Mehdi Milaxlı:“İsa Həbibbəyli əlimdəki kağızı cırıb, “get özünə iş tap”-dedi”

0
7

“Buna maddi imkan olmayıb”

Mehdi Milaxlı:“İsa Həbibbəyli əlimdəki kağızı cırıb, “get özünə iş tap”-dedi”

Boş vaxtlarımda dirsəklərimi dizlərimə söykəyib əllərimi də çənəmə dəstək verərək balaca vaxtı hansısa kitabda gördüyüm “mütəfəkkir” heykəli kimi oturub düşüncələrə dalmağı sevirəm. Əslində mənimlə xəyallar aləmi arasındakı bu sevgi zorakı bir sevgi olsa da, mən yenə də düşünməyi, xəyal qurmağı sevirəm…
Bəzən, əslində çox vaxt düşüncələrim məni doğulub, boya-başa çatdığım kəndə gətirir, burada şirin bir yuxutək keçən uşaqlıq və gənclik dönəmlərimi xatlırlayıram…
Belə vaxtlarda öz özümə təkrarlamdan dura bilmirəm;“gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı…” Bu atalar sözünü bəzən bir az dəyişdirərək yaşamağa qərib diyar, dincəlməyə vətən yaxşı deyərək də fikrimdən keçirirəm. İndi yenə də doğulub boya-başa çatdığım bölgəyə, Culfa rayonunun Milax kəndinə gəlmişəm. Burada məni çəkən nədir görəsən, deyə düşünür, sonra da öz-özümə cavablayıram:
Bir insanı doğulduğu bölgəyə nə çəkməz ki? Burada sanki həyat başqa cürdür, bakının avtomobil dolu şoseləri, hay-küylü küçələri gecənin səhərə qədər kimsənin yatmadığı sosial həyatı burada yoxdur, amma əvəzində burada sanki heyvanların mələrtisi, quşların ötməsi, hətta dağ çayından daşlara-qayalara çırpıla-çırpıla axıb gedən suyun səsi belə qulağa daha xoş gəlir. İnsanı bir sehrinə saldımı, bir də buraxmaq istəmir.
Məni doğma kəndimizə bağlayan sadəcə onun təbiəti deyil. Yuxarıda qeyd etdiyim kimi uşaqlıq və gənclik xatirələrimdir. Hər dəfə təshil aldığım, indi isə başqası, daha müasir məktəb tikildiyi üçün istifadə edilməyən köhnə məktəbin yanından keçdikcə ürəyim atdanır, orada- kərpic divarların arasında keçən on illik məktəbli həyatım gözlərimin önündən kino lenti kimi keçib gedir…
Sinif müəllimimizdən tutmuş sonuncu sinifdəki sinif rəhbərimizə, sinifdə qalıb bizi yarıyolda tərk edən sinif yoldaşlarımıza, dərslərdə, tənəffüslərdə uşaqlarla ətdiyimiz zarafatlara qədər hər şey məni geri çağırır. Sanki qulağıma “gəl, yənidən məktəbli ol”- deyir…
Məktəbdə müəllimlərimizdən ikisi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehdi Milaxlı və riyaziyat müəllimimiz Məhəmməd Hacıyev digərlərindən Allah vergisi istedadları ilə seçilirdilər. Onlardan Məhəmməd müəlimin qəzələrdən ibarət kitabı bu yaxınlarda işıq üzü görsə də, Mehdi müəllimin şerləri hələ çap olunmamışdır. Böyük istedad sahibi, bu insanla bir az dərdləşib köhnə günləri yad etdikdən sonra onunla söhbətin siz əziz oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq söhbətimizi müsahibə janrına çevirmək, sizləri də virtual masanın ətrafına toplayaraq bu söhbətimizə şərik etmək istədim.

