKK-nın Suriya qolu olan PYD-nin lideri Fəhman Hüseynin hələ də AKP tərəfindən yalanlanmayan bəyanatına görə prezident seçkilərində seçkiləri ilk turda qazana bilmək üçün bu terror təşkilatından kömək istəyən AKP zehniyyətinin ölkənin etnik problemlərini çözməyə qadir olmadığını artıq türk seçməni anlamaqdadır. Digər tərəfdən türk lirəsinin xarici valyutalar qarşısında sürətlə dəyərini itirməsi və bunun ucbatından da əhalinin orta və aşağı gəlir qrupuna mənsub hissəsinin alıcılıq qabiliyyətinin başgicəlləndirici sürətlə aşağı düşməsi, ayrıca bizdən olanlar və olmayanlar deyə iqtidar tərəfindən ayrışdırılan iş adamlarının təzyiqlər altında qalaraq həm sərmayələrini ölkədən çıxarmağa çalışmaları, Türkiyədə qalmağı üstün tutanların isə fəaliyyyət sahələrinin hər gün bir az daha daralması ucbatından işsizliyin rekord həddə çatması və sair problemlər də insanların artıq AKP iqtidarından yorulmalarına, yəni hakimiyyət, iqtidarda necə deyərlər “təzə qan” görmək istəmələrinə səbəb olmaqdadır.
Məncə elə Bülənt Arınc da “AKP-nin iqtidar olması mümkün deyildir“ deyərkən məhz bu və indi burada sadalamadığım digər səbəbləri nəzərə almış, bu səbəblər toplusunu analiz edərək yuxarıdakı nəticəyə gəlmişdir.
Belə olan təqdirdə bu gün axan qanın səbəbi nədir? Həm Rəcəb Tayyib Ərdoğanın, həm də bəzi nazirlərin çeşidli vəsilələrlə təkrar etdikləri kimi, seçkilərdə AKP-yə dörd yüz millət vəkili verilsəydi bütün bunlar olmayacaqdımı? Çözüm sürəci adlı görüşmələrdən yararlanan PKK iki ildə dağa qaldırdığı on mindən artıq gəncin sayını artırmağa davam edəcək, həm yurd içində, həm də ölkə xaricində bazalarını daha gözəl inşa edəcək, gizlidən gizliyə Türkyə bölünəcək, bütün bunların əvəzində isə bir nəfərin eqoları tətmin edilmiş olacaqdı, eləmi? Yəni hər qarışı şəhid qanı ilə sulanmış Vətən torpaqları bu qədərmi dəyərsizdir?
İstənilən şəxsin eqoları, ambissiyaları bu qədərmi dəyərlidir?
Türkiyədə daxili sülhün təmin olunması, vətəndaş cəmiyyətinin təsis olunması üçün tək bir şeyə ehtiyac vardır; hüququn üstünlüyünün təmin olunmasına.
Əgər belə olarsa və hər kəs qanun qarşısında bərabər şəkildə cavab verərsə o zaman vətəndaş cəmiyyətinin toxumları da atılmış olacaqdır ki, belə olduğu təqdirdə kürd xalqının mənafələrindən çox yaradıcısı və hamiləri olanların istəkləri ilə hərəkət edən PKK terroru da daxildən dəstək tapa bilməyərək məhvə məhkum olacaqdır. Əlbəttə, bütün bunlar üçün vaxt lazımdır. Həm Vətən xainlərini fiziki cəhətdən məhv etmək, həm də qandan bəslənən eqoist insanları iqtidardan sonsuzadək uzaqlaşdırmaq, dövlət içindəki yuvalarını məhv etmək üçün. Ancaq o zaman türk torpaqları şəhid qanı ilə deyil, su ilə suvarılacaq, bu bərəkətli torpaqlar onlarca etnik ünsürün min illərdir bərabər yaşadığlı kimi yenidən cənnət bağçasına dönəcəkdir.

Murad

LEAVE A REPLY