Qalib olmaq şansı kimlərdədir?

0
5

Seçkilərdən öncə məğlubiyyəti haqq edən müxalifət…
Qalib olmaq şansı kimlərdədir?

Ölkə müxalifətinin durumu bəllidir. Son 20 ildə müxalifətin belə acınacaqlı halı görünməmişdi. İqtidar isə hələ də güclü görünür və iki ay sonrakı parlament seçkilərində müxalifətə heç bir şans verməyəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Bəlkə də ən düzgün addımı “Milli Şura” adlanan qurum atır ki, durumunu, potensialını müəyyən etdikdən sonra seçkiyə qatılmamağı qərarlaşdırıb.
Tutaq ki, “Milli Şura” 5-6 tanınmışla seçkiyə qatılıb, nəticədə bir və ən yaxşı halda 2 deputat mandatı əldə edəcəkdi. Bu həmin mandat sahiblərindən savayı kimsənin vəziyyətini dəyişə biləcəkdi? Bəli, bunu “Milli Şura”nın sədri Cəmil Həsənli daha yaxşı bilir, çünki 2005-ci ildə əldə etdiyi mandat yalnız öz işinə yaramışdı. Cənab C.Həsənli gün-güzəranını yaxşılaşdırmış və bu azmış kimi sonradan hansısa yollarla 2 min manat təqaüd almağı da başarmışdı. Daha öncə isə onun “silahdaşı”, AXCP sədri Əli Kərimli deputatlıq missiyasını çox ustalıqla özünə həsr etməklə yerinə yetirmişdi. Təbii ki, bu gün AXCP-dəki təlatümlərin bir qismi həmin “missiya” ilə bağlıdır.
“Milli Şura”nın AXCP ilə birgə seçkiyə qatıla bilməməsinin səbəbini də adları çəkilən sabiq millət vəkillərinin zamanında missiyalarını yerinə yetirə bilməməkləriylə əlaqələndirmək mümkündür. Böyük ehtimalla “Milli Şura” imzatoplama kampaniyasının öhdəsindən gələ bilməyəcəyindən də ehtiyatlanıb. Kim toplayacaq imzanı? “Komandan”lar var, sıravilər isə çoxdan dağılışıb, gediblər. Zavallılar 15-20 ildən sonra nəhayət ki, anlaya bildilər ki, bütün əziyyətləri Ə.Kərimlinin övladlarına Londonda təhsil vermək üçün imiş. Zatən, C.Həsənli 2005-ci ildə AXCP-yə və bu gün “çiyin-çiyinə” addımladığı Ə.Kərimliyə bir “quş” qoyub Milli Məclisə yürüyəndə bunu bilməmiş deyildi. O, daha dəqiq bilirdi ki, Əbülfəz Elçibəydən sonra AXCP-də “hər şey cəbhə üçün yox, hər şey Əli üçün” devizi əsas sayılıb. C.Həsənli AXCP-nin başabəla, mənəm-mənəmlik xəstəliyinə mübtəla olmuş, özündən savayı hər kəsdən şübhələnən sədrindən kimsənin və o cümlədən xalqın yaxşı heç nə əldə edə bilməyəcəyini dünən də, bugün də hər kəsdən yaxşı görür, bilir. Əfsuslar olsun ki, bilə-bilə, görə-görə onu təbliğ edir, dəstək verir və digərlərini bu perspektivsiz işə cəlb etməyə çalışır. Səbəbi isə, xaricdən gələn maliyyə vəsaiti və ümidverici vədlərdir. Hələlik imkan var, qazanaq deyirlər. Daş atıb, tək tökmürlər ki…Xəcalət tərini isə mütləq tökəcəklər. Əgər xəcalət hissləri qalıbsa. Etdiklərinin –yüz minlərlə insanın qurub-yaratdığı AXC-nin varisi sayılan, bir zamanlar on minlərlə əqidəli, vicdanlı, sədaqətli üzvü olan AXCP-ni darmadağın etməklərindən xəcalət çəkməyənlərin, çətin ki, xəcalət hissi qala.

Müsavat zəif görünür?!
Müsavat başqanı Arif Hacılının mandat qazanacağına şübhə etmirəm. Qazanacaq və ya mükafatlandırılacaq, fərq etməz, əsas odur ki, bir neçə ay ərzində Müsavatı param-parça etməyi bacaran A.Hacılı Milli Məclisə yolunu aça bilib. Hətta bu yolun asan başa gəlməsi barədə də düşünüb. Müsavat başqanı daha əziyyət çəkib, daima mübarizə apardığı Zaqatalaya deyil, Müsavatın qərargahından cəmi 10 kilometr məsafəyə-Xətai rayonu 33 saylı seçki dairəsinə üz tutub. Rəqiblərindən biri, həmin dairədən bir neçə dəfə mandat qazanmış, hazırkı deputat Hüseynbala Mirələmovun olduğunu nəzərə alsaq, Müsavat başqanının işi “yağ” kimi gedə bilər. Çünki H.Mirələmov Əhmədli sakinləri arasında hörmət qazana bilməyib. Ancaq A.Hacılını sürprizlər də gözləyə bilər. Həmin ərazidə yaşayan və sakinlərlə daima ünsiyyətdə olan “Millətim”in baş məsləhətçisi, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyevin seçkiyə qoşulacağı halda Müsavat başqanı çətin ki, rəqabətə tab gətirsin. Əlbəttə, bu bir ehtimaldır. Çünki, R.Tağıyev seçkiyə qatılıb, qatılmayacağına hələlik qərar verməyib.