-Müəllim, zəhmət olmasa əvvəlcə özünüz haqqında qısaca da olsa məlumat verərdiniz…
-Mən, Hacıyev Mehdi Sultan oğlu, 1955-ci il may ayının 2-də Milax kəndində kolxozçu ailəsində doğulmuşam. Hələ 9 aylığımda anam Gülü rəhmətə gedib və bundan sonra Leyli bibimin himayəsində yeddi yaşıma qədər böyümüşəm. Daha sonra, Əbrəqunus internat məktəbində təhsil almaq üçün ora göndərilmişəm və yeddi il də orada oxuduqdan sonra geriyə qayıdaraq məktəbin qalan siniflərini də Milax kənd orta məktəbində oxumuşam. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gedərək neft mədənlərində əmək fəaliyyəti ilə məşğul olmuşam. 1973-cü ildə Azərbaycan dövlət universitetinin filologiya şöbəsinə daxil olmuşam və elə həmin ildə Milax kənd orta məktəbində orta təhsilli kimi əmək fəaliyyətimə başlamışam. Bir il sonra hərbi xidmətə yollanmışam əsgərliyimi uzaq Şərqdə Ussuri və Xabarovsk vilayətlərində yerinə yetirdikdən sonra, 1976-cı ildə yenidən kəndimizə qayıtmışam. 1979-cu ildə evlənmişəm, hazırda dörd övladım var və elə bu həyatda ən gözəl hədiyyəni də onlardan almışam. Belə ki, üç övladım ali təhsil alıb, dördüncü isə hal hazırda ali məktəbdə təshil almaqdadır.
-Bəs şair kimi bədii yaradıcılığa nə vaxtdan başlamısınız?
-Hələ internatda, ikinci sinifdə oxuyarkən şeir yazmağa başlamışdım. Akademik İsa Həbibəyli o vaxt bizim sinif rəhbərimiz idi, bir dəfə bizim sinifə gəldi, məndən soruşdu ki, nə işlə məşğulsan? Mən də əlimdəki kağız parçasını göstərib dedim şeir yazıram, kağızı əlimdən alıb cırdı, get özünə iş tap, şeir yazan olub dedi və sinifdən çıxıb getdi…
-Yazmağı tərgitdiniz?
-Yox, deyirəm yani hələ o vaxtdan başlamışdım yazmağa. Daha sonra kəndə gələndə burada da yazırdım, amma uşaqlar, tay-tuşlarım lağa qoyurdu, mən də xəlvətdə yazır, kimsəyə göstərmirdim ki, lağ eləməsinlər.
-Nə əcəb, kitabınızı çap etdirməmisiniz, yadımdadı mən sizdə yüzlərcə şeirinizi görmüş, bir neçəsini də oxumuşdum. Doğrusu, onları çox bəyənmişdim.
-Bir neçəsini rayon qəzetində çap etdirdim, indi də “facebook”-da yazıram…Düzünü desəm heç vaxt şeirlərimi çap etdirmək barədə düşünməmişəm, bəlkə də buna maddi imkan olmayıb, ona görə.
-Bəli, maddi imkan barədə sizinlə razıyam, əvvəlcə ev tikmək, təmir etdirmək, bütün bu işlər başa çatanadək böyüyən övladlarınıza ali təhsil vermək, daha sonra da onları sevib-seçdikləri insanlarla evləndirmək hər qayğıkeş valideyn kimi sizin də özünüzü düşünməyinizə imkan verməyib.
-Əslində heç indi də qayğılar bitməyib, mənim çəkdiyim çətinlikləri övladlarımın çəkməməsi üçün çalışıram. Dərsdən gələndən sonra xanımımla birlikdə bağda-bostanda əkinimizlə məşğul olur, övladlarımızın bir yana çıxması üçün çalışırıq.
-Müəllim, bir az da şeirlərinizdən danışardıq, daha çox hansı vəzndə yazırsınız?
-Əruz vəznində, gəraylı, qoşma, satirik beşlik, qəzəl və sairə
-Şeirlərinizi dinləmək istərdim…
-Bir neçə şeir deyə bilərəm, hansı məzmunda istəsəniz…
-Ailə, Vətən və birini də siz seçin.

Söhbətimizin burasında Mehdi müəllim şeirlərini oxumağa başladı.
Qoru çiçək kimi,qoru gül kimi,
Qıyma qaş çatılsın bir vərgül kimi.
Oxşa saçlarını tər sünbül kimi,
O,sənə can qıyan bacıdı,qardaş.
Ürəyin qəlbiylə hey qoşa vurar,
Səninçün həyatda xəyallar qurar.
Hər zaman yanında, arxanda durar,
Bütün gözəllərin tacıdı,qardaş.
“Bacın qurban” deyib qarşına qaçar,
Üzünə xoş baxsan ürəyin açar,
Sənin sevincinə qol açıb uçar,
Kədərli günündə acıdı,qardaş.

Bu şeirinizin bu qədər həsrət dolu, ürək ağrısı ilə dolu olmasının səbəbi hər halda özünüzün də bacı həsrəti çəkmənizdə, bacısızlığın bir qardaş üçün nə qədər çətin olduğunu yaşayaraq bilməyinizlə bağlıdır.
-Hər halda…
Mehdi müəllim bunu deyib bir ah çəkdi, bir an düşüncələrə daldıqdan sonra:
-Bu şeirimi isə 1987-ci ildə yazmışam deyib, siyirmədən götürdüyü saralmış kağız parçasından oxumağa başladı:

Bələd oldum təpələrin sırasına,
Dağlara da yönün tutan cığır tapdım
Ayaq basdım qayaların arasına,
Dərin-dərin dərələrə yol uzatdım
Zəngəzurda.
Ovçuşarın bu yerlərə meyli olur,
Kollu-koslu dağ ətəyi mehli olur.
Biçənəklər yay səhəri şehli olur
Zəngəzurda.
Qonağı mən olan dağlar büsat qurdu,
Bulaqları yaranışdan sanki nurdu,
Meşə gördüm şux duruşlu, sadım ordu
Zəngəzurda.
Yoldaş vardı, söhbətinə pillə atdım,
Kəklik uçdu arxasınca güllə atdım.
Yolun azmış bir dığaya sillə atdım
Zəngəzurda
İstədim ki, ucalara ayaq basım,
Qocaları sözə tutum,qulaq asım,
Görəm nəcə kədərlidir Darabasım
Zəngəzurda.

-Müəllim, zəhmət olmasa bir şeir də Vətənlə bağlı oxuyardınız.

-Darıxma, Vətənlə bağlı şeiri sona saxlamışam…

Nədən köç eləmir dağlara aran?
Səbirli olmağın yetməzmi,Vətən?
İtirilmiş balan-sevimli paran
Səbr etsən bir yolluq itməzmi,Vətən?
Atəşkəs dövründə iş görünərdi,
Vədlərə inanma nicat hünərdi,
Qalxıb yox etməsək bəlanı,dərdi
Düşmən bizə tənə etməzmi,Vətən?
Qəhrəman ərənlər nər yurdunda var,
Sənin şücaətli gənc ordun da var
Sınaqlardan çıxmış boz qurdun da var
Səsləsən döyüşə getməzmi,Vətən?

Səy etsək dil tapar neçə dil bilməz,
Sənin orduların heç vaxt yenilməz.
Olar köməyimiz Gözəgörünməz,
Qovğalar başından ötməzmi, Vətən?

Mehdi müəllimin şeirlərini dinlədikcə onun keşməkeşli həyatının, qəlbində sönmək bilməyən Vətən həsrətinin misralara töküldüyünü, bir içim su kimi axıb insanın qanına işlədiyini görmək mümkündür. Doğrudur, onun şeirləri indiyədək geniş oxucu kütləsi ilə təmasda olmasa da, bu onun şeiriyyətinin möhtəşəmliyindən bir şey götürməməkdədir.
Geniş oxucu kütləsi tərəfindən tanınacağı vaxt Mehdi Milaxlının ədəbi irsinin əsil dəyərinin hələ onun oxucuları tərəfindən veriləcəyinə inanır, o günün mümkün qədər tez olacağına inanıram.

Söhbətləşdi: Zaur

LEAVE A REPLY