33 saylı Xətai seçki dairəsindən Əbülfəz Elçibəyin oğlu Ərtuğrul Əliyevin də namizədliyini irəli sürəcəyi təqdirdə rəqabət bir az da gərginləşə bilər. Bütün hallarda A.Hacılının şansı daha yüksək qiymətləndirilir. Belə ki, Müsavatın dağıdılmasındakı xüsusi xidmətlərinə görə onun mükafatlandırılması inandırıcı görünür.
Müsavatın şanslı namizədləri sırasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürüləcək Nəsiman Yaqublunu göstərmək olar. 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd, sabiq başqan İsa Qəmbərin və 123 saylı Kəlbəcər seçki dairəsində gücünü sınamaq istəyən sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun uğur qazana bilmələrinə inam xeyli azdır. “Saxtakarlıq edənlər qarşılarında məni görəcəklər”, deyə özünəməxsus pafoslu bəyanatı verən İ.Həmidov çətin ki, namizədlik üçün lazım olan sayda imza tolada bilsin. İ.Qəmbər və İ.Həmdovun siyasətdə tükəndikləri artıq hər kəsə bəlli olduğundan, yersiz bəyanatlar onları bir daha çətin duruma salır.
Müsavatın üzləşdiyi digər problem isə bəzi dairələrdən iki müsavatçının seçkiyə qoşulmaq istəyi ilə bağlı olacaq. 67 saylı Cəlilabad şəhər seçki dairəsindən, 9 saylı Ağstafa seçki dairəsindən iki namizəd var ki, bu da partiyada növbəti çaxnaşmanın əsasını qoya bilər. Xüsusilə, 108 saylı Ağstafa seçki dairəsində barışığa imza atılmayacağını indidən söyləmək olar. Belə ki, namizədlərdən biri Müsavat başqanının sabiq müavini Tural Abbaslının anası, Müsavat divanının üzvü Başxanım Abbaslıdır. Digər namizəd isə Ağstafa rayonunda nüfuz sahibi olan Ayvazalı Orucovdur. A.Orucovun geri çəkilməyəcəyi gözləniləndir. Müsavatdan sızan məlumata görə, onun inadına tuş gələn B.Abbaslı etiraz edib, partiydan istefa verə bilər.

“Azadlıq-2015” seçki bloku-uğuru kim qazanacaq?
Bir neçə partiyanın toplaşdığı “Azadlıq-2015” seçki blokundan bir neçə namizədin uğur qazanacağı ehtimal edilir. Həmin sırada KXCP sədri Mirmahmud Mirəlioğlunun, AXP sədri Pənah Hüseyn və Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəylinin də adları hallanır. İxtisasca hüquqşünas olan Q.Əlibəylinin yaxın keçmişdəki deputatlıq fəaliyyəti uğurlu alındığından onun bir daha Milli Məclisdə “kreslo” əldə etmə şansı yüksəkdir. O da məlumdur ki, “Azadlıq-2015” seçki bloku kövrək münasibətlər üzərində qurulduğundan, seçkidə uğur qazananlarla, mandat qazana bilməyən partiya sədrləri arasında seçki sonrası münaqişələr qaçılmaz olacaq.

Razi seçkilərdən razı qalacaqmı?

Bir müddət öncə AXCP-dən qovularaq, sonradan AXCP adı uğurunda davaya başlamış “yeni AXCP-çi” Razi Nurullayevin də seçkiyə qatılacağı gözləniləndir. Söylənilənlərə görə onun azsaylı tərəfdarı “Razinin deputatlıq yeri bron edilib” təbliğatını aparır. Görünən odur ki, R.Nurullayevi nüfuz sahibi etmək marağında olan iqtidardaxili qüvvə onu mandatla təmin etməyə çalışacaq. Və bununla Razi qazandığı mandatın əvəzində əzəli düşmənlərini zərərsizləşdirmək üçün parlament tribunasından da istifadə edə biləcək.Təəssüf ki, parlamentdə daha 4-cü mikrafon olmayacaq.

Nicat Sadiq

LEAVE A REPLY